|
Tanınmış siyasətçilərin anaları:
Ərinin ailəyə xəyanətindən doğan əzablarını azaltmaq və özündə bir yüngüllük tapmaq məqsədi ilə Roza Kennedi bütün mehrini doğma övladlarına salmışdı. 
 
O övladlarının əsl siyasətçi kimi yetişməsi üçün əlindən gələni edir, onları gələcəkdə yüksək yerlər tutacaq adamlar olacaqlarına inam yaradırdı. Roza oğlanlarına, belə demək mümkünsə, hər gün evdə siyasi dərslər keçir, onları ABŞ-ı idarə edən prezidentlərin fəaliyyəti, müsbət idarəetmə təcrübəsi ilə yaxından tanış edir, səhvlərini izah edirdi. Senata keçirilən seçkilərdə necə qalib gəlmək barədə övladlarına atasının təcrübəsindən söz açan Roza eyni zamanda seçkiqabağı mübarizə zamanı rəqibin zəif cəhətlərini tapmağı, onu hansı vasitələrlə seçicilərin gözündən salmaq taktikasını anladırdı.  Roza sevimli övladlarına, xüsusən Cona, Edvarda, Robertə və digərlərinə dönə-dönə: "Əgər siz siyasətlə məşğul olmağı qərara alıbsınızsa, onda müntəzəm olaraq zirvəyə can atmalısınız. Məqsədiniz siyasətdə ən azı birinci, ikinci adam  olmaq olmalıdır",-deyirdi. 
 
Bir dəfə Rozanın övladlarını siyasi mübarizəyə hazırlama dərsinin təsadüfən şahidi olan atası konqresmen Con Fitscerald heyrətə düşərək: "Sən bütün bunları haradan bilirsən. Mən təcrübəli bir konqresmen, idarəedici olsam belə yenə də sənin siyasi mübarizə metodlarının çoxunu bilmirəm. Sənin övladlarına keçdiyin bu dərslər hökmən onların arasından məşhur siyasətçilərin, hətta prezidentin çıxmasına gətirib çıxaracaq",-demişdi.
 
Con Fitscerald yenə də səhv etmirdi. Həqiqətən də, Rozanın siyasi mübarizəyə hazırladığı övladlarının hamısı, demək olar, tanınmış siyasətçilər oldular. Onlardan biri Con Kennedi isə ABŞ-ın 35-ci prezidenti olmaq şərəfinə nail oldu.
 
Yeri gəlmişkən, onu da deyək ki, mühafizəkar katolik ailəsində böyüdüyündən və kilsə təhsili aldığından Roza övladlarını da qatı katolik kimi tərbiyə edərək böyütmüşdü. Onun mühafizəkar katolik olduğunu qızı Ketlinə münasibətdə atdığı addım da sübut edir. Ketlin katolik olmayan digərinə ərə getmişdi və Roza buna görə onu ömrünün sonuna kimi bağışlamadı. Hətta Ketlin aviaqəza nəticəsində həlak olanda belə Roza onun dəfn mərasimində iştirak etmədi.
 
Sevinc və göz yaşları
 
Roza Kennedinin ailəsi ara-sıra ağır itkilərlə qarşılaşırdı. Məsələn, ailənin qızı Rozmari 1941-ci ildə dəlixanada dünyasını dəyişdi. Ailə başçısı Cozef isə iflic olaraq əlil arabasında yaşamağa məhkum oldu. Rozanın övladlarından birinin ABŞ Prezidenti olmaq arzusunu oğlu Cozef həyata keçirməli idi. Lakin 1944-cü ildə təyyarə qəzası nəticəsində o, müəmmalı şəkildə həlak oldu. Roza Kennedinin övladlarını siyasi ruhda böyütməsi və onlara hakimiyyət zirvəsinə gedən mübarizə yolunu öyrətməsi sonda öz nəticəsini verdi.  Rozanın gələcəyinə böyük ümidlə baxdığı və ləqəbi Cek olan Con Kennedi 1961-ci ildə keçirilən prezident seçkilərində rəqiblərinə qalib gələrək, ABŞ-ın 35-ci prezidenti seçildi. Conun prezident seçilməsi Rozanın xüsusi sevincinə səbəb olmuşdu. O bu qələbəni xüsusi bayram edirdi. Zarafat deyildi, Roza prezident anası olmaq şərəfinə nail olmuş, çəkdiyi əzablar hədər getməmişdi. Lakin Con Kennedinin prezidentliyi olduqca çətin dövrə təsadüf etdi. Həmin dövrdə SSRİ-nin ballistik raketlərini Kubada yerləşdirməsi nəticəsində Karib böhranı baş verdi. Yalnız son anda müharibədən yaxa qurtarmaq mümkün oldu. Bununla belə, Karib böhranında SSRİ ilə baş verən qarşıdurma zamanı Con Kennedinin daha yumşaq davranması və prinsipial məsələlərdə qarşı tərəfə cüzi şəkildə güzəştə getməsi ABŞ-dakı bəzi radikal güclər tərəfindən xoşagəlməz qarşılandı. Nəticədə Con Kennedi müəmmalı şəkildə sui-qəsdin qurbanı oldu. Oğlunun öldürülməsi Rozaya həyatında ona vurulan ən ağır bir zərbə oldu. Onun sevinc dolu göz yaşlarına qısa müddətdən sonra sinəsinə vurulan oğul dağının göz yaşları qarışdı.
 
