SOCAR-ın əsaslı kapital qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyev həyat yoldaşının Türkiyədə 20 milyon dollara 16 villa alması barədə iddiaları təkzib etdi.
Rəis müavinin sözlərinə görə, mediada yayımlanmış fotolardakı xanım onun həyat yoldaşı deyil. ANS-in “Xəbərçi” Proqramında qonaq olan Q.Mehdiyev bildirdi ki, yayılan məlumatların heç biri həqiqətə uyğun deyil: “Bu, mənə və ailəmə qarşı aparılan çirkin kampaniyadır. Mənim xanımım Türkiyədən yalnız 1 villa alıb, onun da qiyməti 60 min dollar civarındadır. Düşünürəm ki, bu qiymətə ev almaq hər bir normal ailənin büdcəsinə uyğundur. Kim mənim xanımımın adına başqa bir ev olduğunu sübut etsə, həmin villanı ona bağışlayacağam”.
Qeyd edək ki, sözügedən “20 milyona 16 villa” xəbərinə tannmış şəxslər də tənqidi reaksiya veriblər. Bu sırada millət vəkili Zahid Orucun fikirləri sərtliyi ilə fərqlənib. O, Qiymət Mehdiyevi dövlətin nüfuzuna xələl yetirən davranışlarda günahlandırıb. Millət vəkili Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin özünü qınaq obyektinə gətirəcək fikirlər səsləndirib.
“AZƏRFAKS”ın əməkdaşı SOCAR-ın əsaslı kapital qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin ANS-dəki çıxışının ardınca Z.Orucla əlaqə saxlayıb. Millət vəkili birinci açıqlamasına aydınlıq gətirərək qeyd edib ki, onun hədəfində SOCAR prezidenti Rövnəq Abdullayev olmayıb. Açıqlamasının qərəzdən uzaq olduğunu və yalnız dövlət təəşübkeşliyi prizmasından çıxış etdiyini deyən millət vəkilinin sözlərinə görə, onun əsas istəyi Qiymət Əliyevin məsələ ilə bağlı açıqlama verməsi olub: "Söhbət ölkənin mühüm maliyyə qurumunin rəhbər şəxslərindən biri haqda gedən məlumata aydınlıq gətirilməsindən gedir. Mənim istəyim də elə budur. Mən məsələyə münasibət bildirəndə də əsas istəyim dövlətin adının qorunması idi. Xəbər meydana çıxırsa müəyyən bir hədəfə yönəlir və ətrafında informasiya kütləsi yaradır, təəssüratlar, reaksiyalar doğurur. Əgər belə bir həssas dönəmdə meydana belə bir xəbər buraxılırsa, zaman gözləmədən məsələyə aydınlıq gətirmək lazım idi.
Z.Oruc hesab edir ki, məsələyə aydınlıq gətirilib, lakin təəssüflər olsun ki, xəbərə dərhal yox, iki gündən sonra reaksiya verildi: "Sosial şəbəkələrdə məsələ geniş müzakirə olundu. Bilirsiniz, dövlət qarşısına ciddi iqtisadi, maliyyə siyasəti, islahatlar planı qoyub. Belə bir məqamda bu cür informasiyaların mətbuatda yer alması təəssüf doğurur. Məndə olan məlumata görə, məlumatın dövriyyəyə buraxılmasında bəzi dairələrin marağı olub. Neft Bakı və Azərbaycanla birgə assosiasiya olunursa, hər kəsin, o cümlədən sözügedən qurumda çalışan insanların bunu nəzərə alması çox önəmlidir. Artıq Şirkətin rəhbərliyinin tapşırığı ilə verilən təkzib bəyənatı problemə aydınlıq gətirdi və ümidvarıq ki, müxtəlif xarici korporativ dairələrin bundan sonrakı zamanlarda ehtimal olunan informasiya diversiyalrına anındaca cavab veriləcək. Hamımızın fəaliyyətinin başlıca məramı dövlətin adının və mənafelərinin uca tutulmasıdır. Ona görə də informasiya məkanında səs-küy doğuran xəbərlərə dərhal reaksiya verilməlidir. İndiki şəraitin həssaslığı fonunda müxtəlif dairələr hakimiyyət orqanlarını hədəf seçərkən cəmiyyətin daxili inamı və şübhələri üzərində çox yaxşı hesablanmış ssenarilər qura bilirlər. Ona görə də Azərbaycanın orta ranqlı məmuru üzərindən plan quruluğu görünən kimi dərhal təkzib bəyanatı verilməlidir ki, müxtəlif söz-sözhbətlərə meydan qalmasın. Çünki informasiya nüvə silahı kimidir. Onu sən idarə edirsənsə, düşməni özünlə hesablaşmağa vadar etməlisın. Yoxsa, psixoloji savaşı başqaları qazanır. SOCAR Azərbaycanın dünyada tanınmış ən böyük iqtisadi nəhəngidir. Bu simvolları qorumaq lazımdır".
Cia.az
