|
2015-ci ildə Ermənistan ordusunun 276 hərbçisi məhv edilib

Cia.az Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilmiş məlumata əsasən xəbər verir ki, Ermənistanın Müdafiə nazirliyinin rəsmi nümayəndəsinin 2015-ci il ərzində silahlı qüvvələrinin ümumilikdə guya 57 nəfər itki vermələri ilə bağlı yaydığı xəbər qeyri-ciddi və saxtadır.

Belə ki, bu rəqəmlər erməni tərəfinin il ərzində verdiyi rəsmi xəbərlərlə tamamilə üst-üstə düşmür. Yalnız erməni mətbuatından götürülən məlumatlara əsasən düşmən tərəfi 2015-ci ildə ölü olaraq 83 nəfər, yaralı olaraq isə 100 nəfərdən artıq itki verib.

Məlumatda o da qeyd olunur ki, Dağlıq Qarabağdan orduya çağırılanlar, məcburi surətdə silahlandırılıb səngərlərə yerləşdirilən mülki əhali və qaynar nöqtələrdən gətirilən muzdlular arasındakı itkilər də statistik məlumatlar hazırlanarkən nəzərə alınmalıdır.

Erməni ictimaiyyətindən gizlədilən, müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə edilən məlumatlardakı rəqəmləri də hesablasaq erməni xalqı üçün dəhşətli bir rəqəm alınır. Hətta təqribi hesablamalara əsasən düşmən tərəfinin 2015-ci ildə verdiyi itki 276 nəfərdən çoxdur.

2016-cı ilə də düşmən tərəfi itkilərlə başlayıb. Ermənilər döyüş itkilərinin gizlədilməsi, hadisə və cinayətlərin ört-basdır edilməsi barədə çox ciddi tapşırıqlar verib və bu istiqamətdə tədbirlər göməyə çalışırlar.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, bu il yanvarın 19-da baş verən, lakin düşmən tərəfindən gizlədilən, əldə olunmuş yalnız bir fakta görə, həmin gün saat 17.20-də Ermənistan silahlı qüvvələrinin əsgəri, 2014-cü ildə hərbi xidmətə çağırılmış, artilleriya divizionunun hərbi qulluqçusu Avetisyan Edqar Vartaninin silahla ehtiyatsız davranması nəticəsində, sağ qolunun alt nahiyəsindən yaralandığı üçün onun hospitala yerləşdirilməsi və hadisənin ört-basdır edilməsi barədə komandirlərə qəti tapşırıq verilib.

Cia.az