|
Bakının memarlığının inkişafına töhfə vermiş polyaklara həsr olunan kitablar nəşr etdirilib

Azərbaycanın Polşadakı səfirliyi XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakı şəhərinin memarlığının inkişafına töhfə vermiş polyaklara həsr olunan “Polyak memarları Bakıda” və “XIX əsrin sonu – XX əsrin əvvəlləri Bakı memarlığının formalaşdırılmasında polşalı memarların rolu” adlı kitabları polyak dilində Varşava Politexnik Universiteti ilə birgə nəşr etdirib.

Şamil Fətullayev-Fiqarovun və Ruqiyə Mustafayevanın müəllifləri olduqları kitablar Varşava Politexnik Universitetinin memarlıq fakültəsinin tələbələri tərəfindən əlavə dərs vəsaiti kimi istifadə olunacaq. Səfirlik tərəfindən Varşava Politexnik Universiteti ilə əldə olunmuş razılıq əsasında nəşr edilmiş kitablar Polşanın Mərkəzi və Universitet kitabxanalarına göndərilib.

Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti və incəsənəti, ədəbiyyatı, fəlsəfə və etikası, musiqisi, memarlığı, tarixi, eposları, folkloru, mətbəxi və Azərbaycan-Polşa seriyalarında polyak dilində 36 adda kitab artıq nəşr olunub.

Cia.az