|
Rəsmi Bakı Minsk qrupunu qapıdan qaytara bilər
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 4-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi rəsmi məlumatında bildirir. Lakin cəbhənin digər istiqamətlərində son iki gündə də gərginlik hökm sürüb.
Görünən budur ki, düşmən ölkə dövlət sərhədi boyunca xüsusilə aqressivləşib və bütün qüvvəsi ilə Azərbaycanı təxribata çəkməyə, ölkəmizin guya Ermənistanı hədəfə alması barədə rəy aşılamağa çalışır. Özü də bu gərginlik həmsədrlərin növbəti səfəri öncəsi müşahidə olunur ki, bu da suallar doğurur. ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakıya hansı üzlə gələcəyi isə günün ən vacib suallarındandır. AŞPA-da Ermənistanın işğalçı dövlət olmasını rəsmiləşdirən qətnamənin qəbuluna imkan verməyən həmsədrlərdən imtina çağırışları artıb. Hətta bu arada ölkə xaricində də həmsədrlərin fəaliyyətsizliyi ilə bağlı fikirlər səslənir.
 
“Avropa İttifaqı Minsk Qrupu həmsədrlərinə mərkəzi rol verərək özünü münaqişənin həlli prosesindən kənarda qoyub. ”Dağlıq Qarabağ  münaqişəsi Rusiyanın periferiyasında olan lokal çətinlik kimi yox, Avropa İttifaqının yaxın qonşuluğunda olan təhlükəli qeyri-stabillik və böhran mənbəyi kimi nəzərdən keçirilməlidir". Bu fikirlər “Avropa Siyasi Mərkəzi” adlı müstəqil beyin mərkəzinin “Dağlıq Qarabağ  və Avropanın sərhədlərində olan böhranlar qövsü” başlıqlı araşdırmasında əksini tapır. Araşdırmada qeyd edilir ki, 20 ildən çox müddətdə Azərbaycan və Ermənistan hərbi və diplomatik çıxılmazlığın içindədir və 2011-ci ildən başlayaraq Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi  Minsk Qrupunun fəaliyyəti dalana dirənib.
 
Məhz bu cür fikirlərin fonunda rəsmi Bakının həmsədrləri bu dəfə necə qarşılayacağı maraq doğurur. Qeyd edək ki, Ermənistan XİN başçısı E.Nalbəndiyan həmsədrlərin tezliklə bölgəyə gələcəyini deyib. Ancaq elə bu səfər ərəfəsində cəbhədə Azərbaycan ordusu itkilər verdi. Ancaq Bakının mövqeyindən belə aydın olur ki, həmsədrlər “qapı”dan geri qaytarıla, ya da bu dəfə yalnız Ermənistana səfər edə bilər.

XİN-in mətbuat katibi Hikmət Hacıyev “Yeni Müsavar”ın sorğusuna cavabında nazir Elmar Məmmədyarovun son açıqlamasına diqqət çəkdi: “Cənab nazir dedi ki, həmsədrlərin səfəri ilə bağlı hər hansı təklif irəli sürülməyib”. Diplomat qeyd etdi ki, həmsədrlər Bakıya gəlməzdən öncə  AŞPA-dakı məlum qətnamələrlə əlaqədar mövqelərinə aydınlıq gətirməlidirlər. Bu, onların beynəlxalq təşkilatların fəaliyyətinə və Azərbaycanın suveren hüquqlarına müdaxilə idi. Belə bir mövqe qəbuledilməz yanaşmadır, beynəlxalq təşkilatın mandatına uyğun deyil. Onlar BMT baş  katibi, Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasına hesabat verməlidir. Lakin 20 ildən artıq dövrdə fəaliyyətsizlikləri ilə diqqət çəkiblər. Həmsədrlər bu gün həm beynəlxalq ictimaiyyət, həm də Azərbaycan xalqı qarşısında hesabat məruzəsi ilə çıxış etməlidir. Bununla əlaqədar biz onların bəyanatını və açıqlama xarakterli mövqeyini gözləyirik. Yalnız aydınlıq gətiriləndən sonra görüş barədə düşünmək olar".
 
