|
“Müxalifətin birliyi inandırıcı deyil...”
İki gün əvvəl 10-dan artıq müxalifət partiyasının və siyasi təşkilatın bir araya gələrək geniş toplantı keçirməsi birmənalı qarşılanmır. İqtidar düşərgəsi müxalifətin birliyinə və böhrandan çıxmaq üçün verəcəyi təklifləri ciddi qəbul etmir. Həmçinin bildirilir ki, onların verəcəyi təkliflər iqtidara lazım deyil. 
Deputat Zahid Oruc isə bildirib ki, hakimiyyətə müxalifətin verdiyi təkliflər lazım deyil: “Əlbəttə ki, normal siyasi həyatda hər bir partiyanın, təşkilatın ölkədəki proseslərə dair mövqeyi formalaşır. Çox önəmli olanları müxtəlif vasitələrlə ictimailəşdirirlər. Onlar gələcəkdə hər hansı dövləti fəaliyyətdə nəzərə alınır. İstər Avropa ölkələrində, yaxud qardaş Türkiyədə belədir. Ancaq Azərbaycanın daxili həyatında son on illər ərzində müxalifətin fəaliyyəti üçün bir xarakterik xüsusiyyətlər olub. Bu da devalvasiya oldu-olmadı, o partiyaların, hərəkatların arasındakı ziddiyyətlər o qədər böyük olub ki, Azərbaycanın sadə insanı öz taleyini bu təşkilatlarla bağlamaq istəməyib. Məsələn, düşünəndə ki, Azərbaycanda bir Xalq Cəbhəsi adına iki partiya iddia edir, istənilən adamın sual verməyə haqqı var ki, bu təşkilatın təmsilçiləri gəlib ölkəni necə birləşdirəcəklər? 
 
Sual verərlər ki, birinci olaraq Elçibəy idealları altında öz birləşmənizi həyata keçirin. İkinci tərəfdən, bir-biri arasındakı ziddiyyətlər çox böyükdür. Hətta son dövrdə onu aradan qaldırmağa çalışsalar da, seçki prosesi başa çatan kimi vəziyyət əvvəlki mərhələyə qayıdıb. Üçüncüsü, bir sıra müxalif qüvvələr məlum səbəblərdən ölkənin real həyatından xeyli ayrı düşüblər. Yəni onların baxışlarına görə atılacaq addımlar Azərbaycanı gerçək fəlakətlə üz-üzə qoyar. Məsələn, hələ də manatın dollar qarşısında devalvasiyasından, manatın real alıcılıq qabiliyyəti məsələsində qarışıqlıq yaradan adamların ölkənin real həyatına bağlı köklü sabitləşdirmə proqramları və yaxud antiböhran sənədləri təqdim edəcəyinə inanmıram. Bu mənada, düşünürəm ki, onların baxışlarında min faizlik devalvasiya var. Yəni müxalifət özü qat-qat devalvasiyaya uğrayıb və bu mənada onlardan çox səriştəli, real təhlili mövqelər alaraq dövləti kursa həmin müddəaları gətirmək və onları tətbiq etmək gerçəkdən yolverilməz olar. Məsələn, son dövrlər onların bir neçə məsələyə baxışını görməkdəyik. Tutaq ki, hökumətin ikili fəaliyyətlərini təklif etdikləri halda, bu, partiyaların devalvasiyadan bu yana ilk toplantısıdır. 
 
Harada göstərirlər onlar operativliyi? Hansısa epizodik status paylaşımları hər hansı ölkənin həyatını qurmaq üçün əsas götürülə bilməz. Dövlət feysbukla idarə olunmur ki... Onlar əhəmiyyətlidir cəmiyyət üçün, auditoriya üçün gərəklidir. Hətta İranın Ali Dini Şurasının rəhbərinin də sosial mediada hesabları var. Amma o demək deyil ki, İran feysbuk vasitəsilə yönləndirilir. O cümlədən də Azərbaycanda bu adamlar virtual aləmin təsirinə o qədər aludə olublar ki, elə düşünürlər ki, gerçəkdən onların ağıllarında, şüurlarında, fikirlərində olan real dövlət krusuna çevrilə bilər. Hətta 90-ci illərdə də belə etdilər və yanlışlıqlar oldu. Yəni meydanda verilən bəyanatı avtomatik dövlətin kursuna çevirib İrana, Turana və sairəyə iddialarla çıxış edəndə ağır nəticələri oldu. Bu mövqelərimin içərisində qətiyyən müxalifəti aşağılamaq mövqeyini tutmuram. Ancaq onların heç rəhbərləri bildiyim qədər o tədbirə qatılmayıblar. İkinci tərəfdən, real olaraq, irəli sürülən fikirlər yenə də hakimiyyət üçün artıqdır. Əminəm ki, artıq prezidentin 18 yanvar müşavirəsindən sonra da atılan köklü addımlar maliyyə-iqtisadi sferada sabitləşməyə əsas verdi, buna imkanlar yaratdı. Ona görə də öz düşüncələrində, fikirlərində və siyasi baxışlarında devalvasiyaya uğramış və manatdan qat-qat aşağı nöqtədə dayananların mövqeyini hökumət üçün götürmək, məncə, real deyil”.
Deputat Fəzail Ağamalı isə qeyd edib ki, müxalifətin indiki durumda da birləşməsi real görünmür: “Hər halda, ən müxtəlif vaxtlarda, ən müxtəlif zaman kəsiyində müxtəlif səbəblərlə, çağırışlarla, bəhanələrlə müxalifətdə olan partiyalar bir araya gəliblər. Çağdaş Azərbaycan tarixi bizim önümüzdə nümayiş etdirib. Lakin bu bir araya gəlmə, hətta yaradılmış olan müxalifət partiyalarının bloku, müxtəlif birliyi uzun ömürlü olmayıb. Onlar öz fəaliyyətlərində cəmiyyət üçün, onun inkişafı üçün, dövlətimizin tərəqqisi üçün ciddi xarakter daşıyan proqramlar ortaya qoya bilməyiblər. Məsələ epizodik müzakirələrdən o tərəfə keçməyib. İndiki zaman kəsiyində artıq yaranmış olan situasiyadan çıxmaq və Azərbaycanın dünyanı bürümüş olan maliyyə-iqtisadi böhrandan daha az itki ilə çıxmasını təmin etmək üçün ölkə prezidenti ciddi addımlar atmaqdadır. Bu addımlar artıq konkret nəticələrini verməkdədir. Belə bir şəraitdə müxalifətin bir araya gələrək yaranmış situasiyaya hər hansı töhfə vermək, hər hansı situasiyadan çıxmaqla bağlı konkret proqram ortaya qoyması inandırıcı görünmür. İndiki müxalifətin toplantısı da inanmıram ki, gələcəkdə yeni bir blokun yaranmasına gətirib çıxara bilsin. Çünki bunlar hər zaman bir yerdə olublar. Ola bilsin ki, bir-iki partiya az və çox dərəcədə bu cür toplantılarla birləşiblər, ya yox, nəticə etibarı ilə bu cür birləşmələr cəmiyyətdə, Azərbaycan siyasi mühitində və ictimai rəydə ciddi xarakter daşıyan bir nəticə verməyib. Bu baxımdan, mən güman etmirəm ki, bu toplantı hər hansı birliyə və parlamentdən kənarda olan müxalifət partiyalarının hər hansı birliyinə gətirib çıxarsın. Bu,  inandırıcı görünmür”.
Cia.az