Bununla belə, Roza Kennedinin digər oğlanları onun özünün dediyi kimi, siyasi mübarizələrini, zirvə yürüşünü davam etdirdilər. Edvar Mur Kennedi qardaşı Con Kennedinin öldürülməsindən sonra  onun yolunu davam etdirməyi qərara aldı. Amma o, Con kimi prezident seçilə bilmədi. Buna səbəb isə Edvardın şəxsi həyatındakı bəzi xoşagəlməz faktların olması oldu. Lakin anasının məsləhətləri nəticəsində Edvard 8 dəfə senator seçilə bildi və ABŞ-ın siyasi həyatında ən məşhur siyasətçilərdən biri kimi şöhrət qazandı. Rozanın digər oğlu Robert isə ABŞ-ın Ədliyyə naziri vəzifəsinə qədər yüksəldi. 1968-ci ildə o ABŞ prezidentliyinə əsas namizədlərdən biri hesab edilirdi. Lakin seçkiqabağı təbliğat zamanı o da qardaşı Conun taleyini yaşadı. "Ambassador"otelindəki çıxışı zamanı Robertin həyatına sui-qəsd edildi və nəticədə o öldürüldü. Onun ekstremist Serxan Serxan tərəfindən öldürüldüyü məlum oldu. Amma bu günə kimi qətlin hansı motivlər əsasında baş verdiyi məlum deyil. Üstəlik, qatilin, həqiqətən də, Serxan Serxan olub-olmadığı da şübhə altındadır. İki böyük oğlunu itirmək, həqiqətən də, Roza üçün ağır dərd idi. Ana qəlbinin buna dözə bilməsi, doğrudan da, çətindir. Ancaq Roza çəkdiyi ağrılara, əzablara baxmayaraq iki oğul itkisinə dözməyə özündə güc və cəsarət tapa bildi. Bununla bağlı sonralar Roza Kennedi "Los-Anceles-Tayms" qəzetinə verdiyi müsahibəsində belə demişdi: "Əgər mən bu dərdlərə dözməsəydim, onda ailəmiz də dözə bilməyəcəkdi",-demişdi.
 
Roza Kennedi alın yazısından qaçmağın mümkün olmadığını, övladlarının böyük işlər naminə özlərini qurban verdiklərini xüsusi qeyd etmişdi. Roza Kennedi - bu mərd qadın: "Mən taleyimdən narazı deyiləm, ona minnətdaram",-demişdi.
 
Rozanın digər övladlarının da taleyi ağır oldu. Edvard da sui-qəsd nəticəsində öldürüləndən sonra ailə daha siyasi karyera uğrunda mübarizədən kənara çəkildi. 4 qardaşdan sonuncusu Ted yalnız uzun illər yaşaya bildi və 2009-cu ildə dünyasını dəyişdi. Roza Kennedinin nəvələrinin  də taleyi xoşagəlməz faciəli şəkildə başa çatdı. Robert Kennedinin oğlu Devid gənc yaşlarından narkotikaya aludə oldu və 1984-cü ildə gənc yaşlarında ikən dünyasını dəyişdi. Onun qardaşı Devid 1973-cü ildə avtomobil qəzası keçirsə də, sağ qaldı. Robertin digər oğlu Maykl 1979-cu ildə xizəklə sürüşərkən yıxılaraq dünyasını dəyişdi. Con Kennedinin oğlu kiçik Con 1999-cu ildə aviaqəza nəticəsində öldü. Bir neçə il bundan əvvəl isə Robert Kennedinin (oğul Robert Kennedi) həyat yoldaşı evində asılmış vəziyyətdə aşkar edildi.
 
Kennedilər ailəsi lənətlənmişdimi?
 
Kennedilər ailəsinin başına gələn faciələrlə bağlı bəzi ehtimallar mövcuddur. Belə bir fikir söylənilir ki, bu nəsil vaxtilə ağır şəkildə lənətləyiblər. Bu iddiaların ortaya çıxmasına səbəb isə ailənin ulu babası əslən irland olan Patrik Kennedinin vaxtı ilə ağır cinayət işləməsi olub. Belə ki, 1850-ci ildə Patrik Kennedi özünün qarətçi dəstəsi ilə Maknorman ailəsinin toy karvanına hücum edib. Quldur dəstəsi oğlan evinə cehiz aparan toy karvanını qarət edəndən sonra oradakıların hamısını, o cümlədən Maknormanı və qızını qətlə yetirib. Qətlə yetirilməzdən əvvəl ana və qızı öz qatillərinə ağır qarğışlar edərək onlara lənət yağdırıblar. Nəticədə Patrik Kennedinin  nəslindən  öz əcəli ilə ölən cəmisi bir neçə nəfər olub. Patrik Kennedi 35 yaşında gənc ikən gözlənilmədən ölüb. Onun nəvəsi Cozef,  Rozanın əri isə əlil arabasına məhkum olaraq əzablı günlər yaşayıb.
 
104 il yaşadı
 
Dünyada çox tanınan və hörmətə layiq olan bir qadın kimi 1951-ci ildə Roza Kennediyə XII Papa tərəfindən "Roma qrafinyası" titulu verildi. Anadan olmasının 100 illiyi ərəfəsində isə məşhur müşənni Patrisiya Kaas Roza Kennediyə xüsusi mahnı bəstələdi və onu dünyanın konsert salonlarında uğurla ifa etdi. Bu məşhur qadının həyatı haqqında "Oskar mükafatına layiq görülən sənədli "Rose Kennedy: A Life to Remember" filmi çəkilib.
 
Həyatında çox ağır günlər yaşamasına baxmayaraq, Roza Kennedi 1995-ci il yanvar ayının 22-də dünyasını dəyişdi. O özündən sonra 5 övlad, 48 nəvə və 41 nəticə qoydu.
Cia.az