|
Arzu Nağıyev: “Prezidentin Londona səfəri yeni bir mərhələnin başlanğıcı da ola bilər”
Fevralın 4-də Azərbaycan prezidenti İlham Əliyevin Suriya üzrə donor konfransında iştirak etmək məqsədilə Böyük Britaniyaya səfəri planlaşdırılır. Azərbaycan prezidenti Londona Böyük Britaniyanın baş naziri Devid Kemeronun şəxsi dəvəti ilə gedir.
 
Böyük Britaniyanın paytaxtında İngiltərə, Almaniya, Norveç, Küveyt və BMT-nin təşkili ilə Suriya üzrə donor konfransı keçiriləcək. Konfransda regionda humanitar və təhsil layihələrinin həyata keçirilməsi, eləcə də iş yerlərinin yaradılması ilə bağlı müzakirələr aparılacaq. Eyni zamanda Suriyadan olan qaçqınlara yardım məqsədilə vəsaitlərin toplanması məsələsi də müzakirə olunacaq. Qeyd edək ki, Azərbaycanın dövlət başçısı mart ayında ABŞ-da keçiriləcək nüvə sammitinə də dəvət olunub. Bunun ardınca prezidentin Londona dəvət olunması Azərbaycan-Qərb münasibətlərindəki “buzlaşma” dövrünün arxada qaldığını deməyə əsas verir. Hesab olunur ki, ölkəmizin önəminə yüksək qiymət verən aparıcı dünya dövlətlərinin dəvətləri yeni mərhələnin başlaması baxımından mühümdür.  
 
Milli Məclisin deputatı Zahid Oruc  “Yeni Müsavat”a açıqlamasında səfərin önəmindən bəhs etdi: “London-Bakı münasibətlərinin əvvəlki xarakterini nəzərə alanda Devid Kemeronun dəvəti münasibətləri yeni mərhələyə daşımaq üçün bir fürsətdir. Dağlıq Qarabağın separatçı rəhbəri Bako Saakyanın Britaniyaya viza alması və onun yüksək siyasi dairələrlə təmasları fonunda Azərbaycanın rəsmi siyasətində xeyli soyuqlaşma baş vermişdi. Başqa cür də ola bilməzdi. Xalqımız üçün torpaq probleminin nə qədər həssas olduğunu nəzərə alsaq, dumanlı Albionun təcavüzkarı sanksiyalara deyil, böyük ödüllərə layiq görmələri açıq-aşkar narahatlıq doğururdu. Axı Rusiyanın hər yerdən təcrid edildiyi təqdirdə Britaniya tərəfindən Cənubi Qafqazın geoplitik düzəninə baxış ermənilərin üstün bir mənafeyinin nəzərə alınması ilə qurulmaqda davam edir. Halbuki Bakı bütün ingilis şirkətləri üçün geniş privileqiyalar yaradıb və neft-qaz müharibələrinin son 20 illik dövründə keçmiş sovet məkanından Azərbaycan qədər Qərbə ardıcıl müttəfiqlik edən dövlətlər çox olmayıb. Hər halda, BP və digər korporasiyalara sadəcə Britaniya büdcəsinə vergi ödəyən transmilli qurumlar kimi yanaşmaq doğru olmazdı. Belə nəhəng qurumlar bəzən siyasətin və iqtisadiyyatın özündən və müxtəlif administartiv ofislərdən qat-qat böyük gücə malik olurlar”. Ona görə Z.Oruc deyir ki, ölkə prezidentinin Britaniyaya səfəri orada Suriya məsələsinin müzakirəsi halında da bizim üçün çox əhəmiyyətlidir: “İki ölkə arasında yarımçıq qalan planlar var. Xüsusilə də təhlükəsizlik istiqamətində bir çox səfərlər təxirə salınmışdı. Bir çox proqramlar dayandırılmışdı. Halbuki ən yüksək səviyyədə çalışan lobbi mərkəzlərimizdən biri məhz Britaniyadadır və onlar indi də bütün cəhdləri ilə ingilis diplomatiyasını və parlamentariləri, lordlar palatasının üzvlərini Azərbaycanın əvəzedilməzliyinə inandırmağa çalışırlar. Ümid edək ki, bütün işlər yenidən aktiv bir əməkdaşlıq müstəvisinə qayıtmağa imkan verəcək. Britaniya ilə yaxşı münasibətlər Amerika ilə də pozulmuş əlaqələri bərpa etməyin açarıdır. Qoy transmilli qurumlar da buna öz müsbət təsirlərini göstərsinlər”.
 
