ranın Qərblə anlaşması bölgə üçün yeni şərtlər formalaşdırır. Dünya enerji bazarı artıq bu anlaşmadan “öz payını” alıb. Amma müşahidəçilərə görə, İran yeni dönəmdə bölgədə həm də siyasi aktivliyini də artıracaq. Təbii ki, bu ehtimallar İranın ən böyük qonşusu, eyni zamanda uzun müddət rəqibi və hazırda bəlli səbəblərdən soyuq münasibətlərə malik olduğu Türkiyədə də araşdırılır.
Tehranın bölgədə güclənməsi Türkiyədə necə qiymətləndirilir? Ankara yeni dönəmi necə görür və gözləntilər nədən ibarətdir? Gazi Universiteti Strateji Araşdırmalar Mərkəzinin (GAZİSAM) rəhbəri, professor Mehmet Seyfəddin Erol son durumu dəyərləndirdi.
- Mehmet bəy, İranın Qərblə anlaşması Türkiyədə necə dəyərləndirilir? Bölgə üçün hansı təsirləri olacaq bu anlaşmanın?
- Bu anlaşma İranın manevr qabiliyyətini daha da artıracaq. Yaxın Şərqdə İranın əli daha da güclənəcək və manevrləri daha da genişlənəcək. Bu da İranla regional siyasi rəqabət içərisində olan Türkiyənin maraqları baxımından o qədər də müsbət hadisə deyil. İkinci tərəfdən, İran böhranı Qərb, xüsusən də ABŞ-ın nöqteyi-nəzərindən Türkiyəni geopolitik və strateji cəhətdən ön planda tuturdu. İran və Qərb arasında böhranın həllini tapması Türkiyənin önəmini azaltmış olur. Yəni eyni ilə 1979-cu il İran İslam inqilabı öncəsində olduğu kimi. Əgər İranda İslam inqilabı baş verməsəydi və Əfqanıstan sovetlər tərəfindən işğal olunmasaydı, ABŞ-ın Türkiyəyə Kıbrıs Barış Hərəkatı səbəbi ilə tətbiq etdiyi silah embarqosu davam edəcəkdi. Ancaq İran inqilabı ilə bir anın içərisində bölgədə Qərb nöqteyi-nəzərindən Türkiyənin önəmi artmışdı. ABŞ-la münasibətlərini qaydaya salması İranı bölgədə Türkiyənin qarşısına geopolitik və geostrateji bir rəqib kimi çıxarır. Böyük ehtimalla, Amerika özü belə bir seçim etmişdir. Digər bir xüsus isə bölgədəki enerji oyunudur. Əgər İran, İraq və Suriyadakı böhranlı vəziyyəti öz xeyrinə dəyişə bilirsə, o zaman bölgədə Türkiyəni “bay-pass” edən İran faktoru ortaya çıxmış ola bilər. Son dönəmlərdə kürdlərlə əlaqələrini də nəzərə aldıqda bölgədə Türkiyəni sıxışdırmağa çalışan bir İran görürük. Bu mənada İranla Qərb arasında son yaxınlaşma Türkiyənin lehinə görünmür.
Yalnız bir ehtimal var. Türkiyə və İran bu yeni gedişatı birgə dəyərləndirmək istərsə, müsbət gəlişmədən danışmaq olar. İranın buna o qədər müsbət yanaşacağına əmin deyiləm, çünki İran Türkiyəni həmişə öz rəqibi olaraq görüb. Ancaq bir məqam var ki, Qərb İrana uzun müddət etimad etməyəcək. İranın Rusiya ilə yaxın əlaqələri və Qərbin Rusiya ilə hazırkı münasibətləri İranın bölgədə daha rahat hərəkət etməsinə mane olan amildir. İran yalnız bu nöqtədə Türkiyəni Qərblə münasibətlərində etimadlı müttəfiq olaraq görmək istər. Digər tərəfdən, bölgədə enerji layihələri və “İpək yolu” layihələrinin reallaşması üçün İran və Qərbin Türkiyəyə ehtiyacı olacaq. Yəni İran ağıllı bir siyasət yürütsə, Türkiyəni rəqib deyil, Qərblə münasibətlərdə öz mövqeyini gücləndirən ölkə olaraq görə bilər. Kəskin rəqabət deyil, qarşılıqlı maraqlara əsaslanan bir əməkdaşlıq qurula bilər.
- Yeri gəlmişkən, İranın Qərblə anlaşdığı xəbərləri ilə eyni vaxtda xarici işlər nazirinin müavini Hüseyn Abdullahiyanın Ankaraya səfər edəcəyi, ondan sonra isə xarici işlər naziri Cavad Zərifin Türkiyəyə səfər edəcəyi haqda xəbərlər yayıldı. Necə düşünürsünüz, bu, Tehranın Ankara ilə münasibətləri yumşaltmağa çalışması cəhdi ola bilərmi?
