Maliyyə Nazirliyi manat və dollar nominallı qısamüddətli və ortamüddətli istiqrazların tədavül müddətini müəyyənləşdirib. İstiqrazların tədavül müddəti müvafiq olaraq 1 ilədək və 5 ilədək nəzərdə tutulacaq. Bakı Fond Birjasının məlumatına görə, tədavül müddəti 1 ilədək olan qısamüddətli istiqrazlar 300 milyon dollar və 150 milyon manat məbləğində buraxılacaq.
Tədavül müddəti bir ildən beş ilədək olan ortamüddətli istiqrazlar isə 200 milyon dollar və 250 milyon manat məbləğində nəzərdə tutulacaq. Dollar və manat istiqrazlarının prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən müvafiq olaraq yanvarın 26-sı və 27-də qeydiyyata alınıb. Hər bir istiqrazın nominal qiyməti müvafiq olaraq 100 manat və 100 dollar təşkil edir.
Ekspertlər isə bildirirlər ki, dövlət istiqrazı bank əmanətindən təhlükəsizdir. Ekspert Əkrəm Həsənovun sözlərinə görə, manat və banklarla bağlı baş verənlərin fonunda istiqrazların buraxılması gözlənilən idi:“Prinsipcə, Maliyyə Nazirliyinin təşəbbüsüdür və təşəbbüs özü-özlüyündə düzgündür. Çünki əhalidə hələ yastıq altında xeyli vəsait qalıb. Aydın məsələdir ki, vəsait iqtisadiyyatda dövr etmədikdə ziyanlı, zərərlidir. Son nəticədə dövlətin bu dəqiqə vəsaitə ehtiyacı var. O vəsait əgər ölkə daxilində varsa, istənilən vəsaitin cəlb edilməsi, o vəsait üzrə kiməsə gəlir verilməsi özü-özlüyündə yaxşı haldır. Həm dövlət qazanacaq, həm də vətəndaş. Sadəcə, həmişə sual olunur ki, vəsaitdən dövlət düzgün istifadə edə biləcəkmi? O vəsaitdən vətəndaşlar doğrudan da gəlir əldə edəcəkmi? Əgər bu şərtə riayət olunsa, əlbəttə, düzgündür. Amma yenə də sual həmişə qalır ki, həmin vəsait kimlərin əlinə keçəcək və yenə də səmərəsiz istifadə edilsə, gəlir əldə edilməsə, vətəndaşlar nə edəcək? Amma hər bir halda, əgər vətəndaş mütləq pulunu harada yerləşdirmək istəyirsə, həm saxlanc məqsədilə, həm də gəlir əldə etmək üçün, yenə də dövlət istiqrazı bank əmanətindən təhlükəsizdir. Çünki ən azı dövlət həmin istiqraza qoyulan vəsaitə görə məsuliyyət daşıyır. Ən azı dövlətlə əvəzləşdirmək olar. O məsələ var ki, baxır o istiqraz hansı valyutada buraxılır. Təbii ki, dollarla olan istiqraz daha təhlükəsizdir”.
Qeyd edək ki, hökumət istiqrazlarla bağlı addımı valyuta bazarındakı ajiotajı aradan qaldırmaq və manata olan hörməti bərpa etmək kimi qiymətləndirir. Əksər ekspertlər isə bildirirlər ki, istiqrazların bazara, dövriyyəyə buraxılması hökumətin əhalidəki pulları əldə etməsi üçün fikirləşdiyi son çarədir.
