|
Pulumuzu evdə oğrular, bankda bankirlər oğurlayır
Son vaxtlar banklarda baş verən bir sıra neqativ hallar, problemli kreditlər, bir sıra bankların müflis olması, son olaraq da “Texnikabank”ın bağlanması insanların beynində bir sual yaradır: pullarımızı harada saxlayaq? 
 
Əksəriyyət əllərində olan pulu evdə saxlayır. Hətta “kişinin pulu cibində olar” deyiminə sadiq qalıb pulu həmişə yanında saxlayanlar da vardı. Ancaq hazırkı vəziyyətdə pulu evdə saxlamaq olmaz, bu artıq çox təhlükəlidir. Çünki böhran dövründə oğurluq və qarətlərin sayı artır. Çoxları pulunu daşınmaz əmlaka da qoymaq istəmir. Axı daşınmaz əmlakın qiyməti tez-tez dəyişir. Bankların hazırkı vəziyyəti, problemli kreditlər və bankların müflis dərəcəsinə gəlib çatması pulları banklara da etibar etməyə imkan vermir. Azərbaycandan fərqli olaraq, bankları etibarlı olan bir çox dünya ölkələrində vətəndaşlar əllərində olan vəsaiti banklara depozit şəklində qoyur, qiymətli kağızlara, səhmlərə yatırır, daşınmaz əmlak alır və biznesə yönəldir.
 
Maraqlıdır, hazırkı vəziyyətdə Azərbaycanda pulu harada saxlamaq olar ki, daha etibarlı olsun.
 
İqtisadçı ekspert Natiq Cəfərli insanlara öz pullarını xarici ölkələrdə ya daşınmaz əmlaka yatırmasını, ya da xarici valyutada saxlamasını məsləhət gördü: “Son zamanlar Azərbaycanda manatın dəyərdən düşməsi, bank sektorunda olan problemlər və gələcəkdə bu problemlərin davamlı olması ehtimalı insanların əlində olan vəsaitin qorunması məsələsini gündəmə gətirir. Bəzi insanlar artıq bunun yolunu da tapıblar. Qonşu ölkələrin daşınmaz əmlaka yatırımlarının sayı son dövrlərdə daha da artıb. Məsələn, qardaş Türkiyədə 2015-ci ildə Azərbaycan vətəndaşları mənzil bazarında ilk beşliyə daxil olublar. Yəni kifayət qədər çoxlu sayda azərbaycanlılar öz vəsaitini Türkiyədə mənzil almağa yönəldiblər. Nəzərə almaq lazımdır ki, Türkiyənin müxtəlif bölgələrində, İstanbulda qiymətlər bir az fərqlidir. Amma Ankara, İzmir, Ege bölgəsi kimi şəhərlərdə 50-60 min dollara normal 2-3 otaqlı tam təmirli evlər almaq mümkündür. Yəni qiymətlər hələ də Bakıdan xeyli dərəcədə ucuzdur. Ona görə də insanlarımızın bir hissəsi bu yolla öz əmanətlərini və yığdıqları vəsaiti qorumağa üstünlük verirlər. 
 
Bir hissəsi isə xaricdə biznes qurur. Qonşu Gürcüstanda 2015-ci ildə çoxlu sayda şirkətlər açılıb. Yəni azərbaycanlılar Gürcüstana da, Türkiyəyə də kifayət qədər vəsaitlər qoyurlar. Bu yolla müəyyən dərəcədə öz vəsaitlərini qorumağa çalışırlar. Söhbət yüksək məbləğlərdən, ən azı 50 min dollar və yuxarı məbləğlərdən gedir. Kiçik məbləğlərin qorunması daha problemlidir. Çünki bunun yeganə yolu xarici valyutada saxlamaqla və bu xarici valyutanı hər hansısa bir şəraitdə qorumaqla mümkün ola bilər. Son dövrlərdə yenə də belə bir tendensiya yaranıb. Qonşu ölkələrdə depozit hesabları açaraq valyuta hesablarını həmin ölkələrə köçürməyə üstünlük verənlərin sayı artıb". 

Ekspert bildirdi ki, insanlar bu sahədə tez bir zamanda bir irəliləyiş görməsə, banklara olan güvən də yaxın gələcəkdə mümkün olmayacaq: “Ümid edək ki, bank sferasında olan bu çalxalanma yaxın zamanlarda sakitləşəcək və iri dayanıqlı bankların yaranmasına şahid olacağıq. Hökumətdə bu sahədə xarici bankların Azərbaycan bazarına daxil olmasına şərait yaradacaq. Alman, fransız banklarının Azərbaycan bazarına daxil olması bank sektorunda müəyyən stabillik yarada bilər. Həm də əhalinin bank sektoruna olan güvənini artıra bilər. Bu cür rəqabətli mühit və bank sistemi olmadan təəssüf ki, yaxın gələcəkdə insanlarda bu panik havası və əmanətlərin itirilməsi qorxusu davamlı şəkildə artacaq. Düzdür, Azərbaycanda dayanıqlı banklar da var. Amma ən dayanıqlı və güvənilən bankımız Beynəlxalq Bank idi. Amma keçən il Beynəlxalq Bankla əlaqədar o qədər neqativ hadisələr və informasiya oldu ki, həmin bank insanlarda xəyal qırıqlığı yaratdı. Halbuki bu bank dövlətin nəzarətində idi. Ona görə də insanlarımız bu sahədə bir irəliləyiş görməsə bank sektoruna güvəninin artırılması yaxın gələcəkdə mümkün görünmür. Bunun da yolu rəqabətin artırılmasından xarici bankların birbaşa Azərbaycan bazarına daxil olmasına şəraitin yaradılmasından keçir. Yəni Britaniyanın, Almaniyanın, Fransanın, Amerikanın, İtaliyanın hətta Yaponiya kimi ölkələrin bankları Azərbaycana birbaşa daxil olsa, bu, Azərbaycana kifayət qədər dayanıqlılıq və rəqabət gətirə bilər”.(musavat)
Cia.az