|
”Alkaş", “narkoman” iddiaları daha da qıcıq yaradır"
Rayonlarda etiraz aksiyalarında iştirak edənlərin sadə rayon əhalisi deyil, radikal ekstremist qruplar, təşkilatçıların isə müxalifət partiyaları olduğu təbliğatı aparılır. Hətta bəzi məmurlar ac olması səbəbindən etiraza qalxanlara “alkaş”, “narkoman” damğaları da vururlar. Qiymət artımına və işsizliyə qarşı etiraz edən insanların nədən bu cür adlandırılması, nədən belə edildiyi maraq doğurur. Bu yolla problemi həll etmək mümkündürmü? Hakimiyyət nədən ənənəvi taktikanı seçdi?

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirdi ki, hakimiyyət hər işi olduğu kimi saxlamaq niyyəti sərgiləyir. Cəmiyyəti baş verən proseslərdən kənarda saxlamaq üçün aqressiv mövqe göstərilir. Edilənləri preventiv tədbir saymaq olar: “Azərbaycanda yaranmış vəziyyət və onun nəticəsində ortaya çıxan etiraz dalğası dərin obyektiv köklərə malikdir. Ona görə də ilk növbədə problemi doğurmuş səbəbləri aradan qaldırmaq istiqamətində fəaliyyət məqsədəuyğundur. Prosesləri küçədən yığışdırmaq üçün, cəmiyyət konkret addımlar görməlidir. Əks halda belə fəsadlar təkrarlana bilər. Mən ölkənin yaşadığı problemlərin intellekt gücünə həllinin tərəfdarıyam. Bu səbəbdən hakimiyyət baxışlarda fərqliliyin həllini danışıq masasına transferetmə təşəbbüsü göstərməli, ciddi qanun pozuntusu olmayan şəxsləri dərhal azad etməli, yeni etiraz dalğasına əsas yaratmamalıdır. O ki qaldı etirazçılara qarşı ittihamlara, hesab edirəm iqtidar təbliğatçıları yanlışa yol verirlər. Küçələrə çıxan insanların mütləq əksəriyyəti ehtiyac ucbatından etiraz edənlərdir. Belə insanların ekstremist adlandırılması haqsızlıqdır. Bu, daha artıq qıcıq yaradır. Unutmamışıq, ötən əsrdə xalq hərəkatı zamanı da müstəqillik tələbləri ilə mübarizə aparanları Moskva ”ekstremist", “narkoman” adlandırırdı. Nəticəsi göz önündədir. Həmin epitetlərlə adlandırılan millətimiz SSRİ-ni çökdürdü, müstəqillik qazandı".
 
“Ağ Blok”un həmtəsisçisi Tural Abbaslı bildirdi ki, işsiz, ac insanların sosial tələblərlə keçirdiyi aksiyaları siyasiləşdirmək, aksiyaların səbəbini gizlətmək məqsədi güdülür. Ona görə də aksiyaları radikal ekstremist, dini qrupların keçirdiyi, müxalif partiyaların təşkil etdiyi kimi təbliğatı yayırlar. Əslində isə o aksiyaların təşkilində heç bir müxalifət partiyasının rolu yoxdur. Ola bilsin ki, etiraza qalxan əhalinin sıralarında partiya üzvü olan adamlar olub. Ancaq bu, təşkilatçının partiyalar olması demək deyil. Rəsmi qurumlar qəsdən ictimaiyyətə yeritmək istəyirlər ki, guya hər şey normaldır, sosial tələblərlə etiraz eləyənlər yoxdur, etiraza edənlər radikallardır, siyasi təşkilatlardır. 
 
Bu görüntünü yaratmaq cəhdi boşunadır. Çünki ölkədəki iqtisadi böhran yüz minlərlə insanı ailəsinin dolandıra bilməmək vəziyyəti ilə üz-üzə qoyub. Bu cür ailələr, vətəndaşlar ənənəvi televiziya təbliğatlarına uymayacaqlar. Onlara təbliğat yox, hökumətin onların dolanışığını təmin edəcək real addımları lazımdır. İqtisadi böhranı şəxsi həyatında yaşayan, uşağına çörək almağa pul tapa bilməyən insanları radikal ekstremistlər adlandırmaq insanları daha da narazı salacaq. İllərdir müxalifətə, siyasi fəallara, QHT-lərə, dindarlara qarşı həyata keçirilən ənənəvi anti-təbliğat təəssüf ki, sosial tələblərlə aksiya keçirən sadə insanlara qarşı keçirilir. Bunun yaxşı nəticəsi olmayacaq. Çıxış yolu müxalifətə qarşı illər uzunu tətbiq edilən metodları sadə əhaliyə qarşı da tətbiq etmək deyil. Çıxış yolu ciddi iqtisadi, siyasi islahatlara başlamaq, əhalini dinləməkdir".
 

T.Abbaslı vurğuladı ki, sovet dövründəki düşüncə tərzi bu gün hakimiyyətdəki bir çox adamlarda hələ də qalır: “Onların düşüncəsi belədir ki, kim etiraz edirsə, o, ya ekstremistdir, ya əyyaşdır, ya narkomandır. Bu düşüncə ilə xalq narazılığının qarşısını almaq mümkün olmayıb və olmayacaq. Əgər mümkün olsaydı 1990-cı illərin əvvəlində meydanlara çıxan xalqa narkoman deyən o dövrkü Moskvanın tabeliyindəki hökumət duruş gətirərdi. SSRİ-nin gücü bugünkü Azərbaycanın gücündən daha böyük idi. Amma xalq etirazlarının qarşısını ala bilmədi. İqtisadi, sosial tələblərlə meydana çıxan xalq etirazlarının qarşısının alınmasının yeganə yolu problemləri həll eləməkdir”.
Cia.az