|
Həmsədrləri Vyanada məhşər ayağına çəkmə planı
ATƏT-in Minsk Qrupunun AŞ PA-nın qış sessiyasındakı müzakirələrdən öncə açıq şəkildə Azərbaycanın əleyhinə çıxış etməsi bu qurumla bağlı ümidləri tamamilə puç edib. Həmsədrlərin Strasburqa müraciət edərək Azərbaycan ərazilərinin işğalının növbəti dəfə rəsmiləşdirilməsini nəzərdə tutan qətnamə layihələrini müzakirəyə çıxarmamağa çağırması anormal hal kimi diqqət çəkdi. 
 
Artıq rəsmi Bakı Minsk Qrupu həmsədrlərinin bu mövqeyini pisləyən bəyanat verib, eyni zamanda fərdi qaydada həmsədr ölkələrə etiraz məktubları göndəriləcək. Azərbaycan prezidenti İlham Əliyev də kəskin mövqeyini ifadə edib. “Minsk Qrupu həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlar. Onların bugünkü fəaliyyəti tamamilə mənasızdır”-prezident bildirib. Dövlət başçısı deyib ki, onlar nəinki işğalçı Ermənistana təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar. Ölkə başçısı bəyan edib ki, Azərbaycan xalqı və dövləti heç vaxt torpaqların işğalda qalması ilə barışmayacaq. Ancaq fakt budur ki, həmsədrlər torpaqlarımızın azad olunması, qaçqın-köçkünlərin yurduna qayıtması üçün addım atan qurumlara dəstək verməkdənsə, onlara maneə yaradırlar. Sadə vətəndaşından prezidentinə qədər ölkəmizin bütün vətəndaşları tərəfindən “arzuolunmaz” sayılan həmsədrlərdən imtina məsələsi də gündəmdədir. Paralel şəkildə ATƏT-in Minsk Qrupunun fövqəladə toplantısının çağırılması, vəziyyətin ciddi şəkildə müzakirə olunması, həmsədrlərin addımlarına qiymət verilməsi, Almaniya, Türkiyənin də həmsədrliyə qəbulu ilə bağlı addımların atılması təşəbbüsləri var. 
 
Xatırladaq ki, 1992-ci ilin martında ATƏT-in Minsk Qrupu prosesi yaradılanda fikir ondan ibarət idi ki, ən tez bir zamanda Minsk konfransı çağırılsın və münaqişənin qarşısının alınması istiqamətində tədbirlər görülsün. Həmin dövrdə Minsk Qrupunun tərkibində 11 dövlət təmsil olunurdu. 
 
XİN-in mətbuat katibi Hikmət Hacıyev “Yeni Müsavat”a bildirdi ki, əgər o zaman güclü siyasi iradə nümayiş etdirilsə və Minsk Qrupu çağırılsaydı, onda mənzərə başqa cür olardı, problem daha erkən formada həll oluna bilərdi: "Təəssüf ki, bu baş vermədi. O vaxt hələ Azərbaycanın əksər torpaqları işğal olunmamışdı və 1 milyon qaçqın-köçkün fəlakəti baş verməmişdi. 11 dövlətin iştirak etdiyi formatda danışıqların aparılmasının bir qədər çətinliyindən çıxış edərək, 1995-ci il martın 23-də həmsədrlik institutu təsis edildi. Həmsədrlərin fəaliyyətini tənzimləyən və onlara mandat verən 23 mart 1995-ci il tarixli ATƏT-in qəbul etdiyi xüsusi bir sənəd də var. Bu sənədə əsasən, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in və beynəlxalq hüququn norma və prinsipləri, ATƏT-in Budapeşt sammitinin qərarları həmsədrlərin fəaliyyətinin əsas istiqamətlərini təşkil edirdi".

