Yanvarın 26-da Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi döyüb öldürənlərin növbəti məhkəmə prosesi oldu. Hakim Eldar İsmayılovun sədrliyi ilə davam edən prosesdə şahidlər ifadə verdilər.
İlk olaraq, hadisə ilə bağlı tutulan, amma cinayət işi ayrı icraata götürülən “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun ifadəsi dinlənildi. O, hadisə haqda dedi: “Avqustun 8-də evdə ailəmlə oturmuşdum. Bibim oğlu Elşən WhatsAppda mənə yazdı ki, xəbərə bax, sənin haqqında pis yazıblar. Dedim ki, eybi yoxdur, jurnalistdir, qoy yazsın. O dedi ki, artıq Rasimlə danışmışam, məsələyə mən də qarışmışam. Rasimin ona ana söyüşü söydüyünü bildirdi. Elşəndən Rasimin nömrəsini alıb, ona zəng elədim. Özümü təqdim etdikdən sonra onunla uzun müddət danışdıq. Söhbətimiz normal keçdi. Facebookda belə status yazmasının səbəbini soruşdum. O, belə əsaslandırdı ki, göstərdiyin əl hərəkəti ilə yunan həmkarıma qarşı hörmətsizlik etmisən. Məsələni ona izah elədim. Hərəkətimdə heç bir hörmətsizlik etmədiyimi, həmin işarə ilə Türkiyə ilə qardaş olduğumuzu göstərdiyimi onun diqqətinə çatdırdım. O da məni başa düşüb, üzr istədi. Dedim ki, mümkün olsa, mənimlə danışdığını, məsələni səhv anladığın üçün üzr istədiyini sosial şəbəkələrdə yaz. Ardınca Elşənə zəng eləyib dedim ki, heç nəyə ehtiyac yoxdur, Rasimlə danışıb məsələni bağlamışıq, o məndən üzr istəyib.

Futbolçu jurnalistin döyülməsi və ölməsini belə şərh etdi: “Elşəngilin Rasimlə görüşə getdiyindən, aralarında nələrin baş verdiyindən xəbərim olmayıb. Məşqdən çıxmışdım, Elşən mənə zəng elədi ki, Rasimlə görüşdüm, ona təpik vurdum. Rasimin qaçdığını dedi. Elşən məni saymadığına görə onu çoxlu danladım. Sonra gördüm ki, saytlar yazıb, Rasim Əliyevi Cavid Hüseynovun qohumları döyüb, o, xəstəxanaya düşüb. Elşənə dedim ki, necə vurmusansa, Rasim xəstəxanaya düşüb. Rasimin yanına xəstəxanaya getdim. Orada Rasimlə görüşdüm. O dedi ki, sənin bibioğlun məni çay içməyə dəvət elədi və döydü. Orda bildim ki, Rasimin telefonu və pulqabısı hadisə yerində yoxa çıxıb. Rasimdən üzr istəyib xəstəxanadan çıxdım. Hadisənin səhəri gün Qəbələyə gedirdim. Yolda qardaşım Almaniyadan zəng elədi ki, Rasim ölüb. Tələsik Elşənə zəng elədim ki, özünə vəkil tut, get, təslim ol. Hər şeyi olduğu kimi danışmasını tapşırdım. Rasimlə danışanda hər şey yaxşı idi. Bilsəydim ki, onu orda yaxşı müalicə eləmirlər, öz hesabıma hara lazımdısa ora aparıb, müalicə etdirərdim”.
Futbolçunun ifadəsinin ardından bibisioğlu Elşən İsmayılov bildirdi ki, hadisəyə görə digər həbs edilənlərin heç bir günahı yoxdur: “Uşaqlar davaya getdiyimi bilmirdi. Elə bilirdilər ki, çay içib söhbət edəcəyik. Mənə ana söyüşü söymüşdü, bu da mənə pis təsir eləmişdi”.
Daha sonra hadisə baş verən vaxt həmin ərazidə olan iki nəfər şahidin ifadəsi alındı. Ardınca hakim Eldar İsmayılov prosesdə fevralın 2-nə qədər fasilə yarandığını elan etdi.
Məhkəmədən sonra zərərçəkmiş tərəfin vəkili Fariz Namazlı açıqlama verdi: “Cavid Hüseynovdan sonra sonra iki şahid dindirildi. Onlardan biri hadisə vaxtı ”Bayıl" marketin yanında olub. O dedi ki, hadisənin sonunu görüb. 3-4 nəfərin Rasimi döydüyünü, onun da qaçdığını bildirdi. Digər şahid isə Elşən İsmayılov və Cavid Hüseynovun qohumu idi. Demək olar ki, hadisəyə aidiyyəti olmayan şəxs idi. O bildirdi ki, Rasimin ölümü barədə hadisənin səhərisi gün məlumat tutub. Onu da qeyd etdi ki, hadisəni eşidən kimi Elşənin evinə gedib, onun peşmançılıq çəkdiyini görüb. Ona hüquq-mühafizə orqanlarına təslim olmağı məsləhət görüb. Digər şahidlər məhkəmə iclasına gəlmədiklərinə görə prosesdə fevralın 2-nə qədər fasilə yarandı. Növbəti iclasda digər şahidlərin ifadələri alınacaq".
Mərhum jurnalistin atası Məmmədəli Əliyev də açıqlama verdi: “Bu prosesdə yalnız şahidlərin ifadələri oldu. Cavid Hüseynov elə danışdı ki, guya onun günahı olmayıb. Davanın da onun üstündə olmadığını, bu barədə heç kəsə tapşırıq vermədiyini iddia edir. Amma hər kəs bilir ki, hadisə Cavidə görə olub. Yəni hadisənin məğzi odur. Deyir ki, Rasim söyüş söyüb. Elşəni oğlum tanımırdı, ona söyüş söyə bilməzdi. Bir də Rasim söyüş işlədən deyildi. Övladım olduğuna görə demirəm. Cavid absurd ifadələr verdi. O, tülkü kimi həqiqətlərdən qaçır. Yanvarın 27-də onun məhkəməsi başlayır. İşini ayrı icraata götürüblər. Görünür, hansısa dairələrin maraq dairəsində olub. Cavid bu məhkəmədə, yəni 5 nəfərlə birlikdə mühakimə olunmalı idi. Ona cəza da burada verilməli idi. Buna, sadəcə, təəssüflənirik. Yəqin ki, buna susmayacağıq. Gələcəkdə müəyyən planlarımız var. Çıxarılacaq qərar üzrə hərəkət edəcəyik”.
Qeyd edək ki, Cavid Hüseynovun məhkəmə prosesi bu gün Səbayel Rayon Məhkəməsində saat 12:00-da başlayacaq. Hakim Elmar Rəhimovdur.
Cia.az
