Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ənənəvi olaraq keçirilən “Gəncliyin səsi” adlı festivalın açılışı olub.
Festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub. Festival iştirakçıları əvvəlcə Bakı Turizm Peşə Məktəbinin, Azərbaycan Turizm və Menecment Universitetinin tələblərinin və ASAN könüllüləri Mədəniyyət Mərkəzinin gənc üzvlərinin əl işlərindən ibarət fotosərgi ilə tanış olublar.
Açılışda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək hər il ənənəvi olaraq keçirilən festivalın əhəmiyyətindən söz açıb. Nazir bildirib ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncamı, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Həmin vaxtdan etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Azərbaycanda Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlərin təşkil olunması, təhsil və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi, istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakının təmin edilməsi dövlətimiz tərəfindən dəstəklənir, bu istiqamətdə Dövlət Proqramları həyata keçirilir.
Bildirilib ki, “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin baş direktoru İnam Kərimov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. O, dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri elan edib. Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti bu gün də uğurla davam etdirilir.
Daha sonra gənc rejissorlar Nərgiz Bağırzadə və Fariz Əhmədovun çəkdiyi “Bir addım” filmi nümayiş olunub.
Fevralın 5-dək davam edəcək festivalın paytaxtla yanaşı, Gəncə şəhərində də keçirilməsi nəzərdə tutulub.
Festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin, foto və rəsm sərgilərinin, tamaşa və film nümayişlərinin keçirilməsi nəzərdə tutulur.
Cia.az
