|
Yaponiyada iki dəhşətli zəlzələnin qurbanlarının xatirəsi anılıb

Yaponiya sakinləri 21 il əvvəl Kobe şəhərində və ətraf rayonlarda baş vermiş dəhşətli zəlzlənin qurbanlarının xatirəsini anıblar.

JİJİ PRESS agentliyi xəbər verir ki, yanvarın 18-də 1995-ci ildə baş vermiş böyük Hanşin-Avaci zəlzələsi qurbanlarının qohumları və faciə zamanı sağ qalanlar Kobedə yerləşən parkda anım mərasiminə toplaşıblar.

Burada fənərlər yapon dilində “gələcək” mənasını verən “miray” ieroqlifi və faciənin tarixini göstərən “1” və “17” rəqəmləri şəklində yerləşdiriliblər.

Həmin gün səhər saat 5:46 dəqiqədə, zəlzələnin baş verdiyi dəqiq vaxtda mərasim iştirakçıları yeraltı təkan nəticəsində həlak olmuş 6434 nəfərin ruhuna dualar oxuyublar.

İştirakçılar fənərləri həm də “3” və “11” rəqəmləri şəklində düzüblər ki, bu da 2011-ci ildə Yaponiyanın şimal-şərqində baş vermiş güclü zəlzələnin tarixini göstərib.

Saat 2:46 dəqiqədə, Fukuşima yaxınlığında və ətraf rayonlarda baş vermiş zəlzələnin dəqiq vaxtında insanlar bu faciə zamanı həlak olanların ruhuna dualar oxuyaraq, zərərçəkmiş rayonların tezliklə bərpasını arzulayıblar.

Cia.az