Azərbaycan aqrar sahənin üstünlük təşkil etdiyi bir ölkədir. Ancaq ümumi daxili məhsulda bu sektorun payı çox azdır. Dünyada baş verən proseslər, neftin qiymətinin ucuzlaşması, daxildə isə manatın devalvasiyası fonunda bizi böhranın təzyiqindən qoruyacaq sahələrdən birincisi kənd təsərrüfatıdır.
Ancaq təəssüflər olsun ki, Azərbaycanda uzun illərdir bu sahəyə diqqət ayrılmayıb. Halbuki Azərbaycanın iqlimi və münbit torpağı imkan verir ki, Azərbaycan bu sahədən yüksək məbləğdə gəlir əldə edə bilsin. Hər halda, Azərbaycanın yarısı boyda olan Hollandiyanın kənd təsərrüfatı məhsullarının yalnız illik gəliri 100 milyard dollara yaxındır. Ölkəyə xaricdən gətirilən qida məhsullarının kəskin bahalaşması fonunda bu sahədə olan boşluqlar mənzərəsi özünü daha aydın şəkildə büruzə verir.
Azərbaycan ənənəvi olaraq aqrar ölkə statusuna malik olub. Mart ayından etibarən yazlıq əkin başlayacaq. Payız taxıl səpini isə noyabrda yekunlaşıb. Bunu “Yeni Müsavat”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. “Hazırda taxıl sahələrində vəziyyət ürək açandır. Fermerlər gübrələri vaxtında verirlər. Mart ayından başlayaraq yazlıq bitkilərin əkini üçün müəyyən tədbirlər həyata keçiriləcək. Payız əkini isə tam yekunlaşıb. Burada söhbət taxıllardan gedir. Taxıl səpini haradasa noyabrın axırlarından artıq yekunlaşıb. Yazlıqlardan isə danışmaq hələ tezdir. Yəni əkin aprel may aylarından başlayır. Əsasən də pambığın, texniki bitkilərin, tərəvəzlərin, bostan bitkilərinin əkini aprel ayından start götürəcək”.
İqtisadçı ekspert Qadir İbrahimli isə kənd təsərrüfatının inkişafı üçün emal sənayesinin inkişafının vacib olduğunu bildirdi: “İnsanların 38 faizi kənd sahəsində çalışır. Bu da o deməkdir ki, Azərbaycan aqrar ölkə olaraq qalır. Hazırda kənd təsərrüfatında azad sektorda satış problemi var. Fermerlərin becərdiyi, topladığı məhsulu satış problemi var. Bu problemin də həlli hansısa inzibati yoldan, yaxud da ki, kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının təşkilindən keçmir. Bunlar çox primitiv və effektsiz yollardır.
Həmin problemi həll etmək üçün Azərbaycanda emal sənayesi inkişaf etməlidir. Fikrimcə, hazırda kənd təsərrüfatı məhsullarının emal sənayesi gücləndirilməlidir ki, həmin fermerlər satış bazarı əldə etsinlər. Yəni həmin emal müəssisələrinə məhsullarını sata bilsinlər. Əgər bu problem həll olunmayacaqsa, emal sənayesi inkişaf etməyəcəksə, yeni emal müəssisələri yaradılmayacaqsa, kənd təsərrüfatında əkin-biçinin heç bir effekti olmayacaq. Çünki məhsul istehsal olunur və satıla bilmirsə, fermer ziyana düşürsə, orada dinamik inkişafdan söhbət gedə bilməz. Ona görə də hökumət siyasət olaraq həmin emal müəssisələrinin yaranmasında maraqlı olmalıdır. Əgər emal müəssisələri işə düşməsə, bu problemlərin köklü şəkildə həllini düşünmək mümkün deyil”.
Cia.az
