Türkiyənin Diyarbəkr vilayətinin Çinar rayonunda polis idarəsi partladılıb. Musavat.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, PKK-çılar bomba yüklü maşınla polis idarəsinə hücum təşkil ediblər. Bundan sonra bina minaatan və avtomatlarla atəşə tutulub.
Cavab atəşi açan polislərlə PKK-çılar arasında atışma baş verib. Atışmada 36 nəfər yaralanıb.
İndiyə qədər dağıntılar altından bir qadın, bir uşaq cəsədi çıxarılıb. Ölənlərin sayının 5 nəfər olduğu bildirilir. Hadisə yerinə gedən əsgər maşınının isə yolunda yerə döşənmiş mina partlayıb. Partlayış nəticəsində ölən və yaralananın olub-olmaması barədə məlumat yoxdur.
Qeyd edək ki, son günlər Türkiyədə terror aktları artıb. Az qala hər gün PKK və İŞİD tərəfindən bu cür aktlar həyata keçirilir. PKK-nın bu qədər fəallaşmasında HDP sədri Səlahəddin Dəmirdaşın dekabrda reallaşan Moskva səfərinin rolu varmı? PKK və digər terror qruplarının aktivləşməsində Rusiya amili rol oynayırmı?
Politoloq Şahin Cəfərli Türkiyədəki son terror hadisələrində xarici qüvvələrin barmağının olmasına şübhə etmir: “Baş nazir Əhməd Davudoğlunun verdiyi açıqlamaya diqqət etdikdə də bu əminlik yaranır. Davudoğlu əlindəki kəşfiyyat məlumatları əsasında İŞİD-in Sultanəhməd meydanındakı terroru məhz başqa qüvvələrin sifarişi ilə törətdiyini və pərdə arxasında ”təsirli aktyorlar"ın dayandığını söyləyib. Baş nazirin “təsirli aktyorlar” dedikdə hansısa dövləti və ya dövlətləri nəzərdə tutduğu aydındır. Hazırda regionda - konkret Suriyada və İraqda maraqları Türkiyənin maraqları ilə toqquşan əsas dövlətlər İran və Rusiyadır. Əsəd rejimini və İraq hökumətini də bu sıraya əlavə etmək olar, amma Davudoğlunun Bağdad və Şamı “təsirli aktyor” kimi qiymətləndirməsi ehtimalını zəif sayıram.
Əlimizdə fakt olmadan kimisə ittiham etmək doğru deyil, lakin İŞİD-dən və digər qruplardan Türkiyənin maraqlarına qarşı alət kimi istifadə edən pərdə arxasındakı güclərin İranın və ya Rusiyanın xüsusi xidmət orqanları olduğu yönündə təxmin yürütmək mümkündür. İlk baxışdan bu, ciddi versiya kimi görünməyə bilər, çünki hər iki dövlətin İŞİD-ə qarşı sərt və barışmaz mövqeyi hamıya bəllidir, xüsusən məzhəbçilik nöqteyi-nəzərindən İranı qatı düşmən gözündə görən İŞİD-in bu dövlətlə hər hansı işbirliyini təsəvvür etmək çox çətindir. Lakin terror təşkilatlarının fəaliyyətində sifarişlə iş görmək və bunun əvəzində pul almaq, silah və digər zəruri vasitələr əldə etmək praktikası geniş yayılıb. Hətta onlar çox vaxt əsl sifarişçinin kim olduğunu da bilmirlər və bunu dəqiqləşdirməyə ehtiyac duymurlar. Xüsusi xidmət orqanlarının praktikasında isə ən müxtəlif illeqal qruplardan müxtəlif məqsədlər naminə yararlanmaq praktikası çoxdan mövcuddur. Bu baxımdan məxfi xidmət strukturlarının, yaxud onların bölgədəki özəklərinin İŞİD-dən və digər terror qruplarından yararlanması uzaq ehtimal deyil".
PKK-ya gəldikdə isə Ş.Cəfərli dedi ki, son vaxtlar bu terror təşkilatının fəallaşmasını və Türkiyəyə qarşı hərəkətə keçməsini də təsadüf kimi qiymətləndirmək olmaz: “PKK-nın öz strategiyasını həyata keçirməklə bərabər, bölgədə marağı olan bəzi kənar qüvvələrin sifarişlərini də yerinə yetirdiyini qeyd etmək lazımdır. Xarici dairələrin PKK-nı zaman-zaman Türkiyəyə qarşı istifadə etməsi sirr deyil. Regional rəqabətin kəskinləşdiyi hazırkı şəraitdə bu sınanmış vasitəyə əl atılmayacağını düşünmək sadəlövhlük olardı. Həmin xarici qüvvələrin sırasında Rusiya kəşfiyyatının olması da istisna deyil. Prezident Putinin ”Türkiyə təkcə pomidorlarla canını qurtara bilməyəcək" sözlərini yaddan çıxarmayaq. Yəni Putin açıq işarə vurmuşdu ki, bizim Türkiyəyə qarşı addımlarımız təkcə iqtisadi sanksiyalarla məhdudlaşmayacaq. Güman etmək olar ki, bu addımların sırasına Suriyadakı kürd qruplaşması PYD (YPG) ilə bərabər, PKK-ya dəstək də daxildir. Əsas məqsəd budur ki, Türkiyənin başı mümkün qədər öz içərisindəki problemlərə qarışsın və regional məsələlərə müdaxilə gücü və imkanları zəifləsin. HDP sədrinin Moskva səfərindən sonra PKK-nın aktivləşməsi də təsadüfi deyil".
Ş.Cəfərlinin sözlərinə görə, Türkiyənin müvafiq dövlət strukturları terrora qarşı mübarizədə böyük təcrübəyə malik olsa da, aparılan mübarizənin effektivliyi sual doğurur: “Onların xüsusən Yaxın-Ortaq Şərq mənşəli terrora hazırlıqlı olmadığı ortaya çıxıb. PKK-ya qarşı mübarizədə ixtisaslaşan Türkiyə hüquq-mühafizə və kəşfiyyat orqanları İŞİD kimi əsasən ”canlı bomba" metodu ilə terror aktları həyata keçirən “gənc” və dinamik terror qruplaşmaları ilə preventiv mübarizədə hələlik axsayır. Digər tərəfdən, Suriya münaqişəsi başladıqdan bəri bu ölkə ilə sərhəd xəttinin qarşı tərəfində dövlət nəzarətinin tamamilə aradan qalxması, sərhədin Türkiyə tərəfində isə nəzarətin zəifləməsi, eyni zamanda ölkənin ciddi miqdarda köç qəbul etməsi Türkiyə üçün mühüm problem yaradan faktorlardır. Bu şəxslərin hamısını nəzarətdə saxlamaq, onları gündəlik izləmək, “hücrə evi” şəklində konspirativ mənzillərdə yaşayaraq terror aktları planlaşdıran kiçik qrupların varlığından xəbərdar olmaq və onları ifşa etmək asan məsələ deyil. Türkiyə hazırda bu çətinliyi yaşayır".
Cia.az