XİN sözçüsü Nalbəndiyanın həmsədrlərin səfəri ilə bağlı açıqlamasını şərh edə bilməyəcəyini dedi: “Adətən əvvəlcədən hər iki tərəfə təklif olunur ki, səfəri həyata keçirmək niyyətindəyik. Ancaq hələ ki Azərbaycan tərəfdə bu haqda məlumat yoxdur”. H.Hacıyev qeyd etdi ki, hər üç həmsədr ölkənin  XİN-inə yazılan etiraz məktubuna hələ ki, cavab yoxdur: “Adətən məktublarımıza cavab verilib”.

Cəbhə xəttində gərginliyin növbəti dəfə artmasının səbəblərinə gəldikdə, H.Hacıyev bunları bildirdi:“Ümumiyyətlə, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədində gərginlik 20 ildən artıqdır davam edir. Gərginliyin azalmasının yeganə yolu Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasıdır. Baş verən toqquşmada hər bir insan itkisi və regiondakı gərginliyə görə məsuliyyət yalnız Ermənistanın üzərinə düşür”.
 
Konfliktoloq Elxan Mehdiyev hesab edir ki, sərhədboyu itkilərin həmsədrlərin səfəri ilə əlaqəsi yoxdur:“Bu, həmişə baş verən hallar, qisas alma addımlarıdır. Orada baş verdeyənlər bir çox hallarda açıqlanmır”. Ekspertin fikrincə, həmsədrlərin budəfəki səfərində ölkə başçısı və XİN “AŞPA-da əldə etdiyiniz uğura görə sizi təbrik edirik” deməlidir.  Sonra da onlardan gəlməkdə məqsədlərini soruşmalıdırlar. Onlar indiki məqamda təmas xəttində xüsusi qurğular quraşdırmaqla atəşkəs rejimini möhkəmləndirmək diplomatiyası aparırlar və artıq Almaniya XİN-i də buna inandırıb onu da dövrəyə salıblar. Azərbaycan buna getməməlidir".
 
Politoloq Elxan Şahinoğlu qeyd etdi ki, Azərbaycan prezidenti İlham Əliyevi həmsədrləri kəskin tənqidində haqlıdır və bu ilk dəfədir baş verir: “Azərbaycan prezidentinin narazılığına səbəb olan əsas faktor Minsk qrupu həmsədrlərinin AŞPA ilə bağlı yaydıqlarrı bəyanat oldu. Həmsədrlərin bəyanatında deyilirdi ki, AŞPA Dağlıq Qarabağla bağlı qətnamə qəbul etməsin. Həmsədrlərin bəyanatı qətnamənin qəbuluna təsir etdi və sənədin qəbulu üçün lazım olan 4 səs çatmadı. Azərbaycan prezidenti əvvəllər də həmsədrlərin fəaliyyətini tənqid edərdi, ancaq bu dəfə İlham Əliyev konkret ittiham bildirdi: "Həmsədrlər münaqişənin həllində maraqlı deyillər", “Həmsədrlər Ermənistana dəstək verirlər”, “Həmsədrlər Azərbaycan müsəlman dövlət olduğuna münaqişənin ədalətli həll etməyə maraq göstətrmilər”. Əslində bu cür kəskin ittihamlardan sonra rəsmi Bakının həmsədrlərlər birgə fəaliyyətinə ehtiyac qalmır".

