Ölkə başçısının fərmanına əsasən yeni bir qurum, Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. İşçi qrupunun rəhbəri Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı təyin edilib. Məlumata görə, yeni qurum qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin fəaliyyətinin çevikliyini və şəffaflığı təmin etməlidir. O, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini təmin edəcək.
“Yeni Müsavat” Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması və ona verilən səlahiyyətlərlə bağlı millət vəkilləri ilə fikir mübadiləsi aparıb. Milli Məclis üzvlərinin sözlərindən bəlli olub ki, belə bir qurumun yaradılması və birbaşa ölkə başçısının nəzarətində olması Azərbaycanın maliyyə bazarı üçün müsbət perspektiv vəd edir.
Milli Məclisin deputatı Zahid Oruc həm yeni yaradılan qurumu, həm də quruma rəhbər təyin edilən şəxsi təqdir edib: “Prezident tərəfindən maliyyə nəzarəti funksiyalarının, sığorta işinin təşkili, qiymətli kağızlar sisteminin formalaşması qərarı çox mühüm bir addım idi. Rüfət Aslanlı kifayət qədər peşəkar, beynəlxalq maliyyə sistemlərini bilən, idarəçilikdə səhmləşmənin önəmini çox yaxşı qəbul edən, bundan ötrü müxtəlif idarəetmə strukturları ilə hər zaman danışıqlar aparan, parlamentdə açıq debatlarda iştirak edən bir insandır. Gerçəkdən də Rüfət Aslanlının vasitəsi ilə bu sferada dövlət rəhbərliyinə dair, ən optimal, vətəndaşın və dövlətin xeyrinə olan ən yaxşı ideyaların və planların təklif ediləcəyinə inanırıq”.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov da qurumun maliyyə sisteminə nəzarətinin müsbət nəticələrə səbəb olacağını bildirdi:
«Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması bizi narahat edən məsələlərdən biri idi. Xatırlayırsınızsa, mən Milli Məclisdə mütəmadi olaraq maliyyə nəzarəti haqqında qanunu qaldırırdım ki, bu qanun qəbul edilsin.
Bu qanunun qəbul edilməsində məqsəd Azərbaycanın maliyyə bazarına nəzarətin təmin edilməsi, nəzarət mexanizminin qurulması idi. İndi bu palata yaradıldı, bu palataya mühüm səlahiyyətlər verilib. Palatanın hətta ölkəyə daxil olan valyuta axınına, Azərbaycandan xaricə gedən valyuta axınına, daxildə bank sisteminə nəzarət səlahiyyəti olacaq".
Deputat hesab edir ki, həm Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, həm Sığorta Nəzarəti İdarəsinin, həm də Mərkəzi Bankdakı maliyyə monitorinqi qrupunun buraya daxil edilməsi çox müsbət haldır: “Çünki adıçəkilən sahələrdə çox mühüm problemlər var. Bu qurumun yaradılması və sırf dövlət başçısına tabe edilməsi çox böyük əhəmiyyət kəsb edir. Biz maliyyə nəzarəti haqqında qanunu qəbul edəndə də mən təkid edirdim ki, bu orqan birbaşa prezidentə tabe edilsin. Çünki çirkli pulların yuyulması ilə əlaqədar bir orqan idi. Sonradan qərar verdilər ki, Mərkəzi Banka tabe edilsin. Mən isə bildirdim ki, bu düzgün deyil. Çünki Mərkəzi Bank özü maliyyə siyasətini həyata keçirən orqandır, nəzarət mexanizmini onlardan ayırmaq lazımdır. Yaxşı oldu ki, belə bir orqan yaradıldı. Artıq Azərbaycanın maliyyə bazarına nəzarət daha dəqiqliklə həyata keçiriləcək”.
Cia.az
