|
SOCAR Türkiyədə 8 sıxılmış təbii qaz stansiyası quraşdırıb
Türkiyədə İstanbul, Ankara, Mersin, Bursa və İzmir şəhərlərini bir-biri ilə və ətraf bölgələrlə birləşdirən yollarda 200-250 kilometr məsafədə quraşdırılan səkkiz ədəd yeni sıxılmış təbii qaz stansiyalarında - STQ (CNG - Compressed Natural Gas) nəqliyyat vasitələri üçün yeni, iqtisadi baxımdan əlverişli və ekoloji təmiz yanacaq növü təqdim olunur. Bu il stansiyaların sayının artırılması nəzərdə tutulur.
Bu barədə “SOCAR Turkey Petrol Enerji Dağıtım A.Ş.”nin baş direktoru Mutluay Doğan məlumat verib. O bildirib ki, SOCAR “Dual System” ilə Türkiyəyə Mavi Koridor (Blue Corridor) layihəsini təqdim edir. Bu layihə, “SOCAR CNG”nin İstanbulla İzmiri və İstanbul-Ankara-Mersini bir-birinə birləşdirən Türkiyənin əsas magistral yollarında quraşdırdığı “OTO-CNG” stansiyalar şəbəkəsidir: “Bu şəbəkə vasitəsilə Avropadan yola düşən nəqliyyat vasitələri “CNG”yə olan tələbatını Türkiyədə ödəyə biləcəklər”.
 
M.Doğan qeyd edib ki, əvvəllər Türkiyədə sıxılmış təbii qaz stansiyaları şəbəkəsi olmadığı üçün yük maşınları və avtobuslar bundan istifadə edə bilmirdilər: “SOCAR bu çərçivədə lazımi addımları atdı. “CNG” xəttinin ilk hissəsi Gəbzə mahalından başlayaraq Bolu, Ankara və Aksaray stansiyalarından Mersinə, digər hissəsi isə yenə Gəbzədə Bursanın Gemlik, Mustafakemalpaşa və İzmirin Kamalpaşa stansiyalarından İzmirə uzanır”.
Cia.az