|
Ət bazarında qiymətlər dəyişməyib

Ötən ay Gürcüstandan Azərbaycana diri heyvan və heyvandarlıq məhsullarının idxalı adı çəkilən ölkədə xırda və iri buynuzlu heyvanlar arasında Göydil xəstəliyinin yayılmasına görə qadağan edildi. Qadağanın müvəqqəti olduğu bildirilsə də, nə vaxta qədər qüvvədə qalacağı məlum deyil.

Buna baxmayaraq, idxalın qadağan olunması ət bazarına hələ ki, təsir göstərməyib. Ayrı-ayrı mağazalarda və supermarketlərdə heyvandarlıq məhsullarının qiymətləri əvvəlki vaxtlarda olduğu kimidir.

Virtualaz.org saytının əməkdaşları ət bazarındakı vəziyyətlə yaxından tanış olmağa çalışıb.

Şəhərin bir çox supermarketlərində ətin qiyməti 9-10 manatdan başlayır. Qoyun ətinin qiyməti isə 11-12 manat arasında dəyişir.

“Neptun” supermarketində sümüksüz dana əti 10.89 manata, sümüklü ət isə 8 manatadır. Mağazanın administratoru Natiq Babayevin sözlərinə görə, ət idxalı qadağası qiymətlərə təsir göstərməyib. Ətin haradanalındığına gəlincə isə, mağaza əməkdaşları bildirib ki, Yasamal bazarından topdansatış qiymətinə alınır və mağazaya gətirilir.

Ətin sümüklü, yoxsa sümüksüz və heyvanın hansı nahiyəsindən olması da onun qiymətinə təsir edir.

“Araz” supermarketində dana ətinin kilosu 10 manatdır. Bu mağazaya isə məhsullar “Qoç ət” topdansatış mərkəzindən gətirilir.

7-ci mikrorayonda yerləşən ət bazarından da bildirdilər ki, ətin qiymətində son günlər heç bir artım müşahidə olunmayıb. Satıcı Rahim Əhmədovun sözlərinə görə, hazırda dana ətinin kilosu 8 manatdır. Sümüksüz ət isə 10 manatdır. Gənc quzu ətinin kilosu 10 manat, nisbətən yaşlı qoyun əti isə 9 manata satılır. “Bizim indi satdığımız heyvanlar Ağcabədidən gətirilir. Ölkəyə ət idxalı qadağasından sonra hələ ki, qiymətdə artım yoxdur. Əvvəl olduğu kimidir”, - satrıcı belə deyib.

Ət idxalı qadağasından sonra tələbat daxili imkanlar hesabına ödənilməli olacaq. Baxmayaraq ki, 2015-ci ildə xaricdən alınan ət məhsullarının sayı 2014-cü illə müqayisədə daha çox olub. Belə ki, ötən ilin ilk 6 ayı ərzində Azərbaycana 28,9 milyon dollar dəyərində diri heyvan gətirilib. Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda da qeyd olunur ki, 2015-ci il ərzində ət idxalı 2,04% artıb.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov virtualaz.org-a açıqlamasında bildirib ki, idxal qadağası ölkədə ətin qiymətində bahalıq yarada bilər: “Azərbaycanda ət digər ölkələrlə müqayisədə nisbətən baha olduğundan adambaşına düşən ət tələbatını tam ödəmir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının normasına görə, şəxs il ərzində 80 kiloqram ət istehlak etməlidir. Azərbaycanda isə bu rəqəm 25 kiloqramdır, idxalla bir yerdə il ərzində adambaşına 34 kiloqram ət istehlak edilir. Bu da heç tələbatın yarısı da olmur. Xaricdən idxalın qadağan olunması da qıtlıq, nəticə etibarilə bahalıq yaradacaq ki, bu da adambaşına düşən ət istehlakının normadan daha da aşağı düşməyinə səbəb olacaq”.

V.Məhərrəmov hesab edir ki, ət bazarında qıtlıq yaranmasının əsas səbəbi ölkədə heyvandarlığın inkişafının qənaətbəxş olmamasıdır:

“Ət bazarındakı məhsulların əksər hissəsi xarici ölkələrdən idxal olunan məhsullardır. Ölkədə heyvandarlığı inkişaf etdirmək, bunun üçün də bitkiçilik, əsasən də yemçiliyə diqqət ayırmaq lazımdır. Heyvandarlıqla məşğul olan sahibkarların, fermerlərin də xərci devalvasiyadan sonra artıb və nəticədə, ət məhsulları onsuz da bahalaşıb. Yaranacaq qıtlıq bahalaşmanı bir az da artıracaq və vəziyyət bir müddət belə davam edəcək”.

Cia.az