|
Bağlanan banklar və dollar əmanətçiləri nə qədər zərərə düşür…

“Mərkəzi Bank artıq sərt addımlara başlayıb, bu ay 4 bankı “yola salıb”.

Yaxın günlərdə daha bir neçə bankın bağlanması gözlənilir. Mərkəzi Bankın belə tələsik addımlarının səbəbi aydındır. Belə ki, səbəb bağlanması planlaşdırılan bankların taleyini "Əmanətlərin tam sığortalanması haqqında" qanunun qəbuluna qədər həll etməkdir. Milli Məclisin növbəti iclası fevralda olacaq. Qanun da fevral ayı ərzində qəbul edilib qüvvəyə minəcək”.

Bunu iqtisadçı ekspert Samir Əliyev deyib.

S.Əliyev hesab edir ki, bağlanacaq bankların əmanətlərini tam qaytarmaq istəmirlər və ona görə belə tələsik addımlar atılır. Yerdə qalan problemli bankların taleyini isə konsolidasiya yolu ilə həll edəcəklər: “Mərkəzi Bankın hazırda atdığı tələm-tələsik və selektiv şəkildə addımlarının bir sıra neqativ fəsadları olacaq və onun zərbəsi əmanət bazarına, xüsusilə də əmanətçilərə dəyəcək. Əmanət bazarının kiçilməsi sürətlənəcək, əhalinin banklara etibarı azaldacaq. Bağlanan banklar arasında xeyli əmanətçi kontingenti olan banklar var. Məsələn, NBCbank 1 dekabr tarixinə 95 milyon manatlıq depozitə malikdir ki, bunun da 68 milyon manatı əhalinin payına düşür. Bu əmanətlərin heç də hamısı qorunmur. Ətrafımda olan xeyli insan tanıyıram ki, onların əmanətinin təxminən 50-60 faizi kompensasiya məbləğinə uyğundur. Yerdə qalanın taleyi bankın maliyyə vəziyyətinin ümidinə qalacaq”.

Ekspertin fikrincə, sonuncu devalvasiya ən çox zərbəni banklarla yanaşı dollar əmanətşilərinə vurdu. Qanunvericiliyə görə, fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Milli valyutaya münasibətdə hər şey aydındır. Payı onsuz da 20 faiz civarındadır. Ancaq dollar əmanətlərində vəziyyət daha faciəlidir. Mövcud hədd ötən ilin bu vaxtları təxminən 38500 dolları tam sığortalamağa imkan verirdisə, hazırda bu rəqəm 19 min dollara qədər azalıb. Əmanətlərin sığortalanması sisteminə ümid edib, məsələn, 30 min dollarlıq (illik 12%) əmanət yerləşdirən və bank bağlanacağı təqdirdə bunun hamısını alacağına ümid edən əmanətçi nəyə görə, əsas məbləğdən 11 min dollar (18 min manat) itirməlidir və ümidini bankın vəziyyətinə bağlamalıdır? Artıq mövcud yanaşmada dollar əmanətçiləri ilə manat əmanətçiləri arasında diskriminasiya yaradılır. Axı manatın ucuzlaşması hökumətin qərarı əsasında baş verib. Valyuta ehtiyatını qorumaq üçün atılan addımın zərbəsi təkcə kredit sahiblərinə yox, həm də ləğv edilmiş banklardakı dollar əmanətçilərinə dəyib. Buna görə də, hökumət “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik edərək kompensasiya olunan məbləği 50 min manata (təxminən 31250 dollar) qaldırmalıdır və bunu bağlanmış bankların əmanətlərinə də şamil etməlidir”.

Cia.az