|
Bələdiyyə seçkilərindən nə xəbər var?

Bələdiyyə seçkilərinə iki həftə qaldı. Dekabrın 23-də keçiriləcək seçkiləri müxalifət düşərgəsi və bir sıra siyasi təhlilçilər son 20 ilin ən sönük seçkilərindən biri olaraq xarakterizə edir.

CİA.Az “Yeni Müsavat”a istinadən xəbər verir ki, ölkədə seçki ab-havası demək olar ki, yoxdur. Seçki komissiyalarının təşkilati-texniki hazırlığından və MSK sədri Məzahir Pənahovun ara-sıra mediaya verdiyi açıqlamalardan başqa seçki olduğunu göstərən hansısa bir prosesə rast gəlmək mümkün deyil.

Yaxınlaşmaqda olan seçkilərdə 118 seçki dairəsinin 1607 bələdiyyəsinə 15 min 35 nəfər seçilməlidir.

MSK bəyan edib ki, bələdiyyə seçkiləri üçün 4 milyon 976 min 302 seçki bülleteni çap ediləcək.

Dünən isə Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyasının (MSK) və Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda icra başçıları və dairə seçki komissiyalarının sədrləri üçün informasiya sessiyası keçirilib.

Sessiyada Prezident Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov, MSK sədri Məzahir Pənahov, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç iştirak edib.

MSK sədri Məzahir Pənahov regionlarda bu qəbildən iki sessiya keçirildiyini, Bakıda keçirilən sessiyanın sonuncu olduğunu söyləyib.

O bildirib ki, bələdiyyə seçkilərinə marağın çox olduğu müşahidə edilir. 37 min 100 nəfərdən çox namizədin adı bülletenlərə daxil edilib. Bu, keçən bələdiyyə seçkilərindəki namizədlərdən 7 min nəfər artıqdır. Keçən seçkilərdə hər bələdiyyə üzvlüyünə 2 namizəd vardısa, bu il orta hesabla 2,5 namizəd var: “Nəzərə alsaq ki, bələdiyyələrin sayı əvvəlki seçkilərə nisbətən azalıb, deməli, bələdiyyə seçkilərinə maraq yüksəkdir. 300 nəfərə qədər namizəd qeydə alınandan sonra namizədlikdən imtina edib. Namizədliklə bağlı müraciət edənlərin 99 faizi qeydə alınıb”.

M.Pənahov qeyd edib ki, səsvermə zamanı seçicilərə və onların nümayəndələrinə hansısa maneçilik törədilməyəcək: “İndiyə qədər 10 minə qədər müşahidəçi qeydə alınıb. Hər məntəqə üzrə 3 müşahidəçinin olacağı gözlənilir. Ümumilikdə 30 partiyanın üzvü bələdiyyə üzvlüyünə namizəddir. Artıq bütün seçki məntəqələri, dairə seçki komissiyaları seçkiyə hazırdır. Bizi yeganə narahat ola biləcək məqam seçicilərin aktiv iştirakıdır. Bu sahədə maarifləndirici işlər aparılır, seçicilər seçkidə aktiv iştirak etməyə çağırılır. Biz seçicilərin seçkidə aktiv iştirakı üçün bundan sonra da əlimizdən gələn işləri görəcəyik”.

M.Pənahov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə bələdiyyə seçkilərinə müşahidəçilərin göndərilməsi üçün noyabr ayında rəsmi müraciət etdiklərini də deyib.

Prezident Administrasiyasının rəsmisi H.Mövsümov isə seçkilərin demokratik keçirilməsi ilə bağlı tapşırıq verildiyini bildirib: “Prezidentin tələbidir ki, seçki prosesinə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin qarışmasının qarşısı ən kəskin şəkildə alınsın. Prezidentin tapşırığı ilə dairə seçki komissiyalarına normal iş şəraiti yaradılmasına xüsusi diqqət yetirilib, komissiyalar normal avadanlıqlarla təmin olunub. 2009-cu ildən bu işə xüsusi diqqət yetirilir”

H.Mövsümov Azərbaycanda seçki təbliğatı və təşviqatı ilə bağlı 2837 yerin müəyyən edildiyini açıqlayıb. Bu yerlərdən 1436-sı qapalı, qalanı açıqdır. Bakıda bununla bağlı 53 qapalı yer müəyyənləşdirilib: “Bu bələdiyyə seçkiləri əvvəlki seçkilərdən fərqlənəcək. Artıq bələdiyyələr sosial məsələlərin həllində mühüm qurumlara çevriliblər.

Torpaq vergisi və digər vergilərlə bağlı qəbul edilən qanunlar bələdiyyələrin imkanlarını genişləndirəcək. Ərazisi kiçik bələdiyyələrin birləşməsi nəticəsində 94 yeni bələdiyyə yaradılıb və bələdiyyələrin sayı 1607 olub. Birləşmiş bələdiyyələr bir neçə yaşayış məntəqəsini əhatə edəcək. Bələdiyyələrin effektiv işləməsi üçün layiqli üzvlər seçilməlidir. Biz fəal gənc və qadınların, yüksək səviyyəli mütəxəssislərin seçildiyi bələdiyyələrin formalaşmasını gözləyirik. Seçkilərin şəffaf və demokratik keçirilməsini istəyirik”.