|
"Sonuncu tamaşamız bu binanın divarları ilə vida mərasimimiz idi"
Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonunda həyata keçirilən söküntü, abadlıq işləri ilə əlaqədar həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” Teatrının (M.Muxtarov küçəsi, 83) binası söküləcək. Buna görə də, Azərbaycan Dövlət “YUĞ” Teatrı fevralın 1-dən etibarən fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirəcək. 
Cia.az-ın musavat.com-a istinadən məlumatına görə, “Yuğ”un kollektivi Kukla Teatrına köçürülmələri barədə fikirlərini bölüşüb. 
Əməkdar artisti Məmməd Səfa teatrın binasından ayrılmağın onlar üçün çətin olduğunu bildirib: 
“İllər öncə bu teatrda ilk tamaşa Vaqif İbrahimovun quruluş verdiyi İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” oldu. Bu binada sonuncu dəfə tamaşaçı qarşısına “Boy” tamaşası ilə çıxdıq. Heç vaxt ağlıma gəlməzdi ki, binamız olmayacaq. Həyatdır, hər şeyin əvvəli və sonu var. Burada çox gözəl və nisgilli günlərimiz olub. Sonuncu tamaşamız bu binanın divarları, tavanı ilə vida mərasimimiz idi. Lakin bunun davamı da var. İnşallah, yeni binada fəaliyyətimizi uğurla davam etdirəcəyik. Məni kövrəltmək çox çətindir. Lakin son tamaşadan sonra kövrəldim. Ümid edirəm ki, yeni yerdə işlərimiz daha sanballı, tamaşaçılarımız daha bol olacaq”.
Teatrın rejissoru Mir Sahib Ağazadə kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb:
“Fürsətdən istifadə edib, “YUĞ” teatrının köçürülməsi məsələsində yanımızda olan ictimaiyyətə və mətbuata bizə dəstək olduqları üçün təşəkkür edirəm. Bu məsələ tək bizim deyil, Azərbaycan mədəniyyətinin problemi idi. Məsələ tam olaraq çözülmədi. İctimaiyyətin böyük dəstəyi oldu, bizə... Teatrımızı tanımayan insanlar da “YUĞ”-u tanıdı, bildilər ki, ölkəmizdə uzun illər özəl estetikası, poetikası olan alternativ bir teatr fəaliyyət göstərir. Teatr binasının sökülməsi qərarı yerində qalsa da, teatr kollektivi daha ucqar yerlərə yox, şəhərin mərkəzinə - Kukla Teatrına köçürüldü. Bu hal müəyyən qədər qənaətbəxş sayıla bilər. Kukla teatrının öz kollektivi və repertuarı, estetikası var, bizim orada fəaliyyət göstərməyimiz daimi ola bilməz. Biz 10 il Akademik Milli Dram Teatrının 4-cü mərtəbəsində fəaliyyət göstərmişik. Orada da qarşılıqlı anlaşma şəraitində çalışmışıq. İnanıram ki, Kukla Teatrının rəhbərliyi və kollektivi ilə qarşılıqlı anlaşma ilə fəaliyyət göstərəcəyik. Bu qərara necə etiraz edə bilərik? Bu baş plandır, dövlət qərar verib. Biz də sənət adamları olaraq öz fikrimizi, mövqeyimizi tamaşalarımız ilə göstərəcəyik. Ümidvaram ki, ictimaiyyət “YUĞ” ilə ancaq belə məqamlarda maraqlanmayacaq. Hər zaman tamaşalara gəlib, gedəcəklər”.
Aktrisa Natəvan Qeybani bildirib ki, əsas teatrın fəaliyyət göstərməsidir:
“Bir az kədərli, bir az nisgilliyik. Yalandan deyə bilmərəm ki, hər şey yaxşıdır. Bu binanı tərk etmək ağırdır. Kukla teatrında olmamışam, orada uğurlu iş yeri qurmağın mümkün olduğunu deyirlər. Bir yerdə mövcud olacağımız məni sevindirir. Düşünürəm ki, “YUĞ”-un öz binası olmalıdır. Bizim teatr bənzərsiz, öz estetikası olan teatrdır, onu harasa calaq etmək mənə xoş deyil. Yenə də sağ olsunlar ki, bizə məkan verdilər. Fəaliyyətimiz davam etməlidir, aktyor işləməli, kamilləşməlidir. Bəlkə də belə olmalıydı, canımız bu rütubətli binadan qurtarmalı idi. Bu, yalançı inanc deyil. Mən inanıram ki, bizim öz binamız olacaq və biz orada rahat, sərbəst işimizi görəcəyik. Çünki Vaqif İbrahimovun 20 il çəkdiyi əziyyət yerdə qala bilməz. “YUĞ” Teatrı yarandığı gündən tamaşaçılara xoş anlar yaşadıb. “Teatr məbəddir, təmizlənmə yeridir” fikirlərini qəbul etmirəm. Müəllimimiz də bunu qəbul etməzdi. Teatr teatrdır, orada hansısa akt baş verir. Vaqif müəllimin yaratdığı poetikanı davam etdirməmək günahdır. Bu teatr mənim həyatımda böyük rol oynayıb. Müəllimi itirəndən sonra bizim missiyamız başlayıb. Biz insanlara öyrətməliyik. Şükür olsun ki, bizim fəaliyyətimiz davam edəcək. Kukla teatrının kollektivi yaxşı insanlardan ibarətdir, onlarla problem yaşamayacağıq. Bəlkə də məkan boş şeydir, bu, sınaqdır. Biz sınaqdan da çıxacağıq. Allah yolumuzu açıq etsin”.
Cia.az