Yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürənlərin cinayət işi üzrə növbəti məhkəmə keçirildi. Proses açıq olsa da, bu dəfə də media nümayəndələri, təqsirləndirilən şəxslərin yaxınlarının əksəriyyəti bayırda qaldılar. Saat 10:30-da hakim Eldar İsmayılovun sədrliyi ilə başlayan prosesdə təqsirləndirilən şəxslərdən Kənan Mədətov və Arif Əliyev ifadə verdilər. Onların ifadələri ilə istintaqdakı ifadələri arasında ciddi fərqlər ortaya çıxdı.
Sankt-Peterburqda Aviasiya Akademiyasının tələbəsi olan Kənan Mədətov ittiham üzrə özünü təqsirli bilmədi: “Elşən İsmayılov məni çay içmək adı ilə çağırıb. Dedi ki, gedək, Bayılda çay içək. Mən də maşınla gəlib onu götürdüm. Həmin vaxt Arif və Camal da yanında idi. Camalı çoxdan görmürdüm deyə, yolda ancaq Camalla söhbət elədim. Mənim başqa heç nədən xəbərim olmayıb”.
Kənan Mədətovun istintaqa ifadələrində göstərilib ki, o, Elşən İsmayılovla Rasim Əliyev arasındakı mübahisədən xəbərdardır. Kənan Mədətov da futbolçudur. O bildirdi ki, bu gün (dünən-red.) 21 yaşı tamam olur. Onun sözlərinə görə, hadisədən sonra Bibiheybət məscidinə gedərək orada namaz qılıblar, daha sonra Bakıxanov qəsəbəsinə qayıdıb, Arif və Elşəni düşürüb, özü isə Camalla çay içməyə gedib.
Digər təqsirləndirilən Arif Əliyev jurnalistin döyülməsində iştirakını etiraf etdi: “Amansızlıq məsələsi ilə razılaşmıram. Biz balta ilə vurmamışıq, bıçaqla vurmamışıq”.
Arif Əliyev həmçinin Rasimin telefonunu götürdüyünü də təsdiqlədi: “Yerə düşmüşdü, elə bildim uşaqlardan birinindi. Bibiheybətə çatanda soruşdum, dedilər bizim deyil. İçindəki şəkillərə baxanda bildim ki, rəhmətliyindi. Hadisənin ertəsi gün tulladim”.
Arif Əliyevin istintaqa verdiyi ifadələrdən birində isə telefonu şəxsi istifadə üçün götürdüyü yazılıb. O, bu haqda yazılanların doğru olmadığını bildirdi. Qeyd etdi ki, ifadələri müstəntiq yazıb və özü də oxumadan imzalayıb. İstintaqın sonunda iş materialları ilə tanış olanda isə orada səsləndirmədiyi fikirlərə rast gəlib.
Təqsirləndirilən şəxslərdən Samir Mustafayevin vəkili Bəxtiyar Hacıyev açıqlama verdi: “Günahsız şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına mərhumun yaxınları da, sizlər də razı olmazsınız. İstintaq vaxtı kifayət qədər haqsızlıqlar olub. Həkimlərin bu işdə günahları danılmazdır. Fariz Namazlı bununla bağlı əsaslı vəsatət vermişdi. Həkimlərin ətraflı dindirilmələrinə nail olmalıyıq”.
Zərərçəkmiş tərəfin vəkili Fariz Namazlı da açıqlama verdi: “Təqsirləndirilən şəxslərdən ikisi ifadə verdi. Onlar bildirdilər ki, hadisədən xəbərləri olmayıb, Elşən İsmayılov onlara məlumat verməyib. Arif Əliyev istintaqda etiraf edib ki, məqsədləri Rasim Əliyevi cəzalandırmaq olub. Kənan Mədətov istintaqda verdiyi ifadənin əksini məhkəmədə dedi. Guya Bayıla çay içmək üçün gedib. Bildirdi ki, istintaqdakı ifadə onun deyil. Təbii ki, bu, təqsirləndirilən şəxsin müdafiə taktikasıdır. Onların məhkəmədə verdikləri ifadələr məsuliyyətdən yayınmaq üçündür. İfadələr arasında ciddi ziddiyyət var. Bu gün ifadə verən şəxslərin ikisi də ibtidai istintaqda verdikləri ifadələri qəbul etmədilər. Amma ən azından istintaq bitəndə ifadələrlə tanış olublar, razı olmasaydılar, vəsatət verərdilər”.
Təqsirləndirilən şəxs Kənan Mədətovun anası İlhamə Mədətova üzünü jurnalistlərə tutaraq, onları birtərəfli yazmaqda ittiham etdi. Məhbus anası oğlunun şərləndiyini bildirdi: “Kənan bildirdi ki, ibtidai istintaqdakı ifadələr ona məxsus deyil. Yazılı şəkildə bu ifadələrdən imtina etdi. Bildirdi ki, məhkəmədəki ifadələri düzgün hesab edir. Biz istintaqın belə getdiyini görüb vəkili dəyişdik. Hətta oğlumun adından belə sənədə qol çəkiblər. Oğlum insan ölümünə çox təəssüflənir. Kənan ora çay içmək məqsədilə gedib. Heç kəsi vurmayıb, hətta aralamağa çalışıb. Övladımın 21 yaşı bu gün tamam olur. Deyirlər ki, niyə yardım göstərməmisən. Mərhum döyülən kimi qaçıb. Oğlum onun arxasınca necə qaçmalı idi? Burada həkim səhlənkarlığı əsasdır. Ölkə prezidentindən, xarici təşkilatlardan işin düzgün aparılmasını tələb edirəm. Necə ki, zərərçəkmiş anadır, mən də anayam. Oğlumun günahsız yerə cəza çəkməsinə razı olmayacam. Mən elə övlad böyütməmişdim ki, kimisə öldürsün. Ekspertiza rəyi, kameradan hər şey görünür. Uşaq ona əli ilə də toxunmayıb”.
Növbəti məhkəmə prosesi 19 yanvar saat 10:30-a təxirə salınıb. Proses təqsirləndirilən şəxs Samir Mustafayevin ifadəsilə davam edəcək.
Cia.az
