İl başlanandan bankların bir-birinin ardınca bağlanması bank sektoru ilə bağlı tələsik qərarların verildiyini ehtimal etməyə əsas verir. Ekspertlərin fikrincə, Mərkəzi Bankın tələsik addımlar atması səbəbsiz deyil. Üstəlik, daha bir neçə bankın birləşəcəyi vurğulanır.
Hətta bağlanan banklaırn sayının 20-dən artıq olacağını proqnozlaşdıranlar da var. Ekspertlərin fikrincə, Mərkəzi Bankın illərdir dediyi birləşmə təklifini saya salmayan banklar artıq birləşməyə məcburdurlar.
Hazırda üç kommersiya bankının konsolidasiyası ilə bağlı ilkin razılıq əldə edilib. Mərkəzi Bank fevralın 1-də lisenziyası bərpa edilən “NBC Bank” ASC artıq bu ilin aprel ayında “Parabank” və “Dekabank”la birləşməyi planlaşdırır. Bildirilir ki, hər üç tərəf bununla bağlı razılığını bildirib. Report.az bildirir ki, mənbə bankların hansı ad altında birləşəcəyinin hələlik bəlli olmadığını və bu mövzu ətrafında danışıqlar getdiyini açıqlayıb. “Parabank”dan adıçəkilən məsələ ilə bağlı məlumatsız olduqlarını, “Dekabank”dan isə bu məlumatın səhv olduğunu bildiriblər. “NBC Bank”dan isə bildirilib ki, onlar bir neçə bankla konsolidasiyaya dair niyyət protokolu imzalayıblar, lakin bunun hansı banklarla baş verəcəyi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Mərkəzi Bank fevralın 1-də “NBC Bank”la bağlı qərarı qüvvədən düşmüş hesab edib. Halbuki yanvarın 25-də bankın lisenziyasını geri almışdı.
Ekspert Rəşad Həsənov məsələ bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində bu istiqamətdə, bu işlərdə kortəbiilik və tələskənlik var: “Uzun müddət ərzində bankların birləşməsi məsələsi müzakirə edilirdi, bu sahədə ciddi iş aparılırdı. Yaranmış son böhranda tələsik qərarlar qəbul edildi. Bu qərarlar bank sektoruna olan inamı sarsıtmaqdadır. İnamın qısa müddətdə itirilməsi ehtimalının güclü olduğunu nəzərə alsaq, Mərkəzi Banka güzəştlər tətbiq etmək qalıb. Bir səbəb də bundan ibarətdir ki, uzunmüddətli dövrdə birləşmə cəhdləri qəbul edilmirdi. Mərkəzi Bank radikal qrarlar qəbul etdikdən sonra banklardan razılıq gəlib, birləşmə təklifi müzakirə edilir. Yaranmış situasiya Mərkəzi Bankın da mənafeyinə uyğun gəlir ki, indidən lisenziyalar tətbiq etməklə bank sektoruna inamı bərpa edirlər. Proses davam edəcək. Bankların birləşməsi ehtimalı çoxdur”
Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, Mərkəzi Bankın “NBC Bank”la bağlı öz qərarını ləğv etməsi maraqlı məqamdır: “Səbəbini açıqlamırlar. Doğrudur, o bankdan da ağır vəziyyətdə olan banklar var. Mərkəzi Bankı yəqin ki, bu səbəbdən həmin bankı sıxışdırıb. Əslində ölkədəki banklardan cəmi 12-si maliyyə hesabatlarını dərc edir. Artıq 6 bank bağlanıb.
Növbəti bankların bağlanıb-bağlanmayacağını demək bir az çətindir. Çünki artıq ölkədə vahid maliyyə nəzarəti qurumu yaradılır. Mərkəzi Bankın, Maliyyə Nazirliyinin səlahiyyətləri əlindən alınır. Bu dəqiqə nəyisə proqnoz vermək çətinləşir. Amma düşünürəm ki, əmanətlərin tam sığortalanması barədə qanun qüvvəyə minənədək bir neçə bank bağlanacaq”.
Yeri gəlmişkən, birləşən bankların hansı ad altında fəaliyyət göstərəcəkləri də sual doğurur. İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, banklar arasında anlaşma zamanı iri səhmdarların necə formalaşdırılması məsələsi razılaşdırılır. AzVision.az-a açıqlama verən ekspert qeyd edib ki, səhmdarların sayı birləşmə prosesində aktivlərin həcminə görə müəyyən olunur. “Adətən kapitalı böyük olan bankın səhmdarı çox olur. Buna uyğun olaraq yeni səhmdarlar formalaşır, hər üç bank razılığa gələrək idarə heyətinin sədrini müəyyən edirlər. Hansı bankın adının seçilməsi yenə də tərəflərin razılığı əsasında müəyyənləşir. Bu barədə bir qədər sərbəstçilik var. Birləşən banklar ya hansısa bankın adını götürüb elə davam edə, ya da yeni adla qeydiyyatdan keçib fəaliyyətlərini davam etdirə bilərlər. Burada bank sektorunda payı yüksək olan, inamı yüksək olan bankın adının seçilib davam etməsi praktikasına üstünlük verilir. Adətən banklar birinin adının saxlanmasında maraqlı olurlar. Çünki həmin ad bank sektoruna tanış olur”,-deyə ekspert vurğulayıb.
V.Bayramovun fikrincə, prosedura əsasən depozitlərin hamısı yeni banka transfer edilir: “Yeni bankda depozit saxlamaq imkanına malik olurlar, eyni zamanda kredit müqavilələri olur. Çünki banklarda fərqli kredit faizləri var. Müştəri hansı kredit faizində, müddətdə, məbləğdə, valyutada kredit götürübsə, müqavilə başa çatanadək müqavilə şərtləri dəyişilmir. Müqavilə şərti müştərinin də razılığı olarkən dəyişilə bilər. Burada kredit və əmanət müqavilələri olduğu kimi saxlanır. Yeni müqavilələr də elan olunmuş bankın adına rəsmiləşdirilir. Şərtlərin qalması ilə bütün müqavilələrin yeni elan edilən bankın adına rəsmiləşdirilməsi həyata keçirilir”.
Cia.az
