|
Bədii Tərcümə Mərkəzi ilə Varşava Universiteti arasında növbəti əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə Mərkəzi ilə Polşanın Varşava Universiteti arasında növbəti əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu AYB tərəfindən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, Polşa tərəfdən isə Varşava Universiteti Mərkəzi və Şərqi Avropa Mədəniyyətlərarası Əlaqələr Kafedrasının dosenti Andrey Moskvin imzalayıblar.

Mərkəzin sədri Səlim Babullaoğlu AZƏRTAC-a verdiyi eksklüziv müsahibəsində bildirib ki, “Müasir Azərbaycan dramaturgiyası kiçik antologiyası”nın polyak dilinə tərcüməsini və nəşrini təşkil etmək üçün əsas olacaq bu sənədə görə tərəflər antologiya üçün müəlliflərin, mətnlərin, mövzuların seçimini bir-biri ilə razılaşdırır və mərkəz tərcümə və nəşr işinin maliyyələşdirilməsini qismən öz üzərinə götürür. Eyni zamanda Mərkəzi və Şərqi Avropa Mədəniyyətlərarası Əlaqələr kafedrası tərəflərin razılaşdırdığı mətnlərin peşəkar tərcüməsinə və nəşrinə, habelə antologiyanın Polşanın, xüsusən də Varşavanın lazımi teatr və kitabxanalarına gedib çatmasına zəmanət verir.

S.Babullaoğlu deyib: “Andrey Moskvin peşəkar ədəbiyyatçı, bu sahəni yaxşı bilən bir alimdir. Həmçinin, tanınmış teatr tənqidçisi və tərcüməçidir. Polyak dilində Belarus və Ukrayna antologiyalarını da məhz o hazırlayıb. Düşünürəm ki, bizim əməkdaşlığımız uğurlu olacaq. Polşa vacib ölkədir. Əgər biz Şərqə qapıyıqsa, Polşa da Qərbə qapıdır. Polşanın dünyadakı siyasi çəkisi getdikcə artmaqdadır. Bizim xalqlarımızın və dövlətlərimizin taleyində oxşar və kəsişən məqamlar çoxdur. Polyak ədəbiyyatı və polyak dili vacib dildir, qərb intellektuallarının bir gözü həmişə Polşada olub, bu gün də belədir. Polşa həm də kino və teatr ölkəsidir. Bizim onların təcrübəsindən öyrənə biləcəyimiz şeylər çoxdur. Azərbaycan ədəbiyyatının, o cümlədən teatrımızın bu ölkədə tanıdılması olduqca əhəmiyyətlidir”.

Cia.az