- Bildiyiniz kimi, son olaraq Türkiyə həm terrora qarşı “İslam ittifaqı”, həm də İran və Səudiyyə Ərəbistanı arasında yaranmış böhran zamanı hər nə qədər ön planda olmasa da, ər-Riyadın yanında oldu. İran üçün daha ağıllı variant Türkiyəni rəqib olaraq deyil, ərəblərlə yaranmış böhranda ciddi bir vasitəçi olaraq görməkdir. Ümumilikdə isə düşünürəm ki, İran körfəz ölkələri ilə böhranı daha da dərinləşdirmək istəməyəcək. Bu səbəbdən də vasitəçi olaraq Türkiyəyə ehtiyacı vardır. Digər tərəfdən, regionda yeni dönəmə qədəm qoyan İran, xüsusən də enerji məsələsində bir sıra imkanlarını istifadə etməlidir. Bu məsələdə isə Türkiyə amili qaçılmazdır. Düşünürəm ki, tərəflər burda bir yumşalma yolunu seçəcəklər. O da hiss olunur ki, İran münasibətləri qaydaya salmaq istəyir. Çünki İranda da yaxşı bilirlər ki, həm körfəzdə, həm də Pakistanla münasibətləri yüksək səviyyədə olan Türkiyənin əli daha güclüdür.
Bildiyiniz kimi, Türkiyə Səudiyyə Ərəbistanının təhlükəsizliyinə təminat verən ikinci ölkədir. Birinci ölkə 1944-cü ildə imzalanmış müqavilə əsasında ABŞ-dır. İkinci anlaşma isə 2007-ci ildə Türkiyə ilə imzalanıb. Bu mənada Türkiyə əslində körfəzdə baş verən böhranlarda tərəfdir. Xatırlayırsınızsa, Yəmən böhranı zamanı prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfəri öncəsində regiondakı vəziyyətlə bağlı narahatlığını dilə gətirmişdi. Burda addım atması lazım olan ölkə İrandır.
- İranın Qərblə anlaşması həm də böyük bir iqtisadi hadisədir. Türkiyə İranın Avropaya enerji və ticarət yollarının üzərində durur. Hətta ötən il ekspertlər anlaşmadan Türkiyənin 25 milyardlıq gəlir əldə edəcəyindən bəhs edirdilər.
- Bəli, amma təbii ki, İran verərsə... Bildiyiniz kimi, daha öncə İran Türkiyə şirkətlərinin hava limanı tikintisi və mobil rabitə şirkəti qurulması layihələrini tenderi qazanmalarına baxmayaraq ləğv etmişdir. Təbii ki, İran bu amildən Türkiyəyə qarşı istifadə edəcək. Amma önəmli olan bunun qarşılığında nə istədiyidir. Daha bir mühüm şərtlərdən biri İranın tranzit ölkə olaraq Türkiyədən nə qədər asılı olmaq istəməsi ilə bağlıdır.
Yeni dönəmdə İran əldə etdiyi imkanlar sayəsində Suriya və İraqda böhranların tez bir zamanda həllinə nail olmaq istəyəcək. Eyni zamanda Türkiyəyə qarşı alternativ olaraq Suriya və İraq ərazilərindən istifadə etməyə çalışacaqdır. Bunun üçün də əlindəki imkanlardan yararlanmağa çalışacaq. Təbii ki, İranın İraqdakı hədəfi yalnız neft və qaz deyil, eyni zamanda İraqın əraziləridir. İran İraq və Suriya əraziləri vasitəsilə Aralıq dənizinə enerji dəhlizi yaratmağa çalışır. Bu səbəbdən də Türkiyə ərazilərindən istifadə etməyə nə qədər həvəsli olacağından əmin deyiləm.
- Sizcə, qarşıdakı dönəmdə Qərbin İraq və Suriya münaqişələri ilə bağlı mövqeyi dəyişəcəkmi?
- Hazırda onsuz da Qərbin İraq və Suriya münaqişəsi ilə bağlı mövqeyi eynidir. Qərb və İran Türkiyəni Yaxın Şərqdə fərqli mövqedə göstərməyə çalışır. Qərb və İranın ortaq mövqedə olduğu məsələlərdən biri də gördüyüm qədəri ilə Türkiyəni Yaxın Şərqdə təkləmək və oyundan çıxarmaqdır. Mənə görə, İran və Qərbin bu mövzuda maraqları üst-üstə düşür.(Musavat)
Cia.az
