Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Eldar İsmayılov sədrlik edib.
Cia.az-ın məlumatına görə, Virtualaz.org saytının prosesdə iştirak edən əməkdaşı xəbər verir ki, məhkəmədə təqsirləndirilən Kənan Mədətov ifadə verib. O bildirib ki, 3 ildir Elşən İsmayılovla dostluq edir. Hadisə baş verən gün Elşən onu Bayıla çay içməyə dəvət edib: “Elşəni Bayıla maşınımla mən aparmışam. Ora çatanda Elşən sonradan adını bildiyim Rasim adlı şəxsə yaxınlaşıb “sən idin məni söyən” deyə soruşdu. O da dedi ki, əcəb edib söymüşəm. Sonra dava düşdü. Rasim yerə yıxıldı. Mən uşaqlara "vurmayın" dedim. Hadisə 5-10 saniyənin içində baş verdi”.
Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini təkzib etdi: “Mənim bu gün 21 yaşım tamam olur. Özümü cinayəti bilib xəbər etməməkdə təqsirli bilirəm. Bu hadisə mənə çox pis təsir etdi. Sonra Bibiheybət məscidinə gedib namaz qıldım”.
Digər təqsirləndirilən şəxs Arif Əliyev də ifadəsində Bayıla çay içməyə getdiklərini dedi: “Elşən dedi ki, telefonda Rasim məni söyüb. Bayıla çatan kimi Elşən Rasimi vurdu. Həmin vaxt yerə telefon düşmüşdü, mən həmin telefonu götürdüm. Rasimin öldüyü barədə səhəri gün xəbər tutdum”.
Zərərçəkmişlər isə təqsirləndirilən şəxsləri yalan danışmaqda günahlandırdı.
Proses yanvarın 19-dək təxirə salınıb.
Xatırladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev facebookda futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust, 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada vəfat edib.
Bununla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilib. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.
C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb olmuş futbolçu, “Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərin işindən ayrılıb.
Cia.az
