Milli Məclisin sonuncu iclasında deputatlar iş adamlarının problemlərindən danışıblar, həmçinin monopoliya ciddi şəkildə müzakirə edilib. Deputat Fazil Mustafa bildirib ki, bu sessiyada, nəhayət, Rəqabət Məcəlləsinin qəbul ediləcəyini gözləyir: “Bu ölkənin əsas problemi rəqabət problemidir. Ölkə prezidenti ürək yanğısı ilə deyir ki, sahibkarlığa dəstək vermək lazımdır. Ancaq dünən iş adamlarından 10 min istəyirdilər, bu gün ikiqat-üçqat tələb etməyə başlayıblar. Artıq prezidentin də tələbləri səmərə verməməyə başlayıb”.
Musa Quliyev isə gömrükdəki vəziyyətlə bağlı parlamentə çağırış edib və vəziyyətin ağır olmasına işarə vurdu: “Bir aydan çoxdur ki, nə Türkiyə, nə Çindən Azərbaycana mal idxal olunmur. Çünki 36 faiz vergi və gömrük rüsumu tətbiq olunub. Artıq sahibkarlar monopoliyanın bərpa olunmasını arzulayırlar, deyirlər ki, yenə əvvəllər monopolistlərlə dil tapmaq olurdu. Ona görə də gəlin, biz elə bir rejim yaradaq ki, qaş qayırdığımız yerdə göz də çıxartmayaq”. Bəxtiyar Əliyev də bildirib ki, əgər rəqabət, antiinhisar haqqında qanunlar yoxdursa, neqativlərə qarşı necə mübarizə aparıla bilər: “Hansısa sehrli əllərdir Rəqabət Məcəlləsinin qəbuluna imkan vermir”.
İqtisadçı ekspertlər də Milli Məclisdəki monopoliya söhbətlərinə münasibət bildiriblər. Ekspert Vüqar Bayramov məsələ ilə bağlı musavat.com-a açıqlamasında deyib ki, monopoliyanın aradan qaldırılması heç də standart olaraq eyni verginin eyni mallara tətbiq edilməsi anlamına gəlməməlidir: “Monopoliyanın aradan qaldırılması üçün əslində Gömrük Komitəsi sahibkarlara dəstək olmalı idi. Yəni sahibkarlar gömrük rəsmiləşdirilməsini həyata keçirə bilsinlər. Digər tərəfdən, vergilər məhsullar üzrə fərqlənməlidir. Əslində konkret olaraq 36, yaxud 38 faiz verginin tətbiq edilməsi qanunvericiliyə uyğun deyil. Əlavə dəyər vergisi ilə yanaşı, hər bir məhsul üzrə konkret rusumlar var. Həmin rüsumlara uyğun olaraq, verginin hesablanmasına ehtiyac var. Sahibkar maşın alıb ölkəyə gətirir, sahibkarın malı aldığı qiymət nəzərə alınmır, gömrük 10 minlik malı, məsələn, 12 mindən hesablayır. Məsələ əslində onun aldığı məhsulun ”invoice" dəyərinin artırılmasıdır. Bu da vergi tətbiq ediləndən sonra daha çox ödənişə səbəb olur. Ona görə də monopoliya birmənalı şəkildə olmamalıdır. İdxalda monopoliya anlayışı təbii ki, iqtisadi baxımdan qəbul edilə bilməz. Vergi mexanizmi təkmil olmalıdır. Vergi mexanizmi birmənalı şəkildə imkan verməlidir ki, sahibkarlar hər bir məhsula müəyyənləşmiş, uyğun vergi versinlər. Sahibkarlar artıq qanunvericilikdə müəyyənləşdirilmiş rüsumlara uyğun olaraq vergi ödəməlidirlər. 36 faiz verginin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Eyni zamanda Gömrük Komitəsi çalışmalıdır ki, sahibkarlara dəstək olsun. Çünki sahibkarların yüksək vergi rüsumları və “invoice” dəyişdirilməsi nəticəsində xərcin artması və sair kimi problemlər göstərir ki, bunlar heç bir halda monopoliyanın yaxşı olması anlamına gəlməməlidir. Monopoliya heç bir halda yaxşı deyil. Bütün hallarda monopoliya aradan qaldırılmalıdır".
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, inhisarçılığın ləğvi və gömrükdə ağ hesabatlılığa keçidlə bağlı qərar doğru qərardır: “Təbii ki, biz bununla bağlı illərdir danışırdıq. Amma belə qərar verilməmişdən gərək vergi və gömrük rüsumları normal bir qaydaya salınsın. Ölkədə nə istehsal olunmursa, ölkənin nəyə ehtiyacı varsa, daxili istehsala mane olmursa, həmin məhsulların gömrük rüsumları ya sıfırlanmalı idi, ya da xeyli dərəcədə aşağı endirilməli idi. Daxili istehsal onsuz da yoxdur bizdə, yaxud yox səviyyəsindədir. Gömrük rüsumları xeyli dərədəcə endirilməli idi ki, insanlar əvvəllər verdiyi rüşvətdən daha az gömrük rüsumu ödəyib malları ölkəyə gətirməyə maraqlı olsunlar. İndi isə bir paradoksal vəziyyət yaranıb. Ölkəyə mal gətirərkən kifayət qədər yüksək məbləğdə vergi verib gömrük rüsumu ödəmək lazım gəlir. Sonra da bu leqal şəkildə ölkəyə daxil olan malların vergilər tərəfindən də yoxlanılması və daha artıq vergi hesablanması məsələsi ortaya çıxır. Yəni bu bir-biri ilə bağlı məsələdir. Ona görə də belə bir addımın atılmasından öncə vergi və gömrük rüsumlarında ciddi dəyişikliklərə getmək lazım idi. Bu rüsumların aşağı endirilməsi həm də ölkədə qiymətlərin müəyyən dərəcədə stabilləşməsinə, artımının qarşısının alınmasına səbəb ola bilər. Hökumət bu addımı atmaqla digər tərəfi düşünmür. Və yaxud da orada elə maraqlar var ki, o maraqların təmin olunmasına çalışır, nəinki ictimai maraqların. Bunun özü bir normal yanaşma deyil. Ona görə də yubanmadan gömrük və vergi rüsumları xeyli, əhəmiyyətli dərəcədə aşağı salınmalıdır. Ölkədə istehsal olunmayan məhsulların ölkəyə sərbəst şəkildə gətirilməsinə şərait yaradılmalıdır”.
Cia.az
