|
İçərişəhərdə meydan tamaşaları göstəriləcək

Azərbaycanın milli bayramı olan və UNESCO-nun təşəbbüsü ilə bütün dünyada qeyd edilən Novruz bayramı ərəfəsində Bakıda Beynəlxalq meydan tamaşaları festivalı keçiriləcək.
Axşam.az-ın məlumatına görə, bu barədə Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan deyib.

Onun sözlərinə görə, martın 20-də keçirilməsi nəzərdə tutulan festivalla bağlı artıq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşma əldə olunub.

Bildirilib ki, bayram münasibətilə İçərişəhərin müxtəlif yerlərində xarici ölkələrdən gəlmiş ayrı-ayrı teatrların ifasında tamaşalar təqdim olunacaq. Şəhərimizin əhalisi və qonaqlarına xoş əhval-ruhiyyə bəxş etmək üçün hər gün 10 tamaşanın nümayişi nəzərdə tutulur.//buro247.az