Politoloq Arzu Nağıyev düşünmür ki, Azərbaycanın Qərblə böyük problemi var idi: “Davos görüşündə bir daha bu hiss olundu və doğrudan da prezident İlham Əliyevin bir lider kimi qəbul edilməsi təqdirəlayiq haldır. Bu məsələ prezidentin Ərəb Əmirliklərinə səfəri vaxtı da özünü göstərdi və Rusiya xarici işlər nazirinin də həmin ərəfədə səfəri müəyyən mətləblərdən xəbər verir. Düşünürəm ki, London səfəri də məhz Azərbaycanın regional konfliktlərdə, o cümlədən Suriya məsələsində də mühüm rol oynaya biləcəyindən xəbər verir. Eyni zamanda bu dəvətdə Rusiya - Türkiyə gərginliyinin də həlli istiqamətində müzakirələrin aparılacağı inandırıcıdır”. A.Nağıyev Türkiyə prezidenti cənab Ərdoğanın da bu ərəfədə Azərbaycana səfərinin planlaşdırıldığına diqqət çəkdi: “Düşünürəm ki, bütün bunlar bir-biri ilə bağlı məsələlərdir. Təbii ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin Londona səfəri iki dövlət arasında yeni bir mərhələnin başlanğıcı da ola bilər. Məlumdur ki, BP şirkətinin də Azərbaycanla mühüm layihələri var və hazırda həyata keçirilir. Bir sözlə, bunu mühüm bir səfər kimi dəyərləndirmək lazımdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan prezidentinin Böyük Britaniyaya dəvət edilən digər dövlət başçıları ilə Suriyaya maliyyə dəstəyi mövzusunun müzakirəsinə qatılmasını xüsusi vurğuladı: “Vaxtilə Azərbaycan xoş niyyət göstərərək Əfqanıstana da maliyyə dəstəyi vermişdi. Elə günü bu gün bu dəstək davam edir, ayrıca əfqan məmurlar Bakıda kurslara dəvət olunurlar. Ona görə də baxmayaraq ki, Azərbaycanın özünün böyük investisiyalara və maliyyə resurslarına ehtiyacı var, gələcəkdə Suriyanın yenidən qurulmasında biz simvolik olsa da, hansısa rol ala bilərik”. Ekspert şübhə etmədi ki, İ.Əliyev fürsətdən istifadə edib Londona səfəri çərçivəsində Böyük Britaniyanın baş naziri Devid Kemeronla da fikir mübadiləsi aparacaq: “Məsələ burasındadır ki, BP şirkətinin gəlirlərindən Böyük Britaniyanın da büdcəsi yararlanır. Başqa sözlə, BP şirkətinin Azərbaycanda qazandığı gəlirlər dolayısıyla Böyük Britaniya büdcəsinə daxil olur və bu az məbləğ deyil. Bunun qarşılığı olaraq da Böyük Britaniya bu kimi şirkətlər vasitəsilə Azərbaycanın ən böyük investorudur. Ancaq rəsmi Bakı Böyük Britaniya kimi ölkələrin Azərbaycanın qeyri-neft sektoruna yatırım qoymasını, özəlləşdirmədə iştirakını istəyir. Bu istiqamətdə də danışıqlar aparıla bilər. Hərçənd bu istəkdən əvvəl Azərbaycan hökuməti islahatlar paketini hazırlamalı və müvafiq addımlar atmalıdır ki, Böyük Britaniya kimi ölkələrdə fəaliyyət göstərən iri şirkətlər özləri üçün maraqlı sahələri müəyyənləşdirə bilsinlər”.
 
Yeri gəlmişkən, iqtisadçı alim Qubad İbadoğlu “Yeni Müsavat”a açıqlamasında prezidentin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərinin alt qatları ilə bağlı maraqlı fikirlər söylədi: “Birincisi, BƏƏ və bütövlükdə ərəb dövlətləri ABŞ-da güclü diasporaya malikdir. Mümkündür ki, ABŞ Konqresində müzakirələr zamanı onların dəstəyini almaq müzakirə mövzularından biri olsun. İkincisi, investisiya əməkdaşlığı, Azərbaycanın strateji layihələrinə onların cəlbi, nəhayət, 3-cüsü neftin qiymətinin ucuzlaşmasının qarşısını almaq üçün birgə mövqenin müəyyənləşməsi ola bilər”.
Cia.az