|
İntihar etdiyi deyilən biznesmenlə bağlı yeni məlumatlar
Yanvarın 22-də İstanbulda intihar etdiyi deyilən azərbaycanlı biznesmen Fəxrəddin Əliyevin ölümü ölkə gündəminin əsas mövzularından biridir. 
İslam Konfransı Təşkilatının Gənclik Forumunun təmsilçisi və kadr əməkdaşı olan F.Əliyev silahı ilə özünü vurub. Onun ölümü ilə bağlı hər keçən gün yeni-yeni versiyalar meydana çıxır. Diplomatın hadisə baş verən gün saat 15:00 radələrində sürücüsü ilə birlikdə İstanbulun Şəfaköy səmtindəki atıcılıq poliqonuna getdiyi, silahı ilə hədəfə 90 dəfə atəş açdığı, daha sonra qalan tək patronu başına dayadığı və atəş açdığı deyilir. O, hadisə yerindəcə keçinib. Aparılan araşdırmalardan sonra onun intiharından başqa hadisə ilə bağlı heç bir dəlilə hələ də rast gəlinməyib. 

Azərbaycanın Xarici İşlər Nazirliyi F.Əliyevin xarici işlər sistemində çalışması barədə yayılan məlumatları təkzib edib. Bu barədə musavat.com-a nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib: “Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda müavin vəzifəsində belə bir adam işləməyib”.  H.Hacıyev isə bu şəxsin XİN-ə aidiyyatının olmadığını təkrarlayaraq əlavə edib ki, onun təmsil olunduğu təşkilat ayrı bir beynəlxalq təşkilatdır: “Biz həmin təşkilatın adından danışa bilmərik. Beynəlxalq təşkilatın katibliyi ilə əlaqə saxlayıb onların mövqeyini öyrənə bilərsiniz. Amma əminliklə bildirirəm ki, xarici işlər sistemində belə bir adam çalışmayıb”.
 
2006-2010-cu illərdə Azərbaycanın İstanbuldakı sabiq baş konsulu vəzifəsində çalışmış Səyyad Aran da musavat.com əməkdaşı ilə söhbətində bildirib ki, onun dövründə konsulluqda belə bir adam işləməyib. Sabiq baş konsul “ilk dəfədir belə bir adam haqqında eşidirəm, odur ki, heç bir məlumatım yoxdur”, - deyə əlavə edib.
 
Mərhumla bağlı müəmmalar təkcə bununla bitmir. Onun qohumları intihar xəbərinə inanmırlar. Bu barədə “Yeni Müsavat”a F.Əliyevin adının çəkilməsini istəməyən qohumu məlumat verib: “O, İstanbulda yaşayırdı və uzun illər idi ki, bizneslə məşğul olurdu. Bu hadisənin intihar olduğuna inanmırıq. Onun özünə qəsd edəcək heç bir durumu yox idi. Biz bu məsələnin ciddi araşdırılmasını istəyirik”.
 
F.Əliyevin ölümündən sonra onun barəsində yayılan xəbərlərdən biri də, Azərbaycanın sabiq baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun dayısı oğlu, eyni zamanda, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılla bacanaq olmasıdır. Məlumatı dəqiqləşdirmək üçün səfirlə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. 
 
İlham İsmayıl  mərhumla bacanaq olması xəbərini təsdiqlədi: “Hazırda yas yerindəyəm. Yayılan xəbərlər doğrudur. O, mənimlə bacanaqdır. Amma Xarici İşlər Nazirliyində işləməsi barədəki xəbər yanlışdır. O, heç vaxt orada çalışmayıb. Eldar Həsənovun dayısı oğlu olması xəbəri də doğru deyil. İntihar etməsi versiyası hələ təsdiqini tapmayıb. Ehtiyatsızlıq ehtimalı da var. Yəqin ki, yaxın günlərdə tam aydın olacaq. Bu istiqamətdə Türkiyədə hazırda işlər gedir. Hadisənin ehtiyatsızlıq, yaxud qəsd olduğu hələ ki dəqiqləşməyib. Fəxrəddin müəllim bizneslə məşğul olurdu”.
Cia.az