“Hər gecə ən azı 12 dəfə vanna otağına gedirəm. Belimdə, qarnımda daim ağrılar var. Üstəlik, gündə 6 min kalori yeməliyəm.
Çətindir, çox çətindir. Amma əzab çəksəm də, sevinirəm”. Avstraliyanın Pert şəhərinin sakini, 26 yaşlı Kim Tuççi hamilədir. Onun hamiləliyinin başa çatmasına az qalıb. 4 ay əvvəl keçirilmiş ultrasəs müayinəsi Kimin bətnində beşəm əkizlər olduğunu göstərib. Beləcə, Kim ana olacaq və bir gündə 5 övladını dünyaya gətirəcək.
Milli.az tanınmış fotoqraf Erin Elizabetin facebook səhifəsinə istinadən bildirir ki, iki qız anası olan Kimin beşəmləri dünyaya gələndən sonra Tuççi ailəsindəki uşaqların sayı 7-yə çatacaq. “Üçüncü övladıma hamilə qalanda artıq bilirdim ki, bətnimdəki tək uşaq deyil, əkizlərdir. İki övlad olduğunu düşünürdüm. Amma bətnimdə 5 nəbzin vurduğunu öyrənəndə şoka düşdüm. Onlar 5 nəfərdir. Dörd qız və bir oğlan...” - Kim Tuççi facebookdakı səhifəsində yazıb.
Onun facebookdakı “Surprised by Five” səhifəsinin daimi təqibçilərinin sayı artıq 136 mini keçib. Kim Tuççi bildirir ki, gündə üç dəfə yeyir və hər dəfə bir adamın gündəlik rasionundakı kaloriləri qəbul edir: “Bu minvalla hər gün üç adamın yeməyini yeyirəm. Bətnimdəki 5 insan bu qədər yeməyimi şərtləndirir”.
Cia.az
