“Komitəmiz ilk dəfədir ki, parlamentin sessiyasının gündəliyinə qanun layihələri təklif etmir”. Bunu parlamentin Əmək və sosial siyasət komitəsinin Milli Məclisin (MM) qarşıdan gələn 2016-cı il yaz sessiyası ilə bağlı yanvarın 28-də keçirilən iclasında sözügedən komitənin sədri Hadi Rəcəbli bildirib.
Gün.az xəbər verir ki, onun dediyinə görə, indi ortada hazır və yaz sessiyasının müzakirəsinə çıxarılması gözlənilən iki qanun layihəsi var: “Onlardan biri ”Əlillərin hüquqları haqqında", biri də “Turizm haqqında” qanun layihələridir". H.Rəcəbli qeyd edib ki, bundan başqa, Əmək Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi də nəzərdə tutulur. Komitə sədrinin bildirdiyinə görə, həmin məcəlləyə dəyişikliklərlə bağlı dinləmələrin də keçirilməsi nəzərdə tutulur.
O, eyni zamanda qeyd edib ki, parlamentdə dinləmələrin keçirilməsinə başlanılıb: “Bundan başqa, dinləmələrin nazirliklərdə keçirilməsi üçün şəraitin yaradılması düzgün olar. Hətta bunun üçün bu yaxınlarda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla danışığımız olub. Nazir bu təklifimizi müsbət qarşıladı”. Deputat bildirib ki, sahibkarlığa dəstək ən vacib məsələlərdən biridir. “Bu gün biz sahibkarları sanki düşmən gözündə görürük. Onlara düşmən imici formalaşdırmışıq. Əmək Məcəlləsində də buna görə dəyişikliklərin edilməsini nəzərdə turuq. Sovet İttifaqından qalmış fikirlə sahibkara düşmən imici formalaşdırmışıq. Hətta deyilir ki, sahibkar quldur, oğru və istismarçıdır. Qanunvericilikdə sahibkarlığa hansı dəstəyin olması ilə bağlı bəzi müddəalarda düzəliş edilməlidir. Biz bunu etməliyik ki, sahibkarların əli-qolu açılsın. Bundan başqa, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı çoxlu dəstəkverici layihələri ortaya çıxarmalıyıq. Bu, Əmək Məcəlləsində də ola bilər”.
Deputat qeyd edib ki, ünvanlı sosial müdafiə ilə bağlı qanun layihəsi yeni modeldə hazırlanmalıdır: “Çünki artıq bu gün bu növ yardımların edilməsi də elektron formadadır. Biz çalışacağıq ki, qanun qəbul olunan zaman maksimum şəffaflığı artıracaq prinsiplər gücləndirilsin. Çünki elə ailələr var ki, orada 2 əlil uşaq var. Yaxud da ki, ailədə hansısa valideyn əlildir. İş qabiliyyəti yoxdur. Ona görə də biz çalışmalıyıq ki, ünvanlı sosial yardımın ünvanını ədalətli təyin edək”.
H.Rəcəbli ona gələn məktublarda Çernobl və Əfqanıstan əlillərinin əsas istək və arzuları bunlar olduğunu söyləyib: “Mənə məktubla müraciət edən əlillərin əksəriyyəti deyir ki, ”nəyə görə biz Çernobl və Əfqanıstan əlillərini Qarabağ əlilləri səviyyəsində tutmurlar". Əslində elə düz deyirlər. Onlar da azərbaycanlıdır. Nə olsun ki, onlar Qarabağda əlil olmayıblar. Yaxud da ki, kantuziyalı, yaxud başqa səbəblərdən əlil olan vətəndaşlarımıza da maşınlar verilməlidir. Biz bunları da qanun layihəsinə salacağıq. Həmin kateqoriyadan olan əlillər də Qarabağ əlillərinin yararlandığı imtiyazlardan yararlanmalıdırlar.Biz həmçinn Əmək Məcəlləsinə də dəyişikliklərin edilməsini nəzərdə tuturuq". H.Rəcəbli onu da vurğulayıb ki, Azərbaycanda ünvanlı sosial yardımın yeni modeli hazırlanır. “Yeni modellə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur. O modelə parlamentdə bir də baxılacaq və müvafiq qərar qəbul ediləcək”.
Deputat qeyd edib ki, Azərbaycanda ünvanlı sosial yardım modeli seçilərkən təməl olaraq Polşa qanunvericiliyi götürülmüşdü: “Burada da zaman-zaman qanunvericilikdə dəyişiklik etmişik. 10-a yaxın sənəd istənilirdisə, sənədlərin sayı azaldılıb, sənədlərin bir ildən bir baxılmasını iki ildən bir etdik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daim axtarışdadır və burada yeni-yeni islahatlar aparmaq istəyirlər”.
“Pensiya yaşına çatıb, gününü keçirən məmura xüdahafiz deməliyik. Yalnız ehtiyac duyulan şəxsləri dəstəkləməliyik. Ola bilər ki, həmin şəxsə müşavir və ya digər status verilər”. Bu sözləri Hadı Rəcəbli modern.az saytının dövlət orqanlarında çalışan yaşlı məmurların ixtisara düşməsi ilə bağlı sualına cavab verərkən deyib. O qeyd edib ki, prezidentin qeyd etdiyi kimi, mümkün qədər ixtisara yer verməmək lazımdır: “Sahibkar maya dəyərini aşağı salmaq üçün işçini azaldır və ya digər addımlar atır. Biz də sahibkarlara deyə bilərik ki, maya dəyərini aşağı salmamaq üçün öncə işçini ixtisara salmamaq barədə düşünsün. Onsuz da hər zaman sahibkarların üzərinə düşürlər. Prezident demişkən, gəlin məmurun əlindən vuraq, sahibkarın başını kəsən məmurun əlini qıraq. Sahibkarın vəsaitini əlindən alan məmuru qınayaq”.
Xatırladaq ki, Milli Məclisin yaz sessiyasının ilk iclası fevralın 1-də keçiriləcək. Plenar iclasın gündəliyinə 16 məsələ daxil edilib. Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi, komitələrin yeni üzvlərinin təsdiqlənməsi, həmçinin parlamentin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planının təsdiq olunması məsələlərinə baxılacaq. Bundan başqa, gündəliyə Azərbaycanın bir neçə ölkələrlə imzaladığı hökumətlərarası sazişlərin təsdiqi ilə bağlı sənədlər də daxil edilib.
Cia.az
