Ekspertlər yanvar ayının iqtisadi dəyərləndirməsini bölüşdülər, bildirilir ki, hökumətin qərarları və addımları böhrandan çıxmaq üçün yetərli deyil...
2016-cı ilin birinci ayı arxada qaldı. Bu ay ölkə iqtisadiyyatında ciddi problemlərlə başladı. Ötən ilin sonunda baş verən ikinci devalvasiyadan sonra bu ilin yanvarında manat sabitləşə bilmədi. Hökumət manatın sabitləşməsi ilə bağlı tədbirlər görməyə çalıışsa da, yetərli olmadı. Həmçinin banklar bir-birinin ardınca bağlanmağa başladı. Artıq 6-7 bankın bağlandığı bildirilir və növbəti aylarda bunun davamının olacağı vurğulanır. Neftin qiymətində isə artım proqnozlaşdırılmır. Bu situasiyada ekspertlər yanvar ayında baş verənləri neqativ qiymətləndirməklə bərabər, növbəti aylarda da problemlərin olacağını bildirirlər...
Ekspert Azər Mehtiyev məsələ ilə bağlı musavat.com-a bildirib ki, yanvar ayında hökumətin böhranla bağlı gördüyü tədbirlər yetərli olmayıb: “2015-ci ilin dekabr ayındakı devalvasiyadan sonra ölkədə yanvar ayında hökumət tərəfindən verilən çox ciddi qərarlar vətəndaşlar üçün önəmli idi. Ona görə ki, ölkə iqtisadiyyatında bundan sonra baş verəcək proseslər daha çox hökumətin qəbul etdiyi qərarlar və hökumətin nə dərəcədə anti-böhran tədbirləri həyata keçirəcəyini nümayış etdirir. Təbii ki, hökumət tərəfindən ən yüksək səviyyədə, dövlət başçısının iştirakı ilə tədbirlər keçirildi. Ənənəvi olaraq ötən ilə yekun vuruldu, regionların sosial-iqtisadi inkişafı ilə bağlı, böhranın gedişi ilə bağlı tədbirlər oldu. Ölkədəki iqtisadi durumun dəyərləndirilməsi həyata keçirildi. Bütün bu tədbirlərdə sanki ölkədə baş verən iqtisadi böhran qəbul olunmur. Sanki böhran dünya iqtisadiyyatında olan böhrandır, yalnız Azərbaycanda bunun təzahürləri baş verir. Yaxud baş verən hər nə varsa, bütünlüklə bu, neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır. Qalan sahələrdə iqtisadiyyatda ciddi bir problem yoxdur. Belə bir yanaşma əslində ciddi şəkildə ölkədəki iqtisadi böhranın qəbul olunması, etiraf edilməsi və bunun səbəblərinin araşdırılması ilə bağlı hələ də problemlərin qaldığını göstərir. Digər məsələ bank sektoruna yönəlib. Xüsusilə valyuta bazarında gərginliyin aradan qaldırılması, manatın devalvasiyası ilə bağlı olaraq qiymətlərin qalxmasının qarşısını almaq üçün inzibati basqılardan istifadə olunması, gərginliyin aradan qaldırılması üçün məhdudiyyətlərin genişləndirilməsi və sair kimi addımlar atılır. Və bunun büdcə sektoruna və ölkənin digər sahələrə təsirləri ikinci plana çəkilir. Bütövlükdə böhranın aradan qaldırılması istiqamətində geniş addımlar atılmaqdansa, daha çox məhdudlaşdırıcı addımlara üstünlük verilir. Son zamanlar əsasən bank sektorunda atılan addımlar, xüsusən bir sıra bankların liseynziyalarının geri alınması bankların genişlənidirilməsi kimi təqdim olunsa da, əslində bu, islahat formasında deyil. Sadəcə olaraq problemli bankların aradan qaldırılmasıdır.
Bank böhranını aradan qaldırmaq üçün olan ən ciddi addımlardan biri kimi hökumət əmanətlərin sığortalanması istiqamətində addımlar atdı. Hökumət əhalinin bank sisteminə inamının artırılmasına cəhd göstərir. Ancaq eyni zamanda, bankların bu cür ardıcıl bağlanması bank sektoruna olan inamın azalmasına aparıb çıxarır. Həmçinin, əhalinin əlində olan əmanətlərin iqtisadiyyata cəlb olunması üçün istiqrazların buraxılması qərara alınıb. Ancaq bu prosesdə də əlindəki ehtiyat vəsaitləri olan insanlar istiqrazlara nə dərəcədə etimad göstərəcək və sair kimi suallar təbii ki, zaman məsələsidir. Bu baxımdan, dollarla krediti olanlara hökumətin hansısa güzəşt edəcəyi ilə bağlı gözləntilər aradan qalxdı. Maliyyə naziri belə yardımların olmayacağını bildirdi. Eyni zamanda, ötən il baş verən devalvasiyaların nəticəsində ölkə iqtisadiyyatında qiymətlərin qalxmasına uyğun pensiya və əmək haqlarının artımının yalnız on faiz olması da təbii ki, indiki halda əhalinin ümidlərinin doğrultmadı. Təbii ki, bu baxımdan əhalinin gözləntiləri özünü doğrultması. Həm iqtisadi böhranın aradan qaldırılması üçün hökumətin atacağı addımlar baxımından, həm də hökumətin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atacağı addımların gözləntisi baxımından bu, belə oldu. Hər halda, iqtisadi baxımdan qiymətləndirsək, yanvar ayında qəbul olunan qərarların ölkə iqtisadiyyatını böhrandan çıxara biləcəyini söyləmək çətindir. Çünki böhran daha dərinə işləyir. Böhran yalnız bank sektoru ilə bağlı qərarların qəbul olunması ilə başa çatan deyil. Böhranın dərinləşməsi prosesi qaçılmaz olacaq. O baxımdan, təbii ki, yanvar ayında gözləntilər tam özünü doğrulda bilmədi”.
Milli Məclisin deputatı Vahid Əhmədov isə qeyd edib ki, ilin birinci ayında hökumət böhranla bağlı bir çox təkliflər, qərarlar verib: “Xüsusilə son vaxtlar prezidentin rəhbərliyi altında verilən qərarlar, sahibkarlarla bağlı qərarlar, xüsusilə regionların sosial-iqtisadi proqramı çərçivəsində atılan addımlar, göstərilən iradlar təqdirəlayiqdir. 2016-cı ildə Azərbaycanın mövcud vəziyyətdən az itki ilə çıxması üçün faktiki yol xəritəsi məlum oldu. Yəni müəyyən qədər müsbət addımlar atılır. Narahatedici məsələlərdən biri iş yerləri ilə əlaqədar idi. İndi məlumatlar var ki, artıq Sosial Müdafiə Nazirliyinə müəyyən şirkətlər, həm özəl, həm dövlət şirkətləri əlavə iş yerləri ilə bağlı müraciət ediblər. Yəni biz əgər bu dövrdə qəbul edilmiş regionların inkişafı ilə bağlı layihəni səmərəli həyata keçirə bilsək, elə ciddi problemimiz olmayacaq. Amma çoxlu struktur dəyişiklikləri, islahatlar aparmaq lazımdır. Bank islahatlarını daha da çevik, sürətli aparmaq lazımdır ki, bu ili də uğurla başa vura bilək”.
Cia.az
Cia.az
