|
ADP-dən Əli Kərimliyə hədə...

ADP sədri Sərdar Cəlaloğlu ilə AXCP rəhbərliyi arasında gərginlik daha da qızışıb. Cəbhəçilər ADP sədrinə qarşı sərt reaksiya göstərməkdə davam edirlər. AXCP sədri Əli Kərimlinin müavini Nurəddin Məmmədli publika.az-a açıqlamasında Sərdar Cəlaloğlunu Hafiz Hacıyevlə müqayisə edib: “Əvvəllər Sərdar Cəlaloğlunun dedikləri mötəbər məzmun daşıyırdı.

Bu gün Sərdar Cəlaloğlu Hafiz Hacıyevin savadlı variantıdır. Daim təriflənən, hər yerdə hörmətli insan kimi qəbul edilən bu adam indi qınaq obyektidir. Ona görə də ciddi kompleksləri formalaşıb. Hamıya düşmən kimi yanaşır. Qurani-Kərimdə səhv axtarır, Füzulini, Babəki, Səməd Vurğunu düşmən elan edir.

Tərk etdiyi cameədə ləyaqət hissini qoruyub saxlayan, getdiyi yola sadiq olanlara qənim kəsilib, satqınlığı təbliğ edir. Vaxtilə YAP-in zirvəsində oturanları təhqir edən bu adam, indi YAP-ın süpürgəçisi ilə bir yerdə oturub Azərbaycanın problemlərini müzakirə etmək üçün dəridən-qabıqdan çıxır. Bir sözlə, Sərdar Cəlaloğlu Azərbaycan xalqı üçün itirilmiş adamdır. Onun dedikləri vicdanlı insanların ürəyini bulandıra bilər, vəssalam. Amma nəyisə dəyişdirə bilməz. Ona görə də ciddiyə alıb baş qoşmağa ehtiyac görmürəm".

AXCP-dən Sərdar Cəlaloğlunun ünvanına aşağılayıcı fikilər, ittihamlar irəli sürülməsinə ADP sədrinin birinci müavini Həsrət Rüstəmov münasibət bildirdi. “Yeni Müsavat”a açıqlamasında H.Rüstəmov öncə dedi ki, yaranmış gərginliyin səbəbkarı Sərdar Cəlaloğlu deyil, çünki birinci o başlamayıb: “Bu ittiham olduqca gülünc səslənir ki, Sərdar Cəlaloğlu guya hakimiyyətin sifarişi ilə Əli Kərimliyə qarşı fikirlər söyləyib. Sərdar bəyi tanıyanlar yaxşı bilir ki, o həmişə öz fikri olan, heç vaxt sifarişlə danışmayan siyasətçidir. Əgər hakimiyyət Əli Kərimlini vurmaq istəyirsə, bunun üçün əlində Əli Kərimli səviyyəsində yüzlərlə adamlar var, onların vasitəsilə vurar. Əli Kərimli bu gün elə bir böyük fiqur və maneə deyil ki, hakimiyyət onu söydürmək üçün əlavə vasitələrdə, Sərdar Cəlaloğlu masştabında bir adamdan istifadə eləsin. İkincisi, Əli Kərimlinin ətrafındakılar hər şeyi öz arşınları ilə ölçdükləri üçün elə bilirlər ki, hər kəs onlar kimi hakimiyyət tərəfindən istifadə olunub və ya olunur. Bu qarşıdurmanı Sərdar bəy başlamayıb. Əli Kərimlinin müavinlərindən biri sosial şəbəkədə küçə uşağı səviyyəsində təhqir işlədib. Sərdar Cəlaloğlu buna reaksiya verməyə məcbur olub. Özü də reaksiyası təhqir şəklində olmayıb”.

H.Rüstəmov keçmiş partiyadaşı Nurəddin Məmmədlinin S.Cəlaloğlu haqqında ifadələrinə isə belə münasibət bildirdi: “Mənim Nurədddin Məmmədliyə yazığım gəlir. Görün hansı miskin durumdadır ki, oğlu yaşında birisinin təhriki ilə vaxtilə dost olduğu, yoldaş olduğu Sərdar Cəlaloğlu barəsində o cür danışır. Görün bu adam ağsaqqal yaşında necə acınacaqlı tale yaşayır. Bu gün hakimiyyətə qarşı mübarizədən danışan Nurəddin Məmmədli o adamdır ki, Sərdar Cəlaloğlu həbsdə ola-ola ADP-ni atıb Əli Kərimlinin yanına getmişdi. Bu hərəkətindən xəcalət çəkmək əvəzinə, indi də Sərdar bəyə qarşı təhqiramiz ifadələr işlədir. Mən professor olan bu adamın düşdüyü məzlum durumdan ürək ağrısı keçirirəm. Söyüş söymək məharət, savad tələb eləmir. Əli Kərimli onu-bunu, gəncləri qabağa verib söyüş söydürməsin, bacarığı çatırsa, çıxsın özü Sərdar Cəlaloğluna cavab versin. Gəncləri söyüşə öyrətməsin və tərbiyəsiz hala salmasın”.

Nurəddin Məmmədlinin fikirləri S. Cəlaloğlunun böyük qardaşı, Qarabağ əlili Əbdül Məmmədlinin də qəzəbinə tuş gəlib. O, Nurəddin Məmmədliyə vaxtilə S. Cəlaloğlunun müavini olduğunu xatırladıb: “Məndə bir vaxtlar Sərdardan ağıllı lider görməyən Nurəddin Məmmədlinin müavini olduğu partiyanı tərk edərək daim söydüyü Əli Kərimliyə hansı səbəbdən müavin getdi sualı yaranır. Siz özünüz də bilirsiniz ki, Sərdarı başa düşmək üçün burada rəy yazanların heç birinin nə ağlı, nə savadı, nə dünyagörüşü çatmaz. Əgər doğrudan da içi siz qarışıq, partiyanızın sədri başda olmaqla, ağıllı insan varsa, masa arxasında oturub müzakirə edin və Sərdarın ağlının olmadığını sübut edin. Onun dediyi bir kəlmənin belə mənasını anlamayan, yazdıqlarını oxumadan, sizin yazdıqlarınıza ”ləbbeyk" deyən nadan insanların vasitəsilə təhqirlərə düçar qoymaq istədiyiniz adamın kimliyini ağıl və təfəkkürünü siz daha yaxşı bilirsiniz. Hansı ağıl və zəka ilə Sərdar Cəlaloğlunu hansısa ağıldankəmlərə söydürürsünüz? Sərdarın da Əli Kərimli kimi bir neçə maşını, cangüdənləri, villası varmı? Sizlər onun səviyyəsinə çatmadan aşağıdan yuxarı daş atmaqla heç nə əldə edə bilməzsiniz".

S.Cəlaloğlunun qardaşı cəbhəçilərə xəbərdarlıq da edib. O, qardaşını təhqir edəcəkləri təqdirdə bildiyi çox mətləbləri açacağını deyib.