Ekspert Samir Əliyevin sözlərinə görə, Manata etibarı yaratmaq istəyiriksə, valyuta bazarında sabitlik olmalıdır: “Hazırda manatın taleyi dünya bazarındakı neftdən asılıdır. Bundan başqa, digər təsir göstərən amil kapital axınıdır. Ölkədən güclü kapital axını var. Bu da manatı daim təzyiq altında qoyur. Biz bir ildə iki devalvasiyanın şahidi olduq. Əhalidə də təbii olaraq manata qarşı inamsızlıq var. Mərkəzi Bankın on milyarddan artıq valyuta ehtiyatı son dövrlərdə azalıb. Həmin o vəsaitin bir hissəsi kapital şəklində xarici ölkələrə çıxarılıb. Bu, qeyri-rəsmi formada olub. Kapitalın bir hissəsi isə Azərbaycandadır. Əhali yastıq altında onu gizlədir. Əhali deyəndə, mən 400-500 manatı dollara çevirən insanları nəzərdə tutmuram. Onların aldığı dolların payı heç yüksək deyil. Söhbət əhalinin gəlirli, imkanlı təbəqəsindən gedir ki, onların bazardan aldığı dolların dəyəri bir neçə yüz mindən başlayır, bir neçə milyona qədər çatır. Əsas bu insanlar böyük pul kütləsini yığıb. Ölkədə isə valyuta sabitliyi yaratmaq lazımdır. Manata etibarı yaratmaq istəyiriksə, valyuta bazarında sabitlik olmalıdır. Bunun üçün əvvəla, gərək dollar qıtlığı hiss olunmasın. Bu gün bankların az dollar aldığı bildirilsə də, banklar dollar satmırlar. Dollar qıtlığı var və dollar qıtlığı olduğuna görə də insanlarda manata etibar azalır. O baxımdan, etibar o zaman olacaq ki, dollar kifayət qədər olacaq və əhali istədiyi vaxt ala biləcək. İkincisi, manatın məzənnəsi sabit qalacaq, bu halda manata etibar artacaq. Manata etibarı artırmağın yollarından biri də ölkəyə valyuta gətirilməsidir. Ölkəyə valyuta gətirməyin yolları barədə ekspertlər fikirlər bildirirlər. Neft Fondunun vəsaitlərinin müəyyən hissəsinin gətirilməsi, həmçinin xarici borclanmaya getmək də bu yollardan biridir. Üçüncü, daxili borclanmadır. Ən yaxşı üsul daxili borclanmadır.
Bu da manatla buraxan istiqrazlarla həyata keçirilə bilər. Bilmirəm həmin istiqrazlara tələbat hansı səviyyədə olacaq. Düşünmürəm ki, güclü tələbat olacaq. Ola bilsin, bir müddət sonra sabitlik yaranar, insanlar manata üz tutarlar. Bu halda həmin istiqrazları alarlar. Amma bu gün tələbat məhz dollar istiqrazına olacaq. Ona görə ki, banklara münasibətdə əhalidə narahatçılıq var. Müəyyən qədər inamın azalması kimi də dəyərləndirmək olar. Biz bunu müşahidə edirik ki, əmanət qoyub, sonra gedib götürə bilmir banklardan. Ona görə pulu artıq yastıq altında saxlayırlar. Ona görə əgər istiqraz buraxılarsa, arxasında dövlət dayanır və dövlət zəmanət verir. Və bu, insanların həmin istiqrazlara inamını artıracaq. İstiqrazların üstünlüyü ondan ibarət ola bilər ki, yastıq altındakı pullar yenidən qayıdar ölkə iqtisadiyyatına. Elə daxildəki dollarları iqtisadiyyata cəlb etmək olar. Bu baxımdan, istiqrazın buraxılması addımını müsbət dəyərləndirirəm. Ancaq bu, bank sektorunda əmanətlərin istiqraza yönəlməsinə gətirib çıxara bilər. Belə bir təhlükə var. Amma istənilən halda, əhalinin yastıq altındakı pulunu çıxarmağın yolu indiki zamanda, düşünürəm ki, istiqraz buraxmaqdır”.
Ekspert Azər Mehtiyev isə bildirib ki, istiqrazların dövriyyəyə buraxılması müsbət olsa da, yetərli deyil:“Bununla da əhalinin əlində olan pulların dövriyyəyə qaytarılmasına çalışacaqlar. Bu, doğru addımdır. Çünki həqiqətən də son zamanlar yaranmış qeyri-müəyyən mühitdə insanlar əllərində olan cüzi vəsaiti də dollara çevirməklə gözləmə mövqeyi tutublar. Bu vəziyyət iqtisadiyyat üçün ağrılı bir proses ola bilər. Getdikcə əhali ilə hökumət arasında münasibətlərin korlanmasına, etimadsızlığa gətirib çıxarar. Ölkədə iqtisadi aktivliyin artırılması baxımından ən müxtəlif addımlar atılmalıdır. Məsələn, əmanətlərin məbləğinin tam sığortalanması, dollar və ya manatla ola biləcək istiqrazların satılması vəsaitlərin dövriyyəyə cəlb olunmasını nəzərdə tutur. Banklarda kredit faizlərinin aşağı salınması, xüsusilə işgüzar insanlara aşağı faizlərlə güzəştli kreditlərin verilməsi və sair mexanizmlər tətbiq edilməlidir ki, ölkədə iqtisadi canlanma baş verə bilsin. Ancaq bu addımlar yetərli deyil”.
Cia.az
