“Partiya daxilində fraksiya adı altında müsavatçıların bir araya gəlməsi və burada bəzi məsələlərə birgə reaksiya vermək qərarına gəlməsi heç bir nizamnaməyə zidd deyil”.
Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının üzvü Tural Abbaslı Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynovanın “Partiya daxilində fraksiyanın yaradılması təbii ki, Nizamnaməyə zidd sayılacaq” fikrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Müsavat nizamnaməsinin müəllifi olan Mirbaba Babayev bunun pozuntu olmadığını dəfələrlə öz çıxışlarında bildirib: “Bunun nizamnamə pozuntusu olmadığı partiya Məclisinin sonuncu iclasında da müzakirə olunub. Belə məsələlər barədə açıqlama verən hər kəs təmsil etdiyi qrupun maraqlarına, arzu, istək və emosiyalarına deyil, nizamnamənin maddələrinə əsaslanaraq çıxış etməlidir”.
T.Abbaslı ümumiyyətlə, hər bir müsavatçıya partiya nizamnaməsini oxumağı məsləhət görüb: “Siyasət daha diqqətli və peşəkar olmağı tələb edən bir işdir. Kim bu işə hobbi kimi yanaşırsa, onlara başqa məşğuliyyət tapmalarını məsləhət görərdim”.
Qeyd edək ki, Müsavat partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova APA-ya açıqlamasında bildirib ki, partiya daxilində fraksiyanın yaradılması təbii ki, Nizamnaməyə zidd sayılacaq.
