|
İcra Hakimiyyətində nöqsanlar aşkar edildi

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş auditinin nəticələri müzakirə olunub. 

Cia.az xəbər verir ki, auditor Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra nöqsanlara yol verildiyini bildirb. Qeyd edilib ki, yeni layihələndirilən obyektlər üzrə texniki-iqtisadi əsaslandırma və hesablamalar tərtib edilməyib, bəzi hallarda layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilmədən və işlərin ehtimal olunan dəyəri müəyyən edilmədən, həmçinin xüsusi razılıq (lisenziya) malik olmayan podratçı təşkilatla satınalma müqavilələri bağlanmayıb, bir sıra məktəblərdə inventar və avadanlıqlar tam quraşdırılmayıb.

Həmçinin İH tərəfindən avtomobil yollarının tikintisi üzrə yolun işçi cizgilərində yol geyiminin konstruktiv qalınlığının göstərilmədiyi, yerinə yetirilməyən asfalt-beton işlərinin qəbul aktlarına daxil edildiyi diqqətə çatdırılıb.

Auditor rəyində həmçinin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından ayrılan vəsaitlərin məqsədyönlü və qənaətlə istifadəsi üzrə müvafiq tədbirlərin həyata keçirilməklə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə nəzərdə tutulan işlərin icrasına ayrılan vəsaitlərdən istifadənin səmərəliliyinin yüksəldilməsi, tikinti-quruculuq işlərinin keyfiyyətnin artırılması və vaxtında başa çatdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi də təklif olunub.

Cia.az