|
Köln hücumları: cinsi zorakılıq iddialarına görə ilk şübhəli saxlanılıb
500-ə yaxın qadın Köln dəmiryol vağzalı ərazisində cinsi xarakterli kütləvi hücumlar barədə məlumat verib
 
Kölndə yeni il ərəfəsində qadınlara qarşı seksual hərəkətlər etməkdə şübhəli bilinərək saxlanılan ilk şəxs 26 yaşlı sığınacaq axtaran əlcəzairli olub.
 
Adı açıqlanmayan kişi, həftəsonu Kerpen şəhərində yerləşən qaçqın sığınacağında saxlanılıb, prokurorluq orqanları məlumat verir.
 
O, qadının telefonunu oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
 
Köln polisi cinsi hücumlara görə indi 21 nəfər ətrafında araşdırma aparır – bunların, demək olar ki, heç biri cinsi zorakılıq cinayətlərinə aid edilmir.
 
Onlardan səkkizi hazırda məhkəmənin hökmünü gözləyir, dövlət ittihamçısı Ulrich Bremer bildirib. Əksəriyyəti oğurluq etməkdə təqsirləndirilir.
 
 
Polis Kölndə baş verən cinayət hadisəsindən sonra 883 nəfərin şikayət etdiyini deyir. Müraciət edənlərin 497-nin seksual zorakılığa məruz qalan qadın olduğu bildirilir.
Üçü zorlama olmaqla iddia edilən cinayətlərin sayı isə 766 təşkil edir.
 
26 yaşlı əlcəzairli Kölndən 30 km cənub-qərbdə, Kerpendə həbs olunub. Onunla yanaşı mobil telefon oğurlamaqda ittiham olunan daha bir 22 yaşlı əlcəzairli saxlanılıb.
Su hovuzunda çimmək qadağası qaldırıldı
 
Şübhəli bilinən gənc başqa bir oğurluqda təqsirləndirilən əlcəzairli ilə Kerpen şəhərində qaçqınlar sığınacağında tutulub
 
Şimali afrikalıların sistemli şəkildə yeni il ərəfəsində qadınları hədəf götürməsi Köln orqanları və federal hökuməti miqrasiyaya qarşı daha sərt addımlar atmağa vadar edib.
 
Dekabrda Almaniya gördü ki, Əlcəzair və Mərakeşdən sığınacaq axtaranların sayı artır. Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, hər iki ölkə üçün ümumi göstərici iyunda 1000 nəfərdən az olduğu halda, dekabrda bu rəqəm təxminən 2 min 3 yüzə yaxınlaşıb.
 
Buna baxmayaraq, bir çox əlcəzairli və mərakeşlilərin sığınacaq iddiaları rədd edilir.
Yeni il ərəfəsində Kölndə, o cümlədən Almaniyanın bir sıra şəhərlərində baş verən hücumlar Kansler Angela Merkelin qaçqınları qəbul etmə siyasətinə qarşı kütləvi etirazlara səbəb oldu.
 
Məsələ xanım Merkelin Xristian Demokrat İttifaqı partiyasında fikir ayrılıqlarına səbəb oldu.
 
Bazar ertəsi partiyanın aparıcı fiqurları - Volker Kauder və Culiya Kloeckner – Almaniyada qaçqınların sayının artması haqda xəbərdarlıq edən və hər kəsi miqrasiya qanunvericiliyinə ciddi riayət etməyə çağıran məktubu imzalayan 40 həmkarlarına qarşı çıxış edib.
 
Bu arada, zorakılıq hadisələri ilə bağlı qaçqın kişilərin ictimai üzgüçülük hovuzuna qadağa qoyan Almaniya şəhərciyində çərşənbə günündən etibarən onlara yenidən girişə icazə veriləcəyi elan olunub.
 
Şəhər rəsmilərinin bəyanatında deyilir ki, qadağanın aradan qaldırılması medianın təzyiqi altında deyil, əksinə, "qaçqınlarla qadına necə hörmətlə yanaşmaq lazımdır mövzusunda intensiv müzakirələr" aparıldıqdan sonra verilib(BBC).