Yeni Azərbaycan Partiyası Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə azərbaycanlı iş adamlarına irad bildirib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Mirzəzadə Rusiya milyarderinin bir auksionda aldığı Nobel medalını misal çəkərək bu addımı öz iş adamlarımızın atmalı olduğunu qeyd edib: “Dünən özbək əsilli Rusiya milyarderi Əlşir Usmanov Lodondakı məşhur Christies auksionunda ABŞ bioloqu Ceyms Uitsonun 1962-ci ildə DNK strukturunu kəşf etdiyinə görə aldığı Nobel medalını hərracda 4,1 ABŞ milyon dollarına aldı.
Biznesmen medalı yenidən dünyaca məşhur alimə qaytarmaq fikrindədir. Bioloq medalını sataraq əldə edilən vəsaiti öz labaratoriyasının inkişafına qoymaq fikrində idi. Rusiya messenantının bu addımı dünya sensasiyasına çevrildi və həm özünün, həm də Rusiyanın dünyada nüfuzunun qalxmasına səbəb oldu”.
YAP funskioneri qeyd edib ki, bu vəsait biznes aləmi üçün böyük rəqəm deyil: “Hesab edirəm ki, bu addımı Azərbaycan və ya azərbaycan əsilli xaricdə yaşayan imkanlı iş adamaları etməli idilər. Ödənilən vəsait biznes sferası üçün elə də böyük vəsait sayılmır. Həmçinin artıq kifayət qədər imkanı olan, dünya səviyyəsində tanınan azərbaycan iş adamaları meydana gəlibdir.
Dəfələrlə ölkəmizin tanınan iş adamları ilə söhbətdə onların vətənpərvər olduqlarının şahidi olmuşam. Həm ölkəmizdə, həm xaricdə xeyirxahlıq əməlləri ilə tanınırlar, messenantlıq artıq Azərbaycan iş adamının qanına hopubdur.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanın kitabxanasının, Parisdə və Strasburqda kilsələrin təmiri, xaricdə məktəblərin tikilməsi göz qarşısındadır. Nobel laureatı medalını alıb onu yenidən sahibinə qaytarmaqla dünya tarixinə Azərbaycanın adını yazmaq, həmim alimə universitetlərimizin əməkdaşlığını qurmaq mükün olardı. Həmçinin dünya Azərbaycanı yendiən tanıya bilərdi”.
