|
Hökumət dolların “qara bazar”ı ilə bacarmır
Bu ilin yanvarında ölkədə valyutadəyişmə məntəqələrinin ləğvi manatla bağlı ajiotajı səngitməyib. Əksinə, ekspertlər “qara bazar”ın genişləndiyini vurğulayırlar. Həmçinin bildirilir ki, bu durumda valyutadəyişmə məntəqələri yenidən bərpa edilə bilər.
 
Qeyd edək ki, valyutadəyişmə məntəqələrinin lisenziyalarının ləğv olunmasının dolların məzənnəsinə təsir edib-etməyəcəyi də müzakirə edilir. Əksər ekspertlər bildirirlər ki, əslində Mərkəzi Bankın dollar satmamasının səbəbi dolların məzənnəsinin artmasının qarşısını almaq deyil, qurum əhalini aldadır. Bildirilir ki, yanvarın 13-dən valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edilsə də, dolların bahalaşmasının qarşısını almaq mümkün olmayıb. Ekspertlər bildirirlər ki, lisenziyaların ləğvi problemi həll etməyəcək.
 
Ekspert Samir Əliyev məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda uzun müddət valyuta bazarında liberallıq olub: “İnsanlar istədiyi qədər pul dəyişə biliblər. Heç bir sənəd təqdim etmədən pul alıb satıblar. Başqa ölkələrdə əlavə haqq, komisyon haqq tələb olunur. Amma indi baş verən proseslər, ölkədən güclü kapital axınının olması ona gətirib çıxartdı ki, Mərkəzi Bank məcbur olub bir sıra sərt addımlar atdı. Onlardan biri də valyutadəyişmə məntəqələrinin ləğvi oldu. Çünki böyük həcmdə pullar bu valyutadəyişmə məntəqələrində dollara çevrilib bank sektoruna daxil olmadan ölkədən çıxarılırdı. Bu prosesə nəzarət etmək çətin olurdu. Buna görə də Mərkəzi Bank bu məntəqələri ləğv etdi və bu işi ancaq banklar görməyə başladı. İndi bu vəziyyətdə mütləq ”qara bazar" yaranmalıdır. Hökumətin üzərinə düşən əsas məsələ “qara bazar”ın qarşısını almaqdır. Əgər bunun qarşısını alacaqsa, valyuta bazarında müəyyən sabitlik əldə edə biləcək. Əgər edə bilməsə, artıq valyutadəyişmə məntəqələrinin bağlanmasının heç bir əhəmiyyəti olmayacaq".
 
Ekspertin sözlərinə görə, artıq müəyyən yerlərdə “qara bazar”ın dirçəlməsi barədə məlumatlar var: “Yenə də böyük həcmli pullar bank sektoruna daxil olmadan dəyişdirilir və ölkədən çıxarılır. Bunun qarşısının alınmasının yollarından biri dollar bolluğu yaratmaqdır”. 
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, əslində valyutadəyişmə məntəqələrinin ləğvi səhv və ajiotajı artıran qərar idi: “Çünki indiki dövrdə bu tipli addımların atılması daha çox ajiotajı artırır. Bunun nəticəsi olaraq yenidən ”qara bazar" çiçəklənəcək. Bu məntəqələr uzun müddət bağlı qalsa, bir müddətdən sonra 90-cı illərdə olduğu kimi, “qara bazar”ın çiçəklənməsinin şahidi olacağıq. Bu isə paralel iqtisadi modelə aparıb çıxarır. Ciddi problemlər yaşadır. Hətta sovet vaxtında belə bunun qarşısını ala bilmədilərsə, indi də mümkün olmayacaq. Yəqin ki, bir müddət sonra bu qərarın ləğv olunmasının şahidi olacağıq. Bu, həm də başqa bir problemi də özü ilə gətirdi. Yüzlərlə insan valyutadəyişmə məntəqələrində çalışırdılar və onlar da maaşsız, işsiz qaldılar. İndiki durumda, iqtidsadiyyatın belə vəziyyətində bu qədər iş yerlərinin itirilməsi də məqsədəuyğun deyil. Əgər bütün ölkə ərazisini saysaq, söhbət yüzlərlə işsiz qalan insandan gedir. Ona görə də bir müddət sonra yəqin ki, burada da geri addım atılacaq və valyutadəyişmə məntəqələri yenidən bərpa olunacaq. Bundan öncə isə ehtimal ki, növbəti devalvasiya olacaq. Növbəti devalvasiya addımından - manatın daha da dəyərdən düşməsindən sonra bu məntəqələrlə bağı addım atıla bilər. 
 
Çünki dollara ehtiyac ajiotajlı dərəcədədir, çox kəskin şəkildə artıb. Bunun da çox sadə və izah oluna bilən iqtisadi əsasları var. Ölkə idxaldan ciddi şəkildə asılıdır. Biz istəsək də, istəməsək də ölkənin tələbatını ödəmək üçün ölkədən dollar çıxmalıdır ki, mal və məhsullar gəlsin. Asılılığımız bəzi sahələrdə yüz faizə yaxındır. Hansı ki, uşaq yeməklərinə, məişət texnikasına qədər hər şey xaricdən gətirilir. Xaricdən bu məhsulların gəlməsi üçün bu, ticarət yolu ilə dolların çıxarılmasıdır. Digər yollarla da ölkədən valyuta çıxır. 
 
Ölkədəki iş adamları da, insanlar da ölkənin gələcəkdə hansısa bir problemlərinin olacağını əsas gətirərək əllərində olan pulu xaricə çıxarmağa üstünlük verirlər. Bunun bir əyani sübutu kimi deyə bilərəm ki, Türkiyədə son aylarda Azərbaycan vətəndaşları mənzil bazarında alıcı qismində ilk beşliyə daxil olublar. Yəni bütün bunlar ölkədə valyutaya tələbatı artırır. Valyuta ölkədən çıxır. Ölkədən valyuta çıxdıqca da manata olan təzyiqlər artır. Bunun inzibati üsullarla qarşısını almaq “qara bazar”ın və paralel məzənnənin yaranmasına səbəb olacaq. Bu da iqtisadiyyat üçün daha sarsıdıcı zərbələr vura bilər". 
Cia.az