XİN rəsmisi qeyd etdi ki, illərdən sonra ATƏT-in Minsk Qrupu həmsədr institutunun fəaliyyətinin nəticəsizliyi göz qabağındadır: “Beynəlxalq ictimaiyyət tərəfindən onlara verilən mandatı doğrultmayıblar. Ona görə də Azərbaycan dəfələrlə bəyan edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri deyil, Minsk Qrupu prosesində olan dövlətlərin hamısı - ABŞ, Rusiya, Fransa, Türkiyə, Almaniya, Belarus, İtaliya, İsveç, Finlandiya, Azərbaycan, Ermənistan - bu prosesdə fəal rol oynamalıdır. Bakı bu xüsusda ilk addımlardan biri kimi təklif etmişdi və təklifində israrlıdır ki, Vyanada, ATƏT-in mənzil qərargahında bütün Minsk Qrupunun iştirakı ilə münaqişə ilə əlaqədar xüsusi bir iclas keçirilsin. Son günlərdə də bu, Daimi Şura səviyyəsində ATƏT rəhbərliyinə bəyan edilib. Eyni zamanda fərdi olaraq da Minsk Qrupu prosesində iştirak edən hər bir dövlətə müraciət olunub ki, biz onların prosesdə aktiv rolunu gözləyirik”. H.Hacıyev qeyd etdi ki, bu toplantının keçirilməsinə ilk növbədə Ermənistan mane olmağa çalışır. Eyni zamanda həmsədr ölkələr Minsk Qrupu formatında görüşün baş tutmasına bir o qədər meylli görünmürlər: “O ki qaldı digər formatlara, Azərbaycan bundan sonra da digər beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı məsələ qaldırmaqda davam edəcək”. 

Qeyd edək ki, hazırda ATƏT-in fəaliyyətdə olan sədri Almaniyadır. Üstəlik, Minsk Qrupunun üzvü olan Almaniyanın da üzərinə məsuliyyət və öhdəlik düşür. O halda ortaya haqlı olaraq bir sual çıxır, bəlkə Almaniya da ATƏT-in Minsk Qrupu konfransının keçirilməsi barədə təşəbbüslə çıxış etsin?
 
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, doğrudan da ATƏT-in Minsk Qrupunun verdiyi deklorativ bəyanatlar,  nəhayət, öz məntiqi sonluqlarına çatmaq üzrədir: “Göründüyü kimi, nüfuz davasından başlamış, öz dövlətlərinin münaqişəyə münasibətinə qədər bariz bir misal nümayiş etdirdilər. Eyni zamanda AŞ PA-nın da qərarlarının dəyişdirilməsinə nail oldular.  Təbii ki, digər dövlətlərin də rolu az olmadı, lakin əsas məqam Minsk Qrupunun bəyanatı ilə tamamlandı. Məlumdur ki, Almaniya ATƏT sədri kimi fəaliyyətə başlayıb. Təbii ki, bu dövlət Avropada və dünyada özəl çəkiyə malik bir dövlətdir. Lakin onun da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tam şəkildə addımlar atacağı inandırıcı görünmür”.

 Türkiyənin həmsədrliyinə gəldikdə isə A.Nağıyev bunları vurğuladı: “Düzdür, dost və strateji tərəfdaş dövlət kimi daima dəstək nümayiş etdirən bir dövlətdir, lakin bu məsələnin həllində tək qərar vermək iqtidarında deyil.  Zənnimcə, bu gün ATƏT-in geniş tərkibli bir toplantısı keçirilməli və məhz bu suallara aydınlıq gətirilməlidir. Çünki istər Avropa, istərsə də ümumiyyətlə, Qərb münaqişənin bu qədər uzanmasında və status-kvonun saxlanmasında maraqlı olmamalıdırlar. İlk öncə təhlükəsizlik baxımından bu, həll edilməlidir, çünki iqtisadi cəhətdən belə bir çətin vaxtda mühüm layihələrin həyata keçirilməsi üçün ən önəmli məsələdir. Eyni zamanda ATƏT kimi bir qurumun nüfuz məsələsi ortadadır, bu məsələnin həllinə ciddi yanaşmamaq bu nüfuza ağır bir zərbə vurur”.
 
