|
Klassik Azərbaycan musiqisi İsveç  tamaşaçılarına təqdim edilib

İsveçdə yaşayan həmyerlimiz, musiqiçi, Bəstəkarlar İttifaqının üzvü Aydın Ziyadlı 65 illik yubileyi münasibətilə Stokholmda Azərbaycan klassik musiqisindən ibarət konsert proqramı ilə çıxış edib.

Tədbirdə Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov, səfirliyin əməkdaşları, bu ölkədə yaşayan Azərbaycan və türk diasporlarının, habelə İsveç ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konsertdə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri tamaşaçılara təqdim edilib.

Konsert tamaşaçıların böyük marağına səbəb olub.

Tədbirin sonunda çıxış edən Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov yubilyarı təbrik edərək daha böyük yaradıcılıq uğurları arzulayıb. Adış Məmmədov Azərbaycanın musiqi mədəniyyətinin tarixindən danışaraq xalqımızın dünya musiqisi irsinə böyük töhfələr verdiyini bildirib.

Azərbaycan hökumətinin milli mədəniyyətimizin inkişafı və xarici ölkələrdə təbliği ilə bağlı böyük işlər gördüyünü bildirən səfir muğamın dünya mədəni irsinə daxil edilməsi və yaşadılaraq daha da təbliğ olunması istiqamətində Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətindən bəhs edib.

Səfir Stokholmda yaşayan və fəaliyyət göstərən Aydın Ziyadlıya Azərbaycan musiqisinin təbliğindəki yorulmaz fəaliyyətinə görə bir daha təşəkkür edib.

Cia.az