Bir müddət əvvəl ölkədə işsizliyə görə müavinətin artırılacağı barədə yayılan xəbərlər marağa səbəb olub. Müavinətin məbləğinin 77 manat olacağı bildirilir. Verilən məlumata görə, Nazirlər Kabinetinin edəcəyi dəyişikliklə işsizliyə görə müavinətin məbləği artırılacaq.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, bütün işləyən insanlar öz əmək müqavilələrini qeydiyyatdan keçirməli və sosial sığorta haqları ödəməlidirlər: “Bu hallar varsa, həmin insanlar, demək olar ki, öz iş yerlərini itirməkdən sığortalanıblar. Dövlətin ”Məcburi sosial sığorta haqqında" Qanunu var. Bu qanuna görə, işsiz olma sosial sığorta hallarından biri sayılır. Düzdür, bu gün Azərbaycanda işsiz olmaq üçün ayrıca sosial sığorta tarifi yoxdur. Buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcə vəsaitləri içərisində bu məqsəd üçün vəsait nəzərdə tutulub. Nazirliyin yanında Dövlət Məşğulluq Xidmətinin bütün rayonlarda mərkəzləri var. Əgər bütün işsiz olanların əmək müqavilələri qeydiyyatdan keçib və məcburi sosial sığorta haqları ödənilibsə, onlar son 12 ayda əldə etdikləri orta aylıq əmək haqqının 70 faizi qədər 6 ay ərzində işsizlik müavinəti almaq hüququna malikdir".
Nazir qeyd edib ki, 2015-ci ildə işsizlik müavinətinin orta aylıq məbləği təqribən 252 manat təşkil edib: “Bu məbləğ niyə aşağı görünür? Çünki xeyli insan var ki, onların əvvəlki 12 ay ərzində əmək haqqı olmayıb. Bu zaman onlara minimum məbləğdə işsizlik müavinət verilib. Bu gün bu, 55 manatla ölçülür. Cənab prezidentin işsizliklə bağlı müavinətin artırılması ilə bağlı tapşırığı var. Bu günlərdə Nazirlər Kabineti dəyişiklik edəcək. Məndə olan məlumata görə, bu məbləğ 30-40 faiz artırıla bilər (71-77 manat ola bilər)”.
Ekspert Natiq Cəfərli isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, bu informasiya heç də bütün işsizlərin kütləvi şəkildə müavinət alacağı anlamına gəlməməlidir: “İşsizlik statusu almağın çox ciddi meyarları var. Ciddi araşdırmadan sonra işsiz kimi qeydiyyata düşmək mümkündür, bunun öz meyarları mövcuddur. Bu meyarlardan istifadə edərək vətəndaşa işsizlik statusu veriləcək. Burada bir maraqlı məqam da ondan ibarətdir ki, ölkənin statistikası həmişə siyasiləşmiş statistika olub. Bütün insanları işsiz kimi qeydiyyata almaq hökumətə sərf etmir. Azərbaycanda rəsmi rəqəmlərə görə, işsizlərin sayı 5 faizdir. Ancaq real rəqəmlər hesablansa, bunun ikirəqəmli hədlərə qədər yüksəldiyi bəlli olar. Burada bir siyasi məsələ olacaq - hökumət bacardıqca qeydiyyata düşmüş az işsiz sayının olmasına çalışacaq. Dövlət və hökumət qurumları işsizlərin sayının az olmasına çalışacaq. Həm işsizliklə bağlı real durumu kritik göstərməmək üçün, həm də müavinət az verilsin deyə, statistik rəqəmlərin çox da korlanmaması üçün bütün işsizlər qeydiyyata alınmayacaq. Yəni bu kimi xəbərlərin yayılması heç də o demək deyil ki, bütün işsizlər həmin qeydiyyatdan keçib 77 manat müavinət alacaqlar”.
Cia.az
