Mərkəzi Bankın valyuta ehtiyatları yenə azalır. Bu ilin yanvarında Mərkəzi Bankın valyuta ehtiyatı 618,2 milyon dollar azalaraq 4,4 milyard dollara düşüb. Ekspertlər bildirirlər ki, Mərkəzi Bank milli valyutanın üzən məzənnəyə keçidi barədə qərar versə də, görünən odur ki, manatın daha da ucuzlaşmaması üçün yenə də vəsait xərclənir.
Ekspert Samir Əliyev məsələ ilə bağlı bildirib ki, Mərkəzi Bankın ehtiyatı 2008-ci ilin mayından sonra ən aşağı səviyyəyə düşüb: “Bankın ehtiyatını müəyyən qədər Neft Fondu qoruyub. Fond ötən ay təxminən 600 milyon dollara yaxın satış həyata keçirib. Ümumilikdə 1,2 milyard dollardan çox satış olub. Son günlər banklar tərəfindən az dollar alınmasının səbəbini Mərkəzi Bankın rəsmi statistikası təsdiq edib. Belə ki, yanvar ayında pul bazası birdən-birə 16 faiz və ya 1,1 milyard manat azalıb. Pul bazasının səviyyəsi 2010-cu il həddinə düşüb”.
Ekspertin sözlərinə görə, Mərkəzi Bank pul bazasını məhdudlaşdırmaqla bankların dollara olan tələbatını süni şəkildə azaldır və beləcə manata süni nəfəs verir: “Pul bazasının azaldılması həmçinin inflyasiyanın cilovlanması üçün bir vasitədir. Ancaq bu, ölkədə iqtisadi aktivliyi zəiflədir, sahibkarlığın inkişafı üçün maliyyə resurslarını məhdudlaşdırır”.
Ekspert Əkrəm Həsənov isə musavat.com-a açıqlamasında qeyd edib ki, bu qədər pul manatın daha da ucuzlaşmaması üçün, yəni milli valyutanı sabit saxlamaq üçün xərclənib: “Çünki hazırda Mərkəzi Bankın valyuta ehtiyatları başqa məqsədlər üçün xərclənmir. Dövlətin ehtiyacı olsa, Dövlət Neft Fondunun vəsaitindən istifadə edir. Mərkəzi bank məhz bu ehtiyatların daha da azalmaması üçün hazırda banklara manat kreditlərini vermir. Bu dəqiqə bankların böyük ehtiyacı var manat kreditlərinə. O cümlədən dollar borcu olanların borcunu manata çevirmək üçün buna ehtiyac var. Amma Mərkəzi Bank vermir. Çünki götürülən kreditlərə dollar alınacaq və onun valyuta ehtiyatları tamamilə bitəcək. Yaxın aylarda da vəsaitin daha kəskin azalmasını gözləmirəm. Çünki manat yoxdur artıq”.
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, valyutadəyişmə məntəqələrinin ləğvi effektiv olmadı: “Hökumət və Mərkəzi Bank valyutadəyişmə məntəqələrini bağladı, xaricə valyuta çıxışını məhdudlaşdırdılar, manat kütləsini 1 ayda 16 faiz azaltdılar. Amma Mərkəzi Bankın ehtiyatları yanvarda yenə 618 milyon dollar azalaraq 4,3 milyard dollara düşdü. Hökumət və Mərkəzi Bankın atdığı addımlar məntiqsiz və ziyanlıdır, nəticədə ”qara bazar" cücərdi, iqtisadi aktivlik aşağı düşdü, iş yerləri daha sürətlə qapanmağa başladı. Həmçinin bank sistemi böhrana daxil oldu, güvənsizlik daha da artdı".
Qeyd edək ki, ikinci devalvasiyadan bəri Azərbaycanda dollar çatışmazlığı təsəvvürü var. Bankomatlara dollar yerləşdirməyən banklar onu limitlə satmağa başlayıblar. Mərkəzi Bank dollar ehtiyacını ödəməkdən ötrü hərraclar keçirir. Ancaq gözlənilənlərin əksinə, bu hərraclara həm az sayda bank qatılır, həm də hərraca çıxarılan valyutaya sifariş az olur. Məsələn, MB-nin fevralın 1-də təşkil etdiyi hərraca yalnız 5 bank qatılıb. Dollara tələbat azalıb, yoxsa bankların dollar almağa manatı yetərli deyil?
Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı azadliq.org-a bildirib ki, bankların az dollar alışı valyutadəyişmə məntəqələrinin bağlanması ilə əlaqəlidir: “Mərkəzi Bank topdansatışla məşğuldur, banklar isə pərakəndə. Bankların valyutadəyişmə məntəqələrinin lisenziyası geri alınıbsa, bu halda dollar onlara yalnız öhdəliklərini ödəməyə lazımdir. Bankların dollara tələbatının azalmasını elə açıqlamaq olar”.
Əkrəm Həsənov isə qeyd edib ki, səbəb manat çatışmazlığıdır: “Dövriyyədə manat tükənmək üzrədir. İqtisadiyyatda durğunluqdur. Hamı dollar istəyir, amma onu almağa manat yoxdur. Mərkəzi Bank bilərəkdən satışa lazım olduğundan çox dollar çıxarır ki, baxın-görün, dollara ehtiyac yoxdur, yaxud alan tapılmır. Daha demir ki, sadəcə, almağa manat yoxdur. Çünki manatın tezliklə dollara dəyişiləcəyindən qorxur”.
Cia.az
