Manatla bağlı vəziyyətin sabitləşəcəyi rəsmi səviyyədə elan olunmaqdadır. Müstəqil ekspertlər isə fərqli düşünürlər. Dövlət başçısı İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-yə müsahibəsində bildirib ki, mart ayından etibarən Mərkəzi Bank və digər aidiyyəti qurumlar ölkədə manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul edəcək: “Çox yaxın müddətdə ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq”.
Ekspert Əkrəm Həsənov isə musavat.com-a açıqlamasında bildirib ki, dövriyyədə manat artırılmasa, iqtisadiyyat iflic ola bilər: “Hazirda dövriyyədə manat azdır, buna görə də devalvasiya təhlükəsi yoxdur. Lakin bu, daim belə davam edə bilməz. Dövriyyədə manat artmasa, iqtisadiyyat iflic ola bilər. Buna görə də gözləyirəm ki, yaxında banklara Mərkəzi Bank manat kreditləri verəcək ki, iqtisadiyyatda canlanma olsun. Amma bu da öz növbəsində devalvasiyaya apara bilər.
Yəni manatın dollara dəyişdirilməsi davam edə bilər. Bunun üçün də savadlı və düşünülmüş siyasət lazımdır ki, dövriyyəyə buraxılan manat təyinatı üzrə istifadə edilsin. Əks halda, yenə də kəskin devalvasiya ola bilər. Hər halda, Mərkəzi Bankın indiki rəhbərliyindən savadlı addımlar gözləmirəm. Manatın mövcud həcmini nəzərə alsaq, məzənnəni ümumən real hesab edirəm. Amma manat həcmi artsa və peşəkarsız səviyyədə olsa, dollar iki manatı ötə bilər”.
Qeyd edək ki, bir müddət əvvəl Beynəlxalq Valyuta Fondu açıqlamasında manatla bağlı bildirib ki, ehtiyatda olan vəsaitin azaldığı və kənar şokların bərkidiyi şəraitdə Azərbaycanın Mərkəzi Bankı manatı devalvasiyaya uğratdı və idarə olunan üzən məzənnə rejiminə buraxdı: “Devalvasiya rəqabət qabiliyyətini artırmağa kömək etdi. Bundan sonra Mərkəzi Bank məzənnə çevikliyinin genişlənməsinə şərait yaratdı, ölkədən kapital axınlarının qarşısını almaq üçün tədbirlər gördü və bəzi problemli bankların birləşməsi və ləğvinə başladı. Eyni zamanda, hökumət fiskal siyasəti azalan neft gəlirləri şəraitinə uyğunlaşdırmağa başladı. Gəliryaratma istiqamətində yeni fiskal tədbirlərinin tətbiqi ilə yanaşı, keçmişdə neft qiymətinin kəskin artması nəticəsində həcmi sürətlə genişlənmiş dövlət investisiya qoyuluşu daralmağa başladı. Əlavə olaraq, aztəminatlı əhali təbəqələrini müdafiə etmək üçün yaşa görə pensiya və ünvanlı sosial yardımın məbləği artırıldı. Nəhayət, işgüzar mühiti yaxşılaşdırmaq üçün bir sıra prioritet struktur islahatları elan edildi”.
Bəzi ekspertlər bildirirlər ki, insanlarda dollara olan kəskin tələbat da manatın ucuzlaşmasına səbəb olan amillərdəndir. Bildirilir ki, Mərkəzi Bankın rəsmi məzənnəni cüzi də olsa, aşağı salması müəyyən dərəcədə vəziyyətin stabil olduğunu sərgiləyən addımdır. Bu, psixoloji nöqteyi-nəzərindən doğru qərardır. Çünki əhalidəki ajiotajı sakitləşdirmək lazımdır. Bildirilir ki, hazırda yenə də problemlər var. Çünki çox hallarda banklar dollar alsalar da, satmaqdan imtina edirlər. Bu isə onu göstərir ki, manat öz normal axarına qədəm qoymayıb.
Cia.az
