|
40 milyonluq əmanəti batıran banklara inam qalacaqmı?
Azərbaycan Mərkəzi Bankının bu il lisenziyasını ləğv etdiyi banklarda yerləşdirilmiş ən böyük əmanətin məbləği 40 milyon manat olub. Bu barədə ATV-nin “İqtisadi zona” verilişinə müsahibəsində Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib. Bununla belə, fond rəhbəri həmin əmanətin kimə məxsus olduğunu və bağlanmış 6 bankdan hansında yerləşdirildiyini açıqlamayıb. 

Qeyd edək ki, əmanətlərin sığortalanması qaydalarına əsasən, bir bankda yerləşdirilmiş əmanətə görə maksimum 30 min manat kompensasiya ödənilir. Bu isə 40 milyon manat əmanətin bankla bir yerdə batması anlamına gəlir.

Yayılan xəbərlər hər kəsdə bir sual yaradır. Banklarda bir nəfərə məxsus 40 milyon manat əmanətin olması realdırmı? Bu qədər böyük məbləğdə bir vəsaitin itirilməsi əhalinin bank sektoruna onsuz da zəif olan inamını qıracaqmı? Banklarda əmanətlərin geri çəkilməsi prosesi sürətlənsə, nə baş verə bilər?

İqtisadçı ekspert Samir Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bankların kredit portfeli əslində bir neçə şəxsin çox böyük məbləğdə yatırdığı əmanətləri hesabına formalaşır ki, bu  da banklar üçün arzuolunan hal deyil: “İqtisadiyyatda baş verən proseslər, devalvasiya, bankların bağlanması bir sıra məsələləri ortaya çıxartdı və məlum oldu ki, müəyyən bir təbəqədən olan insanların banklarda böyük məbləğlərdə pulu var. Bu səbəbdən mən  bankda bir nəfərin 40 milyon manat pulunun olmasını real sayıram. Konkret olaraq həmin xəbərin nə dərəcədə düzgün olmasını deyə bilməsəm də, bunu bir neçə dəfə ayrı-ayrı bankların bağlanması zamanı görmüşük. Mən istisna etmirəm ki,  bu gün də banklarda əmanətləri milyonlara manat həcmində ölçülən insanlar var. Onlar bir qayda olaraq banklara yaxın insanlardır və etibar edərək həmin vəsaitləri gətirib banka yatırıblar. İndi bank bağlanandan sonra onlar məlum vəziyyətə düşüblər. Həmin pul təbii ki, böyük bir məbləğdir. Biz bankların maliyyə vəziyyətini araşdırdıqda da orada hər zaman vurğulanırdı  ki, bank sektorunda əmanət portfelində güclü təmərküzləşmə - konsentrasiya var. Bu, həm kreditlərdə özünü göstərir, həm də əmanətlərdə.  Bu konsentrasiya özünü onda göstərir ki, az sayda insanın daha çox məbləğdə əmanəti var. Yəni kredit portfelinin böyük bir hissəsini bir neçə şəxsin əmanəti təşkil edir. Bunun da təhlükəsi odur ki, əgər həmin insanlar bir gündə əmanətlərinin hamısını bankdan geri çəkmək istəsə, o zaman bank çökər. 
 
Bu gün elə insanlar var ki, onların da bir neçə milyonla ölçülən əmanətləri var. Sadəcə, onların müəyyən səbəblərdən səsi çıxmır , ancaq yəqin ki, səsi çıxacaq". 
Əmanətlərin qorunması məsələsinə gəlincə, Samir Əliyev bildirdi ki, bu sistemin təkmilləşdirilməsinə ehtiyac var: “Hər zaman vurğulanırdı ki, əmanətlərin 50-55 faizi sığortalanır. Lakin reallıqda əmanətlərin ən yaxşı halda 30 faizi kompensasiya olunan məbləğ idi. 
 
Əgər bank bağlananda əmanətçi pulunun cəmi 30 faizini alacaqsa, o zaman əmanətlərin sığortalanmasının heç bir önəmi yoxdur. Əsas məsələ əmanətlərin sığortalanması sistemində olan boşluqlar və çatışmazlıqlardır. 
 
İndi hökumət əmanətlərin tam sığortalanması prosesinə başlayıb. Artıq "Əmanətlərin sığortalanması haqqında" qanun layihəsi birinci oxunuşdan keçib. İkinci və üçüncü oxunuşdan keçdikdən sonra, ölkə başçısının imzası ilə qanun qüvvəyə minəcək. Bu qanunun hansı dövrə şamil ediləcəyi məlum deyil. 
 
Mərkəzi Bank da öz növbəsində digər bir tərəfdən bankların bağlanması prosesini sürətləndirir. Həmin qanun qəbul edilənə qədər bankların bağlanması prosesi başa çatacaq. Hələ ki bu bağlanan banklara görə fond əmanətçilərə 30 min manat civarında kompensasiya verəcək". 

Ekspert əmanətlərin kompensasiyası məsələsində dollarla olan kreditlərin kompensasiyasının da problemli olduğunu vurğuladı: “Burada da çatışmazlıqlardan biri dollar əmanətçiləri ilə bağlıdır. Bildiyiniz kimi, dollar əmanətçilərinin sığortalanan məbləği, yəni 30 min manat 35-36 min dollar edirdisə, indi devalvasiyadan sonra 30 min manat ən yaxşı halda 19 min dollardan da az vəsait edir. Belə  çıxır ki, vaxtilə bizim "Əmanətlərin sığortalanması haqqında" qanuna etibar edən şəxs indi bank bağlansa ən yaxşı halda cəmi 19 min dollar pul alacaq. Bu məqamda banklar əmanətçilərin hüquqlarını pozmamalıdır.  Yaxşı olardı ki, "Əmanətlərin sığortalanması haqqında" qanun qəbul edilənə qədər sığortalanan məbləğ 30 min manatdan 50 min manata qaldırılardı. Əks halda, əhali bu prosesdən çox böyük əziyyət çəkəcək. 
 
Bu, banklara inamın azalmasına və əmanət qoyuluşunun da azalmasına səbəb olacaq. Diqqət yetirsəniz, Mərkəzi Bankın açıqladığı statistikada əmanətlərin artması qeydə alınıb. Lakin bu artım əhalinin banklara əmanət qoyuluşunu artırması ilə bağlı deyil. Əmanətlərin artmasının səbəbi onların 80 faizinin dollar hesabında olması ilə əlaqədardır ki, devalvasiyadan sonra 80 faiz dollarla olan əmanətlər manat ifadəsinə  görə 50 faiz artdı"(Musavat)
Cia.az