|
Rəsulzadəni təhqir etmiş deputata qarşı məhkəmə iddiası təmin olunmadı

Bu gün Gəncə şəhəri Nizami rayon məhkəməsində Müsavat Partiyasının Milli Məclisin YAP-çı deputat Naqif Həmzəyevə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə virtualaz.org saytına vəkil Nemət Kərimli məlumat verib.

Hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə Musavat Partiyasının YAP-çı deputata qarşı qaldırdığı iddia təmin olunmayıb.

Qeyd edək ki, Müsavat Partiyası Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər şöbəsinin sədri Naqif Həmzəyevi Məhəmməd Əmin Rəsulzadənin şərəf və ləyaqətini alçaltmaqda günahlandırır. Vəkil bildirib ki, YAP–çı deputat Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə barədə təhqiramiz fikirlər səsləndirdiyinə görə Müsavat partiyası ona qarşı məhkəmədə iddia qaldırıb. Partiya Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində Naqif Həmzəyevin səsləndirdiyi fikirlərə görə Azərbaycan xalqından və Rəsulzadənin ailə üzvlərindən media vasitəsilə üzr istəməsi tələbini irəli sürüb.

Xatırladaq ki, Naqif Həmzəyev bir qrup jurnalistin Gəncəyə səfəri zamanı təşkil olunan məclisdə Rəsulzadənin bu şəhərdəki büstünə torba keçirilməsi barədə suala cavab verərkən təhqiramiz fikirlər səsləndirib.

Cia.az