Ekspertə görə, məhz elə İ.Əliyevin son çıxışından sonra ekspert dairlərində və cəmiyyətdə iki sual ətrafında müzakirələr aparılır: “Birinci sual belədir ki, Azərbaycan Mnsk qrupu həmsədrlərindən imtina edəcəkmi? İkinci sual isə birinci sualının ardı kimidir: Azərbaycan həmsədrlikdə hansı dövlətləri görmək istəyir? ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyindən imtina etmək çətin iş deyil. Çətinlik bu qərardan sonra yaranacaq. Çünki rəsmi Bakı həmsədrlərdən imtina halında danışıqlara son verən tərəf olacaq. Rəsmi Bakının qərarının əksinə olaraq isə İrəvan Minsk Qrupu həmsədrlərinin fəaliyyətindən razı qaldığını bəyan edəcək və beynəlxalq aləmdə özünü "sülhpərvər" kimi göstərməyə çalışacaq və istədiyi nəticəni əldə edəcək. Onsuz da həmsədrlər illərdir işğalla bağlı status-kvonu qoruyurlar. Bu isə Ermənistanın xeyrinədir. Rəsmi Bakının həmsədrlərdən imtinası sülh danışıqlarının nəticə vermədiyi və Azərbaycanın torpaqları müharibə vasitəsilə geri qaytarmağa hazır olduğu mənasını verəcək. Avrasiya bölgəsində indiki gərgin geosiyasi durumda, Azərbaycanın böyük enerji və tranzit layihələrini reallaşdırmağa çalışdığı dövrdə müharibəyə başlaması problematikdir".

E.Şahinoğluna görə, müharibə bütün bu layihələrin reallaşmasını təhlükə altına alacaq: “Ona görə də rəsmi Bakı indiki şərtlər daxilində müharibə qərar verməyə tələsməyəcək. Belə olan halda rəsmi Bakı özünün imitasiya adlandırdığı danışıqları davam etdirmək məcburiyyətindədir. Buna baxmayaraq, ”Azərbaycan həmsədrlikdə hansı dövlətləri görmək istəyir" sualı da geniş müzakirə olunur. Bakı həmsədrlikdə Fransanı Almaniya ilə əvəz etmək, əlavə olaraq Türkiyəni də qrupa salmaq istəyərdi. Minsk Qrupunun üzvü olan Almaniya ATƏT-in hazırki sədridir və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Problem ondadır ki, hazırki həmsədrlər - ABŞ, Fransa və Rusiya həmsədrlikdə özlərindən başqa digər dövləti - Almaniya və Türkiyəni görmək istəmir. Ermənistanın da mövqeyi eynidir. Buna görə də yalnız rəsmi Bakının istəyi ilə Minsk qrupunun formatını dəyişmək çətindir. Bu arada, Minsk qrupu ilə yanaşı, digər iki formatın yaradılması barədə xəbərlər yayılır. Birinci formatda Dağlıq Qarabağ münaqişəsinin həllinə bir neçə regional dövlət də cəlb olunmasından danışlır. Rusiya ilə yanaşı, İran, Qazaxıstan və Belarusun adları çəkilir. İkinci formatda isə Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiya və İran cütlüyündən söhbət açılır. Hər iki format Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcək. Doğrudur, birinci formatda Qazaxıstan və Belarus var ki, bu iki dövlət münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünün qorunmasını vacib sayırlar. Ancaq onlar eyni zamanda Rusiyanın hərbi-siyasi müttəfiqləridir və Moskvanın istəkləri əleyhinə çıxmayacaq. Moskva isə müttəfiqi Ermənistanın maraqlarını diqqətə alır. İkinci format isə ümumiyyətlə, Azərbaycanın əleyhinədir. Rusiya və İran Ermənistanın bölgədəki iki ən yaxın müttəfiqidir. Moskva və Tehran Azərbaycanın Qərblə və Türkiyə ilə əməkdaşlığına tənqidi yanaşır və Azərbaycanın ərazi bütövlüyünün bərpasında maraqlı deyillər. Ona görə də rəsmi Bakı nə birinci, nə də ikinci formata yaşıl işıq yandıracaq. Rəsmi Bakı üçün indiki şəraitdə yeganə alternativ Ermənistanı və Dağlıq Qarabağ separatçılarını təzyiq altında saxlamaqdır və bu az da olsa öz müsbət nəticəsini verir. Ermənistan azalan insani və maliyyə potensialını işğal altındakı torpaqların qorunmasına xərcləyir və bu potensial getdikcə tükənir".
 
