“İndi Azərbaycan məhkəmələri tərəfindən hüquqları tapdalanan övladımın əsgərlik yaşı çatanda onun hüququ tapdalanmış olduğu bu Vətənə borcu yada düşəcək. Və onu əsgərliyə çağıracaqlar. Bəs onda doğulduğu ölkədə onun hüquqlarının hansı səviyyədə qorunduğu yada düşəcəkmi?” Bu sözlər Bakı sakini Sənubər Əhmədovanın redaksiyamıza surətini yolladığı məktubdan götürülüb.
Prezident İlham Əliyevə, Ali Məhkəmənin sədrinə, BMT-nin Azərbaycandakı nümayəndəsinə, ABŞ-ın, Norveçin, Rusiyanın Azərbaycandakı səfirlərinə göndərilən məktubda S.Əhmədova Azərbaycan məhkəmələrində üzləşdiyi qanunsuzluqlardan şikayətlənir və tədbir görülməsini istəyir: “Zamir Hacıxanovla 2010-cu ilin noyabr ayında ailə qurmuşdum. Lakin keçmiş həyat yoldaşımın cindarlıqla məşğul olması, narkotiklərdən istifadə etməsi və digər məsələlər birgə yaşayışımızı mümkün etmədi. 2014-cü ilin mayında məhkəmə qərarı ilə boşandıq. Birgə nikahdan isə Məhəmməd adlı oğlumuz dünyaya gəlib. Boşandıqdan sonra məhkəmə qərarı ilə uşaq məndədir. Nikah dövründə Sabunçu rayonu, Sabunçu qəsəbəsi Y.Saratov küçəsi 85 ”b" ünvanında 2 otaqlı mənzildə yaşamışıq. Həmin mənzil keçmiş həyat yoldaşımın anasına iş yerindən verilib. Sonra mənzil icarəçiliyini mənzil alan öz qızına dövr edib. Xatırladım ki, mənzil hələ də dövlət əmlakıdır. Boşandıqdan sonra Sabunçu Rayon Məhkəməsində nikah dövründə həmin ailə üzləri ilə birlikdə təsərrüfat apardığımızı və həmin ailənin soyadını daşıyan uşağımızın dünyaya gəldiyini əsas götürüb mənzilə köçürülməyim haqda iddia qaldırdım. Lakin Sabunçu Rayon Məhkəməsinin hakimi Elşən Kazımov 23 iyun 2015-ci il tarixli qətnaməsi ilə iddiamı təmin etmədi. Həmin qərardan apelyasiya şikayəti versəm də Bakı Apelyasiya Məhkəməsinin hakimi İsmayıl Vəliyev də 14 oktyabr 2015-ci il tarixli qərarı ilə həmin hökmün qüvvədə qalması haqda qərar çıxarıb. Hakimlər yazırlar ki, mən və övladım icarədarın qohumu olmadığımızdan həmin mənzildə yaşayış hüququmuz tanınmır. Deyək ki, mən yadam. Bəs həmin mənzildə anadan olmuş, bir yaşına kimi həmin mənzildə böyümüş və həmin ailənin soyadını daşısan uşağın necə, həmin mənzildə yaşayış hüququ yoxdur?"
Müraciət müəllifi məhkəmələrdə qarşılaşdığı hallar haqda da yazır: “Azərbaycan məhkəməsi bir çox məhkəmə məmurlarının cibininin doldurulmasına xidmət edir. Hakimlər isə necə istəsə, elə qərar çıxara bilirlər. Hətta deyilənlərə görə, Azərbaycan məhkəməsində belə bir prinsip var: ”Geriyə yol yoxdur". Yəni aşağı məhkəmə instansiyası nə qərar çıxarırsa, yuxarı məhkəmə instansiyası da o qərarı təsdiqləyir. Bəzi hallarda isə onun dəyişdiriməsinə ya “güclü” bir məmur işə qarışması ilə və ya “yaxşı xəcalətdən çıxmaq” vasitəsilə nail olmaq olar.
Qarşı tərəf, yəni keçmiş həyat yoldaşım ismarıc göndərib ki, “gördünmü mən istəyən kimi oldu, vəkil vasitəsilə 1500 manat Kazımova, 500 manat isə İsmayıl Vəliyevə ötürdüm, istədiyim oldu”. Hər 2 hakim tərəfindən çıxarılan qərarlar əsassızdır. Hakim Elşən Kazımovun çıxarmış olduğu qətnamədə nümayəndəmin qanuna istinadən uşağın hüquqlarının müdafiəsi üçün təqdim etdiyi faktlar əksini tapmayıb. Əks tərəfin çıxışı isə hətta məhkəmə prosesi zamanı səsləndirmədiyi, əsası olmayan faktlarla xeyli zənginləşdirilib. Daha sonra Bakı Apelyasiya Məhkəməsində hakim İsmayıl Vəliyevə etiraz verdik. Lakin bizim iştirakımız olmadan, etiraz nəzərə alınmadan qanunsuz və əsassız qərar çıxarıldı".
Müraciət müəllifi xahiş edir ki, hüquqları pozulmuş bir Azərbaycan vətəndaşı, ana kimi onun və övladının hüquqları bərpa olunsun: “Əgər hüquqlarımız təmin edilmirsə, məni və oğlumu xarici ölkələrdən birinə yola salın. Bu barədə müraciət etdiyim ölkələrin səfirlərindən də xahiş edirəm. Çünki mənin doğulub böyüdüyüm ölkə özümün və övladımın hüquqlarının bərpası istiqamətində heç bir iş görə bilmirsə və vaxtı çatanda övladının vətənə borc adı altında əsgərliyə aparılmasını istəmirəm”.
Cia.az
