|
Fuad Poladov yenə də "Şah Qacar" oldu

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində dövlət sifarişi ilə hazırlanan “Şah Qacar” tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, Əməkdar İncəsənət Xadimi Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesi əsasında Xalq Artisti, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azərpaşa Nemətin hazırladığı iki hissəli səhnə əsərinin elmi məsləhətçisi Çingiz Qacardır.

Səhnə əsərinin bəstəkarı Xalq Artisti Siyavuş Kərimi, rejissor assistenti Vidadi Həsənovdur.

Tamaşada xalq artistləri Fuad Poladov (Şah Qacar), Laləzar Mustafayeva (Ceyran xanım), əməkdar artistlər Sabir Məmmədov (Sadıq xan), Məmməd Səfa (Kərim xan Zənd), Anar Heybətov (Cəfərqulu xan), Vidadi Həsənov (Şeyx Cəfər Tonkabuni), Mətləb Abdullayev (Məhəmməd Əli xan Bəylərbəyi), Kazım Abdullayev (Əli xan Cocuq), Ayşad Məmmədov (Axund Hacı Babək) və başqaları iştirak edib.

Qeyd edək ki, gərgin dramatik səhnələr üzərində qurulan tamaşada yazıçı təxəyyülünün süzgəcindən keçən Qacar obrazı diqqəti daha çox bacarıqlı sərkərdə və dövlət başçısı kimi cəlb edir. O həm də taleyin girdabında əzab çəkən, bitib-tükənmək bilməyən suallara cavab axtaran şəxsiyyət kimi təsvir olunur.

Cia.az