Murmanskda “Dostluq bayramı” adlı onuncu vilayət milli mədəniyyətlər festivalı keçirilib.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk vilayət bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, festivalda Murmansk vilayətində fəaliyyət göstərən 17 milli-mədəni muxtariyyətin və 3 birləşmiş dostluq evinin nümayəndələri, o cümlədən Azərbaycan diasporunun təmsilçiləri, ÜAK-ın və RAGB-nin Murmansk vilayət bölməsinin fəalları iştirak edib.
Tədbir Murmansk vilayətinin ərazisində yaşayan xalqların ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə və populyarlaşdırılmasına, millətlərarası əlaqələrin möhkəmlənməsinə, tolerantlıq və qarşılıqlı hörmət münasibətlərinin bərqərar olmasına, böyüyən nəslin Rusiya xalqlarının ənənələri ilə tanış olması yolu ilə onların mədəni dəyərlərinə yiyələnməsinə yönəlib.
Festival çərçivəsində keçirilən dekorativ-tətbiqi yaradıcılıq sərgisi milli-mədəni muxtariyyətlərin fəaliyyətini əks etdirən eksponatlar - dekorativ-tətbiqi və təsviri sənət nümunələri, milli məişət əşyaları nümayiş etdirilib, milli yeməklər təqdim olunub.
Cia.az
