|
İlham Əliyev sahibkarların müdafiəsi üçün fərmanlar imzaladı
Prezident İlham Əliyev sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə Prezident yanında Apelyasiya Şurası yaradılması haqda fərman imzalayıb. 
 
Fərmana görə, Nazirlər Kabineti normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. 
Apelyasiya Şurasının tərkibi aşağıdakı qaydada təsdiq edilib: 
 
Şuranın sədri
 
Eldar Nuriyev - Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri.
Şuranın üzvləri:

Feyruz Mustafayev - Prezidentin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin aparıcı məsləhətçisi;

Vüsal İsayev - PA-nın Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri;

Bəhram Məmmədli - PA-nın Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi;

Nəsimi Məmmədov - PA-nın İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun böyük məsləhətçisi;

Elturan Babayev - PA-nın Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi;

Niyaz Əliyev - PA-nın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi;

Süleyman Qəmbərov - PA-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri;

Anar Əliyev - İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri.
 
Prezident yanında Apelyasiya Şurası haqqında əsasnamədə göstərilir ki, şura sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apelyasiya şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) yuxarı orqana şikayətlərin (bundan sonra - şikayət) verilməsi mexanizminin tənzimlənməsi məqsədi ilə yaradılmış və ictimai əsaslarla (ödənişsiz əsaslarla) fəaliyyət göstərən kollegial orqanıdır.
 
Prezident həmçinin sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında da fərman imzalayıb.
Qurumun təsdiq edilmiş əsasnaməsində qeyd olunur ki, yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş şikayətlərə (bundan sonra - şikayət) baxan və ictimai əsaslarla (ödənişsiz əsaslarla) fəaliyyət göstərən kollegial orqandır.

Bu əsasnamənin məqsədləri üçün “şikayət” dedikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilmiş şikayətlər üzrə yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, habelə hərəkət və ya hərəkətsizliyindən tam və ya qismən narazılıq barədə həmin şəxslər tərəfindən Apelyasiya Şurasına verilmiş yazılı müraciət başa düşülür.

 
Apelyasiya Şurasının tərkibi (sədri və digər 6 altı üzvü) yerli icra hakimiyyəti orqanının rəhbəri tərəfindən təsdiq edilir. Apelyasiya Şurasının sədri yerli icra hakimiyyəti orqanının başçısının müavinlərindən biri olmalıdır.
***
Prezident İlham Əliyev bank və maliyyə sektoru ilə bağlı da mühüm fərmanlar imzalayıb. Həmin fərmanlarla Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib və yeni qurum - Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb.
 
Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərmanda deyilir ki, palatanın nizamnaməsi qüvvəyə mindiyi gündən və yuxarıda adları qeyd edilən qurumların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməlidir.
 
Palatanın Direktorlar Şurasının 5 üzvü olacaq.
 
Palatanın Direktorlar Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.
 
Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılıb:

İşçi qrupunun rəhbəri
 
Rüfət Aslanlı - Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri

İşçi qrupunun üzvləri

Asim Məmmədov - “Xalq Bank” ASC-nin Müşahidə Şurasının sədri

Cəlal Qasımov - “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri

Faiq Hüseynov - “Unibank” ASC-nin İdarə Heyətinin sədri
 
Rövşən Cavadov - Azərbaycan Dövlət Neft Fondunun investisiya departamentinin direktoru
Zəka Mirzəyev - Azərbaycan Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri.
 
***
Nəzərə çatdıraq ki, prezident İlham Əliyev daha öncə də struktur islahatları apararaq, bir neçə qurumu ləğv edib. Son fərmanlardan görünən budur ki, ölkə başçısı sahibkarlığın inkişafı məsələsinə xüsusi diqqət yetirir və bu istiqamətdə addımlar atılır. 
 
Ekspertlər Apelyasiya Şurasının yaradılmasının sahibkarların üzləşdikləri əngəlləri birbaşa ölkə rəhbərliyinə çatdırılması, monopoliyanın aradan qaldırılması baxımından çox mühüm olduğunu bildirirlər. 
 
 
Paralel olaraq yerlərdə də apelyasiya şuralarının yaradılması daha çox kiçik sahibkarlıqla məşğul olanların problemlərinin aradan qaldırılması üçün vacib hesab olunur. 
 
Həmçinin üç qurumun ləğv edilməsi və Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması maliyyə və bank sisteminin sağlamlaşdırılması siyasətindən irəli gələn addım kimi qiymətləndirilir. Eyni zamanda banklara nəzarətin Milli Bank tərəfindən həyata keçirilməsi də səmərəli metod kimi görünmürdü. Faktiki olaraq bu qurumun yaradılması ilə bank nəzarəti səlahiyyəti Mərkəzi Bankdan alınmış oldu. Mütəxəssislər bunu çox düzgün addım hesab edirlər. 
 
Bundan sonra Mərkəzi Bank yalnız pul siyasətini həyata keçirəcək, Maliyyə Nazirliyi isə dövlət büdcəsinə məsul olacaq. 

Ekspertlər bildirir ki, yeni qurumun rəhbəri vəzifəsinə əsas namizəd Rüfət Aslanlıdır. O, maliyyə nəzarəti sahəsində hazırda ən savadlı və səriştəli şəxs kimi qiymətləndirilir. 
Yeni qurumun məhz bu şəkildə formalaşdırılmasının üzləşdiyimiz böhranın aradan qalxmasına əhəmiyyətli köməyi olacağı bildirilir. (musavat)
Cia.az