|
Balıqovlama biletlərinin hüquqi qüvvəsi iki ay uzadıldı

Sənaye balıq ovunun fasiləsiz davam etdirilməsi ilə bağlı hüquqi və fiziki şəxslər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə çoxsaylı müraciətlər daxil olub.

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, Nazirlik sənaye balıq ovunun fasiləsiz davam etdirilməsini və balıqçılar tərəfindən texniki sənədlərin, eyni zamanda qanunvericiliklə müəyyən edilmiş ov alətlərinin alınması və qaydaya salınması üçün vaxt tələb olunduğunu nəzərə alaraq 2015-ci ildə hüquqi və fiziki şəxslərə verilmiş balıqovlama biletinin hüquqi qüvvəsinin iki ay müddətinə uzadılması barədə qərar qəbul edib.

Virtualaz.org xatırladır ki, bir neçə gün əvvəl səhər saatlarında Neftçalanın əsasən Qoltuq və dənizkənarı ətraf kəndlərinin 500 nəfərə yaxın sakini Neftçala- Salyan avtomobil yolunu 2 saata yaxın bağlayaraq etiraz aksiyası keçirmişdi. Dolanışığı dənizdəki balıq ovundan çıxan bu kəndlərin sakinləri son günlər həm də balıqovlama biletlərinin müddəti bitdiyindən ETSN tərəfindən balıq ovuna buraxılmamalarından narazılıq etmişdilər...

Cia.az