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, belə təxribatlar daima gözləniləndir: “Əgər statistikaya baxsaq, görərik ki, Azərbaycan prezidenti Qərbin dövlət başçıları ilə yüksək səviyyəli və mühüm görüşlər keçirəndə mütləq ermənilər və onların havadarları bütün cəbhə boyu təxribatlara əl atır. Bir neçə müddət idi ki, cəbhədə müvəqqəti sakitlik hökm sürürdü, xırda insidentlər olsa da, böyük təxribatlar yox idi. Məhz bu görüş ərəfəsində və regional münaqişələrin həlli barədə müzakirələr aparılan vaxt təxribatlar baş verir”. A.Nağıyev şübhə etmir ki, erməni təxribatlarının arxasında Rusiya dayanır: “Son görüşlərdə məhz Suriya məsələsi müzakirə obyekti olduğu üçün və Türkiyə də bu məsələdə tərəf olduğundan ən inandırıcı variant məhz Rusiyadır”.
 
Hərbi ekspert Üzeyir Cəfərov son günlər cəbhə xətti boyunca gərginliyin “qaynıyıb-daşmasını” təsadüfi saymır: “Elə bir gün olmur ki, ciddi hadisələr baş verməsin, hər iki tərəfdən itkilərin olması artıq adi hala çevrilməkdədir. Təbii ki, erməni tərəfinə haqq olur. Çünki onlar işğalçı statusundadırlar və başqa torpaqlarda layiq olduqları cəzanı alırlar. Amma, öz əsgərlərimizin itkilərinə çox acıyıram. Üstəlik, bu itkilər Qarabağdan çox-çox uzaqda, Ermənistan Azərbaycan dövlət sərhədinin yaxınlığında baş verməsinə diqqət yetirmək lazımdır. Düşmən çoxdan idi ki, diqqəti məhz bu istiqamətə yönəltməyə çalışırdı, necə ki, az da olsa artıq bu məkrli istəyinə nail olub. Əvvəl deyirdilər ki, guya Azərbaycan Silahlı Qüvvələri onlara az qala imkan vermir ki, yaşasınlar. Hətta bir ara yaxın ərazilərdən guya kəndlərinin boşaldılması xəbərlərini də dezinformasiya şəklində yaymışdılar. Bir qədər əvvəl isə Odundağ yüksəkliyi ilə bağlı ortalığa bir xəbər buraxdılar və çox təəssüflər olsun ki, bizim həm rəsmi, həm də qeyri-rəsmi tərəf bu təxribata hardasa uydu. Elə biz ”Yeni Musavat"ın səhifələrində bu xəbəri şərh edərkən bunun uzaqgedən məqsəd daşıdığını qeyd etmişdik. Düşmənə sadəcə, fürsət lazım idi. O buna qismən də olsa nail oldu. İndi də adı bədnam olan Minsk qrupunun “xoşbəxt turist” statuslu diplomatları yaxın günlərdə regiona gəlməyə hazırlaşırlar. Bu haqda xəbər verilən kimi, sanki İrəvanda düymə basılmış vəziyyətə gətirilir. Təxribat, atəşkəsin davamlı pozulması və sairə".
 
Ü.Cəfərov hesab edir ki, bu fakt Ermənistanın tam kənardan idarə edilən bir dövlət olduğunu təsdiqləyir:“Onların ipi başqalarının əlindədir. Ona görə də xüsusən də qərb istiqamətində Silahlı Qüvvələrimiz ayıq-sayıqlıqlarını birə-beş artırmalıdırlar. Sadəcə, həmsədrlərə bəhanə və növbəti dəfə boş-boşuna danışmaq və hansısa ”qiymətli ideya və təklif"lər vermək üçün cəbhədə vəziyyəti mütləq gərginləşdirmək lazım idi və bu da baş verib".
Cia.az