Konfliktoloq Elxan Mehdiyev isə həmsədr ölkələrin əvvəlki illərdə də anti-Azərbaycan mövqeyi tutduğunu xatırlatdı: “Həmsədr ölkələr 2008 -ci ildə BMT Baş Məclisində açıq-aşkar Azərbaycanın əleyhinə səs verib ermənilərin tərəfini tutdular. Bu dəfə isə birbaşa yox, dolayı yolla öz ölkələrinin gücündən istifadə edib bu işdə ermənilərin tərəfini tutdular. 2008-ci ildən sonra da Azərbaycan rəhbərliyi onlara qarşı sərt etiraz bildirdi  və ermənilərin tərəfini tutmaqda, vasitəçi kimi neytral olmamaqda günahlandırdı. Sonralar da bir çox hallarda həmsədrlər günahlandırılıb. Amma biz həm də şahidiyik ki, bütün bunlardan sonra dəfələrlə açıq şəkildə həmsədrlərin səyləri yüksək qiymətləndirilib, təşəkkür edilib. Narahat olmayın, bu kampaniya da başa çatdıqdan sonra yenə də həmsədrlərin işi yüksək qiymətləndiriləcək. Bu, onu göstərir ki, həmsədrlər qınaq üçün lazımdır. Torpaq həmsədrlərin deyil ki...” E.Mehdiyevə görə, biz artıq bildik ki, erməni sülh, torpaqlardan çıxmaq istəmir, danışıqları da uzadır: “Amma 2009-cu ildə bizə hər gün deyilirdi ki, erməni 5 rayondan çıxır və sonra iki rayondan çıxır. İndi isə bir kənddən belə çıxmır.  Biz soruşmalıyıq ki, Azərbaycanın qüdrətli dövləti torpaqları azad etmək üçün nə etmək istəyir, hansı planı, strategiyasl var?” Ekspertə görə, Almaniya və Türkiyə məsələsi xəyaldır: “Almaniya həmsədr olmaq istəmir, Türkiyəni isə yaxına qoyan yoxdur. Özü də indiki vaxtda Rusiya ilə Ərdoğanın davasının getdiyi zaman bunun heç bir perspektivi yoxdur. Ümumiyyətlə, Ərdoğan rus təyyarəsini vurmaqla Qarabağı da erməniyə təslim etdi. Bunu artıq Lavrov da açıq söylədi. Yəni ”heç bir Lavrov planı yoxdur və olan sülh planları da ATƏT-in arxivində saxlanmağa verildi" deməklə Lavrov bu məsələnin də arxivə göndərildiyini bildirdi. Azərbaycan rəhbərliyi də bunu yaxşı bilir. Türkiyə ilə indiki münasibətlərdə olan Rusiya heç bir zaman bu işdə Azərbaycanı dəstəkləməz". 
 
QAT sədri Akif Nağı, ümumiyyətlə, Minsk Qrupundan imtinanın tərəfdarıdır: “Biz əvvəldən demisik ki, Minsk Qrupu həmsədrlərinin məqsədi Dağlıq Qarabağ məsələsini ədalətli həll etmək deyil, vaxti mümkün qədər uzatmaq, Ermənistanın istədiyi nəticəyə nail olmasına şərait yaratmaqdır. AŞ PA-da işğal altındakı ərazilərimizlə bağlı qətnaməyə qarşı bu cür fəal müqavimət göstərmələri, hətta hədələməkdən, saxtalaşdırmalardan çəkinməmələri onların iç üzünü bir daha göstərdi. Mübarizə davam edir, Azərbaycan ikinci qətnamənin qəbulu ilə kifayət qədər yüksək nəticəyə nail oldu. İlk sənədlə bağlı bütün bu qaragüruha qarşı qələbə çalmaq üçün cəmi 4 səsi çatmadı. Digər qətnamə isə xeyli səs çoxluğu ilə qəbul olundu”. A.Nağı qeyd etdi ki, həmsədrlərin canfəşanlığına baxmayaraq, qəbul edilən həmin sənəddə də Azərbaycan üçün çox vacib məqamlar var: “Bunları ununtmamalıyıq. Ermənilərin saytlarını da izlədim, onlarda qələbə əhvalı yoxdur, daha çoxu ”pələngin əlindən müvəqqəti qurtulmus dovşan" təəssüratı bağışlayırlar. Azərbaycan bu yöndə təzyiqlərini və ermənilərin ifşası prosesini davam etdirməlidir. Onsuz da bu sənədlərin elə də ciddi bir əhəmiyyəti yoxdur, torpaq qətnamələrlə azad olunmayacaq. Olunsaydı, BMT qətnamələri bir işə yarayardı. Məsələ döyüş meydanında həll olunacaq. Azərbaycan diplomatik manevrləri davam etdirməklə, uyğun məqamı seçib hərbi əməliyyatlara başlamalıdır!"(Musavat)
Cia.az